Yuxarı

26 illik çöküşdən sonra…

26 illik çöküşdən sonra…

Subsidiyalar tütünçülüyün inkişafına yardım edəcəkmi? Elçin Bayramlı: “Əleyhinə təbliğat aparıb bu sektoru ləğv etdilər, əvəzində özləri bütün dünyaya siqaret satırlar” Əvvəllər respublikanın kənd təsərrüfatı sahəsində əhəmiyyətli yerə malik olmuş sahələrdən biri sayılan tütünçülük tənəzzül dövrünü yaşayır. Ötən əsrin sonlarından etibarən bu sahəyə diqqətin azalması, əhalinin də bu sahəyə marağının itməsinə səbəb olub. Artıq aqrar bölmənin aparıcı sahələrindən olan tütünçülük və tütün emalı sənayesinin inkişaf etdirilməsi üçün ölkə başçısı Azərbaycanda tütünçülüyün inkişaf etdirilməsinə dövlət dəstəyi haqqında yeni Sərəncam imzalayıb. Sərəncam ölkədə tütünçülüyün inkişafına dövlət dəstəyini gücləndirmək, bu sahənin potensial imkanlarından səmərəli istifadə etmək, rəqabət qabiliyyətini yüksəltmək və tütün istehsalı ilə məşğul olan əhalinin sosial rifahını daha da yaxşılaşdırmaq məqsədilə verilib. Qeyd edilir ki, emal müəssisələrinə satılmış quru tütünün hər 1 (bir) kiloqramına, yaş tütünün isə hər 10 (on) kiloqramına görə tütün istehsalçılarına 0,05 manat məbləğində subsidiya verilir. Sərəncamın 1.1-ci bəndi ilə nəzərdə tutulan subsidiya 2016-cı ildə istehsal olunub emal müəssisələrinə satılmış quru və yaş tütünə də şamil edilir. Sərəncamdan irəli gələn digər məsələləri həll etmək üçün Nazirlər Kabinetinə iki ay vaxt verilib. İri şirkətlər bu sahədən milyardlar qazanır Maraqlıdır, ayrılan subsidiyalar tütünçülüyün dirçəlməsinə kömək edəcəkmi? “Altay” Araşdırma Mərkəzinin rəhbəri, iqtisadçı Elçin Bayramlı “Cümhuriyət”ə açıqlamasında iqtisadiyyatın ən gəlirli sahələrindən biri tütünçülük olduğunu bildirib. O qeyd edib ki, vaxtilə Azərbaycan bu sahədən böyük gəlirlər əldə edib: “Böyük tütün fabriklərində istehsal olunan məhsul həm yerli bazara, həm də xarici ölkələrə ixrac edilib və bundan külli miqdarda gəlir əldə olunurdu. Azərbaycan 1990-cı illərdə iqtisadiyyatda tanınmağa başlayanda tütün sektoru da çökməyə başladı. Bunda bəzi beynəlxalq maliyyə təşkilatlarının xüsusilə, Dünya Bankının bu işdə böyük rolu olub. Belə ki, Dünya Bankı Azərbaycana kredit verəndə tələb qoymuşdu ki, tütün sektoru ləğv olunsun. Bəhanə də gətirirdi ki, dünyada tütünçülüyə qarşı mübarizə aparılır, sağlamlığa zərərdir və.s. O dövrdə Azərbaycan ağır şərtlər altında olduğundan kredit almağa məcbur idi. Ona görə də Azərbaycan hökuməti bu tələblə razılaşmalı oldu.Amma həmin dövrdə Amerika tütün istehsalını və ixracını iri addımlarla genişləndirdi, demək olar ki, tütün sektorunda monopoliya yaradıb. Təkcə Azərbaycanda yox, başqa ölkələrdə də tütünçülüyün əleyhinə mübarizə aparıb bu sektoru ləğv etdilər, əvəzinə özləri bütün dünyaya siqaret satırlar. Siqaret satışı dünyada ən gəlirli sahələrdən biridir. İri tütün şirkətlərinin illik gəlirləri rəsmi 200 milyard dollar təşkil edir”. İqtisadçının qənaətincə, Azərbaycanda elə şərait yaranıb ki, tütünçülük tamamilə idxal məhsulları hesabına ödənilir: “Ölkənin şimal-qərb rayonlarında az miqdarda tütün əkilir. Hansısa səbəbdən yerli fabrik yerli xammalı qəbul etmir. Ehtimal ki, bu, xarici şirkətlərlə danışıq əsasında atılmış addımdır. Yerli əkinçilər də məcbur olub bunu qonşu Gürcüstana ucuz qiymətə satır. Deməli, tütün məhsullarının idxalına görə Azərbaycandan külli miqdarda valyuta çıxır. Regionlarda tütün sahələrinin bərpa olunması çoxlu iş yerləri yaradacaq, kənd əhalisinin məşğulluğunu təmin edəcək, həm də ölkəyə gəlir gətirəcək, eyni zamanda ölkədən valyuta çıxışını azaldacaq. Əvvəla tütün əkinləri genişləndikcə fabriklər yaradıb xaricdən tütün asılılığına tamamilə son qoymaq olar. Türkiyə istisna olmaqla yaxın ölkələrdə tütün becərilmir. Azərbaycan keyfiyyətli tütün istehsal edib siqaret məhsulları ilə MDB ölkələri arasında bazara çıxa bilər. 