Yuxarı

Kredit məhbusları artır

Kredit məhbusları artır

Səməd Vəkilov: “Borca görə vətəndaşın həbs olunması qadağandır”

Akif Nəsirli: “Hökumət bu problemi həll etməsə, sosial partlayış olacaq”

Kredit borcuna görə banklar və müştərilər arasında yaranan problemlər getdikcə daha da kəskinləşir. Xüsusilə ikinci devalvasiyadan sonra dollar kreditlərində yaranan problemlər bəzi borcluların həbsilə nəticələndi. Kredit ödənişlərini uzun müddət gecikdirən bank müştəriləri həbs olundu və bu sosial durumu ağırlaşan vətəndaşlar tərəfindən ciddi etirazlarla qarşılandı. Ekspertlərdə dollar kreditlərində yaranan problemlərin həllinin müştərilərin həbsdən keçmədiyini dəfələrlə vurğuladılar. İqtisadçılar qeyd edirdilər ki, devalvasiyadan sonra yaranan fərq dövlət tərəfindən kompensasiya olunmalıdır. Əks halda, bu problemlərin həlli mümkün olmayacaq və problemli kreditlərin həcmi getdikcə daha da artacaq. Bu günlərdə isə “Unibank”ın müştərisinin həbs olunması xəbəri cəmiyyətdə etirazla qarşılandı. Qeyd edək ki, həbs olunan müştəri haqqında bir müddət öncə də mediada məlumatlar yayılmışdı və həmin məlumatlarda “Unibank”ın müştərisinə “get böyrəyini sat, gətir borcunu qaytar” dediyi bildirilirdi. Bu günlərdə isə həmin müştərinin həbs olunması xəbəri yayıldı. Bununla bağlı məlumatı isə həbs olunan 38 yaşlı işsiz ailə başçısı Mübariz Bayramovun hüquqlarını müdafiə edən vəkil Əkrəm Həsənov verib. Bu məsələdə maraqlı məqam isə ondadır ki, bir müddət öncə hökumət banka borcu olan vətəndaşların həbs olunmasını qadağan edən qərar qəbul etmişdi. Ancaq son baş verən həbs bu qərarı şübhə altına alır.

Həbs bir halda mümkündür...

Məsələnin hüquqi tərəfini  “Cümhuriyət”ə şərh edən hüquqşunas Səməd Vəkilov bildirib ki, Azərbaycan qanunvericiliyi borca görə həbs olunmanı qadağan edir. Onun sözlərinə görə, 2002-ci ildə Beynəlxalq Konvensiyaya qoşulmuşuq və onun şərtlərinə görə, borca görə həbs mümkün deyil: “Ümumiyyətlə, Azərbaycan Beynəlxalq Konvensiyaya qoşulub və 4 saylı protokolun 1-ci bəndində isə yazılıb ki, borca görə həbs qadağandır. Burada ancaq bir yolla həbs mümkündür. Əgər məhkəmənin qətnaməsi varsa və müştəri həmin qətnamənin tələblərini yerinə yetirməkdən qərəzli şəkildə boyun qaçırırsa, o zaman həmin şəxs barəsində inzibati həbs seçilə bilər. Amma, ümumiyyətlə, borca görə heç kimi həbs etmək mümkün deyil. Biz Beynəlxalq Konvensiyaya üzv olduqdan sonra borca görə həbs etməməklə bağlı öhdəlik götürmüşük. Bu Beynəlxalq Konvensiyanın tələbidir və Azərbaycan Konstitutsiyasının 151-ci maddəsində də göstərilir ki, Beynəlxalq Konvensiyanın tələblərinə birmənalı olaraq əməl olunmalıdır”.

“Vətəndaşın imkanı yoxdursa...”

İqtisadçı-ekspert Akif Nəsirlinin sözlərinə görə, isə borca həbslər hər bir halda qanunsuzdur. O, hesab edir ki, müştərinin pulu olsa, məhkəmənin qərarından öncə də borcunu ödəyərdi: “Azərbaycanda qanunların işləməməsi ilk hal deyil. Bu cür hallar ölkədə kifayət qədər geniş yayılıb. Azərbaycanda əksər banklar oliqarxların “pul kisəsi”dir. Ordan kredit götürüb ödəməyən, təsəvvür edin ki, həmin oliqarxın pulunu alıb qaytarmır. Məhkəmə qərarı hökmdür və o hökm yerinə yetirilməlidir. O, Azərbaycan dövləti adından çıxarılmış bir qərardır. Amma məsələ burasındadır ki, bu hökmün icrası üçün vətəndaşın imkanı olmasıdır. Vətəndaşın imkanı yoxdursa, o, niyə həbs olunmalıdır? Bu tamamilə qanuna ziddir. Məhkəmin həbs qərarı qərəzlidir. Vətəndaşın imkanı yoxdursa və o, ödəniş eləmirsə, deməli, vətəndaş məhkəmənin qərarına qarşı qərəzli mövqedə deyil. Ümumiyyətlə, Azərbaycanda banklara borc kütləvi şəkildədir. Bu borc da Azərbaycan hökumətinin iqtisadi siyasətinin nəticəsidir. Ona görə də Azərbaycan hökuməti bu məsələni köklü şəkildə həll etməlidir. Banka olan borcları kimlər qərəzli şəkildə qaytarmırsa, o şəxslər araşdırılmalıdır. Bu istiqamətdə hökumət konkret qərar verməlidir. Hökumət bu qərarı verməsə, bunun ciddi sosial nəticələri olacaq. Bu məsələ uzandıqca artıq sosial problemə çevrilir. Bu cür problemlər vətəndaşları hökumətdən narazı salır. Ona görə də hesab edirəm ki, bu borcların müəyyən qismi bağışlanmalı, müəyyən qismi də güzəştli şəkildə ödənilməlidir”.

“Hökumət kompensasiya verməlidir”

A.Nəsirli hesab edir ki, bu problemin həlli yalnız kompensasiyadan asılıdır. Onun sözlərinə görə, əgər hökumət bu cür problemləri həll etməsə, o zaman sosial narazılıq yaranacaq: “Azərbaycan hökumətinin dollar kreditlərinə kompensasiya ödəmək imkanı var. Bu o qədər də aşırı dərəcədə böyük məbləğ deyil. Bu məbləği büdcədən kompensasiya ödəmək olar. Bununla da sosial problem tam olaraq aradan qalxar. Digər tərəfdən baş verənlər vətəndaşların Azərbaycan banklarına qarşı etibarını azaldır. Artıq heç kim banklarda pul saxlamaq istəmir. Kimin ehtiyyat pulu varsa onu dollara çevirib yastığın altına qoyur. Bu da hazırki valyuta qıtlığına təsir edir. Bu problemi aradan qaldırmaqla etimadı bərpa etsələr, Azərbaycan vətəndaşlarının yastıq altında yatan külli miqdarda dolları dövriyyəyə qayıdar. Kim banka etibar etsə, dollarını evdə saxlayar? İlk növbədə evdə pul saxlamaq təhlükəlidir və evdə saxlanan pul heç vaxt artmır. Amma bank daha etibarlıdır və banka qoyulan pulun üstünə faiz gəlir. Bu köklü problemdir və bunu yalnız dövlət aradan qaldıra bilər”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları