Yuxarı

Əmanətlərin qaytarılması problemə çevrilib

Əmanətlərin qaytarılması problemə çevrilib

Banklar, sığorta şirkətləri öz havalarına oynayırlar Natiq Cəfərli: “Yarıtmaz idarəçilik vətəndaşları əziyyətə salır” Bankların lisenziyası ləğv edildikdən sonra əsas narahatçılıq keçirənlər həmin bankda əmanətləri olan şəxslərdir. Bu da Azərbaycan üçün təbii haldır. Çünki əhalinin artıq banklara heç bir inamı qalmayıb. Bu səbəbdən də bank haqqında bağlanma qərarı çıxdıqdan sonra əmanətçilər həmin banklara axın edirlər. Bu da müəyyən bir ajiotaja səbəb olur. Biz “Bank Standart”ın timsalında ötən gün şahidi olduq. Əslində sığortalanan əmanətlərin geri qaytarılmasında adətən, heç bir problem yaşanmır. Həmin əmanətlər hər bir halda vətəndaşa geri qaytarılır. Ancaq bu cür problemlərin yaranması sistemsiz idarəetmədə olan problemlərdir. Sistemsiz idarə olunan bankların da problemləri günü-gündən artır və nəticədə müflis olmaqla üzləşirlər. Əsas problemlər əmanətlərin sığortalanmayan hissəsində yaşanır ki, bunun da həllinin tez bir zamanda baş verəcəyi heç də inandırıcı görünmür. Burada əslində əmanətçilərin də səhlənkarlığı var. Digər tərəfdən isə sığorta şirkətləri öz öhdəliklərini tam şəkildə yerinə yetirmirlər. Demək olar ki, bütün bank əməliyyatlarında iştirak edən və külli miqdarda vəsait əldə edən sığorta şirkətləri müştərinin hər hansı bir problemlə üzləşdiyi zaman kənarda dayanmağı seçirlər. Diqqət yetirək görərik ki, bu günə qədər istər əmanətlərdə, istərsə də kreditlərdə baş verən problemlərin heç birində sığorta şirkətləri iştirak etməyib. Bu da əslində qanunvericilikdə olan problemlərin nəticəsidir ki, sığorta şirkətləri öz məsuliyyətini tam olaraq yerinə yetirmirlər. İqtisadçı-ekspert Natiq Cəfərli  “Cümhuriyət”ə şərhində bildirib ki, əmanətlərin qaytarılmasında yaranan problemlər xüsusi mexanizmin olmamasından irəli gəlir. O, əlavə edib ki, hal-hazırda idarəçilikdə olan problemlər də bu məsələnin həllini mümkünsüz edir: “Əmanətlərin geri qaytarılmasının müxtəlif yolları var. Doğrudan da banklar əmanətləri öncədən tam şəkildə və yaxud da lisenziyası ləğv edildikdən sonra xüsusi mexanizmlərlə ödəməlidir. Təkcə baş ofis vasitəsilə deyil, filialların da iştirakı ilə xüsusi mexanizmlər yaratmaq olar. Bu yaş qruplarına, depozitlərin müddətindən asılı olaraq fərqləndirmələrlə bunu daha rahat şəkildə həll etmək mümkündür. Belə bir mexanizm hazırlanmalı idi və bu mediada, televiziya kanallarında ictimaiyyətin diqqətinə çatdırılmalı və əhali arasında bir güvən yaradılmalı idi. Daha sonra bu prosesə başlanılmalı idi. Amma hal-hazırda əmanətlərin qaytarılmasında yaranan problemlər idarəçilikdə olan boşluqların nəticəsidir. Qərarlar verilərkən insanların buna münasibəti hesablanmır. Son dövrlər banklara olan inamın azalması nəticəsində əmanətçilər tez bir zamanda öz əmanətlərini geri çəkməyə çalışırlar. Bunun zərərləri isə yenə də vətəndaşa dəyir. Vətəndaş psixoloji əziyyət çəkir həm əmanətlərin geri çəkilməsində, həm də mənəvi gərginlik yaşayır. Primitiv vasitələrlə növbələrin yaradılması artıq XX əsrdə qalıb. XXI əsrdə internet dönəmində, onlayn şəkildə növbələrin yaradılması mümkün olan dövrdə bu cür primitivlik kimə lazımdır? Bu məsələnin çözülməsində o qədər