50 qramlıq siqaret 10 kiloqram meyvənin qiymətindədir. Bu, böyük gəlir vəd edən perspektivli sahədir. Ümidvaram ki, bu sərəncamla tütün sahələrinə subsidiyaların verilməsi həmin əraziləri stimullaşdıracaq. Hansı ki, o ərazilərdə yerli tütündən əlavə xarici məhsulları da əkmək mümkündür. Bu təcrübə əvvəllər tətbiq olunub”. Elçin Bayramlı onu da vurğulayıb ki, tütün əkinləri artırılarsa, Azərbaycan həm çoxlu gəlir əldə edəcək, həm də daxili bazarda asılılığı aradan qaldıracaq: “İndiki dövrdə buna çox böyük ehtiyac var. Fakt tütünçülüyü ləğv etməklə göründü ki, ondan istifadə edənlər azalmadı, əksinə artdı. Siqaretin qiyməti bahalaşdı. Amma yerli tütün olsa, birinci, ölkədə ucuzluq yaranacaq, ikinci, xaricə valyuta çıxmayacaq, üçüncü, yerli istehsalçılar pul qazanacaq. İqtisadiyyatın qeyri-neft sektorunda qısa müddətdə nəticə verən potensiallı sahələri üzümçülük, pambıqçılıq və tütünçülükdür. Son vaxtlar hökumət bu sahələrə diqqət ayırır. Hesab edirəm ki, yaxın illərdə bu sahədə böyük inkişaf əldə olunacaq. Köhnə təcrübə var, əkin üçün torpaq sahələri var, işçi qüvvəsi də həmçinin. Ən əsası böyük bazarlar var. Azərbaycan üçün tütünçülük qeyri-neft sektorunda ən strateji sahələrdən biridir”. “Fermer görəndə ki, dövlət yardım edir...” Ayrılan subsidiyalara gəlincə, iqtisadçı qeyd edib ki, əsas məsələ torpağın sahibinin kim olması yox, həmin torpaqda kimin istehsalla məşğul olmasıdır: “Subsidiya məhsulu istehsal edənə verilməlidir. Təbii ki, əgər icarəyə götürüb əkilən sahədə gəlir varsa, onda əkinçi daha çox torpaq icarəyə götürəcək. Sabah torpaq sahibi görəndə ki, dövlət yardımlar ayırır, o, torpağını icarəyə verməyəcək, özü əkəcək. Torpaqda gəlir varsa, mütləq kimsə ondan istifadə edəcək. Hökumətin əsas məqsədi odur ki, istifadəsiz və boş torpaqlar qalmasın. Nəticədə ölkədə məhsul bolluğu yaranır. Təklif edərdim ki, yardımlar, subsidiyalar hektara görə yox, məhsulun həcminə görə müəyyənləşdirilsin. Hektara ayrılan subsidiya düzgün deyil. Sahibkar var 10 hektar əkin sahəsində başdansovdu əkdiyi üçün 1 ton məhsul götürür. Amma sahibkar da var ki, eyni torpaq sahəsindən ondan dəfələrlə artıq məhsul götürür. Torpağa aqrotexniki qulluq göstərmək üçün xərc çəkən fermer daha çox məhsul götürür. Daha çox məhsul götürənə daha çox subsidiya veriləndə onun xərclərinin müəyyən hissəsi ödənmiş olur. Dövlət getdikcə fermerlərə maddi dəstəyi artırır. Kənd təsərrüfatı texnikaları artır. Nəticədə iri miqyasda məhsul əkənlərin məhsulunun tez yığılması üçün texniki bazası olur. Bu, həmçinin fermerlərə məhsulu itkisiz yığmağa imkan verir. Əvvəllər texniki baza yox idi, fermerlər çətinlik çəkirdi. Hesab edirəm ki, pambıqçılıq, tütünçülük və üzümçülük Azərbaycana neft sektorundan daha çox gəlir verə bilər”. Qeyd edək ki, dünyada tütündən istifadə səbəbindən hər il təxminən 5,4 milyon insan ölür. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, 2030-cu ilə qədər ölənlərin sayının 8 milyondan çox olacağı gözlənilir. Hesablamalara görə, XX əsrdə tütün 100 milyon insanın ölümünə səbəb olub. XXI əsrdə isə tütündən 1 milyard insanın dünyasını dəyişəcəyi proqnozlaşdırılır. Təşkilat hesablayıb ki, 2030-cu ilə qədər hər il bu rəqəm dünyada 10 milyon nəfərə çatacaq. Tütündən istifadənin getdikcə artmasına, dünya səviyyəsində insan sağlamlığının təhlükəli həddə çatmasına və tütün şirkətlərinin bazar yaratma strategiyalarına qarşı ÜST-nin 56-cı Ümumdünya Səhiyyə Assambleyasında 21 may 2003-cü il tarixdə bu mövzuda ilk millətlərarası razılaşma xüsusiyyətlərini daşıyan “Tütünə qarşı mübarizə haqqında” ÜST-nin Çərçivə Konvensiyası imzalanıb. Azərbaycan 2005-ci ilin 01 noyabr tarixində sənədi ratifikasiya edib. 2011-ci ildə isə ölkədə tütünə qarşı mübarizə üzrə milli strategiya layihəsi hazırlanıb. Ancaq bütün bunlara baxmayaraq, ölkəmiz tütün istehlakının inkişafında təkanverici addımlar atır. Yeganə Oqtayqızı