sadə mexanizmlər var. Sadəcə olaraq bununla işləməyi bacaran bir komanda və düzgün qərarlar verən bir qurum lazımdır”. Sığortalanmayan əmanətlərin geri qaytarılmasında yaşanan problemlərə də toxunan ekspert vurğulayıb ki, banklarda kifayət qədər sığortalanmayan əmanətlər var. N.Cəfərli qeyd edib ki, bu məsələnin həlli kütləvi məhkəmə şikayətlərindən keçir: “Əslində sığortalanmayan əmanətlərin geri qaytarılmasında çox ciddi problemlər var. Təkcə “Bank Standart”da 80 milyona yaxın sığortalanmayan əmanət var. O əmanətlərin geri qaytarılması isə müşkülə çevrilib. Düşünürəm ki, vətəndaşların sığortalanmayan əmanətlərinin geri qaytarılmasında çox ciddi çətinliklər olacaq. Banklar bu məsələdə qanunvericiliyə görə haqlı çıxa bilərlər. Çünki vətəndaşlar banklarda onlara təklif edilən müqavilələrə baxmadan, oxumadan imzalayır. Bu imzanın nəticəsində də banklar vətəndaşları öncədən xəbərdarlıq etdiklərini bəyan edir və özünü təmizə çıxarır. Amma problem yerində qalır. Düşünürəm ki, bununla bağlı ya hökumət bir qərar verməlidir ancaq bununla bağlı hələ ki, heç bir qərar gözlənilmir. Ya da ki, vətəndaşlar öz hüquqlarını müdafiə etmək üçün kütləvi şəkildə məhkəmələrə müraciət etməlidirlər. Hesab edirəm ki, məhkəmələrə kütləvi şəkildə müraciətlər olsa, bu hökuməti də hərəkətə gətirər. Bu hökuməti sığortalanmayan əmanətlərin geri qaytarılmasında müəyyən addımları atmağa sövq edə bilər. Amma belə olmadığı halda təəssüf ki, sığortalanmayan əmanətlərin geri qaytarılması mümkünsüz görünür”. “Qanunda boşluqlar var” Sığorta şirkətlərinin yarıtmaz fəaliyyətini isə N.Cəfərli qanunvericilikdə olan boşluqlarla əlaqələndirib. Onun sözlərinə görə, hüquqçular bununla bağlı ciddi işlər aparmalıdır ki, hökumət hərəkətə keçsin: “Bu günə qədər sığorta şirkətlərinin kredit məsələsində iştirakı bir formallığa çevrilib. Amma bunun müqabilində sığorta şirkətləri kifayət qədər vəsait qazanırlar. Burada maraqlı bir nüans odur ki, bankların bir çoxunun öz törəmə sığorta şirkətləri var. Hər bir bank özünə aid sığorta şirkətlərində kreditləri sığortalayırdı və bu formallıq müqabilində müştəridən kifayət qədər sığorta haqqı tutulurdu. Heç bir əməliyyat, ödəniş etmədən sığorta şirkətləri milyonlarla vəsait qazanıblar. Bu günə qədər isə sığorta şirkətlərinin heç bir kredit işində məsuliyyəti təsbit olunmayıb. Əslində bu hüquqçuların daha çox üstünə getməsi lazım olan bir məsələdir. Bununla bağlı çox ciddi bir kampaniya başlamaq lazımdır. Hüquqçular, vəkillər sığorta şirkətlərinin bu öhdəliklərini məhkəməyə daşımalıdırlar. Məhkəmə qərarları olsa və bir presedent yaransa, düşünürəm ki, sığorta şirkətləri də hərəkətə keçə bilər. Sadəcə burada ikinci problem ondan ibarətdir ki, sığorta şirkətlərinin özlərinin durumu o qədər də ürəkaçan deyil. Kütləvi şəkildə bu cür qərarlar çıxsa, sığorta şirkətlərinin hər an müflisolma ehtimalı gündəmə gələcək. Digər bir məsələ isə müflis haqqında qanunda boşluqların olmasıdır. Bir çox ölkələrdə, hətta Rusiyada belə artıq bununla bağlı qərarlar verilib. Azərbaycanda da fiziki şəxslərin müflis olması prosedurları müəyyənləşdirilməlidir. Bu zaman mütləq sığorta şirkətlərinin də məsuliyyətləri nəzərə alınacaq”. Vilayət Muxtar Cebhe.info





Həftənin ən çox oxunanları