Yuxarı

Dövlət məmurları ixtisar edilir

Dövlət məmurları ixtisar edilir

Ölkədə işsizlərin sayı artır Natiq Cəfərli: “Bu addımlar sosial gərginliyi artıracaq” Ölkədə yaranan ağır iqtisadi böhran hökuməti ixtisarlara getməyə məcbur edir. Büdcə xərclərinə qənaət etmək üçün dövlət qurumlarında artıq ixtisarlara başlanılıb. İşsizliyin artdığı bir vaxtda uzun illər dövlət işində çalışaraq stabil maaş alan şəxslərin  işsiz qalması vəziyyəti daha da çətinləşdirir. Narazılıq getdikcə artır. Beynəlxalq təcrübədə var ki, hökumət  böhran vəziyyətində sosial siyasəti arxa plana keçirir və maliyyə resurslarını qorumağa çalışır. Ancaq ölkədə alternativ iş yerlərinin olmaması dövlət qurumlarından ixtisara düşən şəxslərin sosial problemlərini çətinləşdirəcək. Hökumətin apardığı bu siyasət nə dərəcədə doğrudur? “Ştatlar şişirdilmişdi” “Cümhuriyət”ə açıqlamasında  iqtisadçı-ekspert Natiq Cəfərli hökumətin bu cür addım  atmağa məcbur olduğunu vurğuladı. Onun sözlərinə görə, hökumətin proqramsız olaraq apardığı siyasət sosial gərginliyi artıracaq: “Azərbaycanda əmək bazarı neft pulları dövründə çox qeyri-normal inkişaf edib. 1 milyon 500 min muzdlu işçinin 900 mindən çoxu dövlət büdcəsi hesabına maliyyələşən qurumlarda işləyirlər. Bu çox böyük disbalansdır və doğru olmayan siyasətin nəticəsidir. Böyük həcmdə dövlət büdcəsinin yüklənməsi, həmin işdə çalışanların effektliyini də aşağı salır. Dövlət büdcəsindən maliyyələşən qurumlar və nazirliklər əlavə dəyər yaratmadan yalnız vəsait alırlar, ştatlar isə kifayət qədər şişirdilmişdi. Hökumətin indi bu yolu seçməsi isə artıq zərurətdən doğan haldır. Hökumət anlayır ki, xərcləri azaltmaq lazımdır və bunun yollarından biri də ixtisarlar məsələsidir. Amma bunun digər tərəfidə var ki, bu sosial gərginliyin artmasına xidmət edə bilər. Əhalinin böyük bir hissəsi bu sahələrdə çalışırsa və ixtisarlar getdikcə artacaqsa bu sosial gərginlik yaradacaq. Dünya praktikası göstərir ki, bizim kimi ölkələrdə büdcə xərclərinin ixtisarları, biznez mühitinin yaradılması proqramı ilə paralel aparılır. Heç olmasa ixtisara düşən insanların bir hissəsi biznes sahəsində özünü sınaya bilsinlər. Bizdə problem ondan ibarətdir ki, iqtisadi durumdan asılı olaraq ticarət dövriyyəsi və ticari aktivlik də aşağı düşüb. Xarici ticarət dövriyyəsi, idxal getdikcə azalır. Bunun nəticəsi olaraq qeyri-dövlət sahələrində də iş tapmaq kifayət qədər çətinləşib. Ona görə də bu məsələdə hökumət çox diqqətli olmalıdır. Biz anlayırıq ki, hökumət büdcə xərclərində kəsirlərə getməyə məcburdur. Çünki uzun illər dövlət qurumlarında ştatların şişirdilməsi prosesi gedirdi. Amma bununla paralel olaraq işdən azad olunan şəxslərin digər sahələrdə də iş tapa bilməməsi sosial gərginliyi artıracaq amillərdən biri olacaq. Məsələn, 2004-cü ildə Saakaşvili Gürcüstanda yeni hakimiyyətə gələndə büdcə təşkilatlarında ciddi ixtisarlar oldu. Böyük sayda insanlar işsiz qaldılar. Saakaşvili əleyhinə olan ən böyük müxalif yürüş də 6-7 aydan sonra Rustavi küçəsində məhz həmin şəxslər tərəfindən baş verdi. Bu məsələlərdə sosial gərginlik artmasın deyə çox diqqətli olmaq lazımdır. İşini itirən insanların digər sahələrdə özünü realizə etmək üçün biznes çevrələrinə ciddi güzəştlər, proqramlar həyata keçirilməlidir. Bunların baş verməsi təbii ki, sosial gərginliyin armasına səbəb olacaq”. “İxtisarlar olsa, ticarət dövriyyəsi aşağı düşəcək” Ekspert əlavə edib ki, bu ixtisarlar ticarət dövriyyəsinin də aşağı düşməsinə gətirib çıxaracaq. N.Cəfərlinin sözlərinə görə, hökumət kompleks tədbirlər görmür deyə, bütün addımlar əks effekt verir: “Burada ciddi məsələlərdən biri də həmin büdcə təşkilatlarında çalışanların bazar iqtisadiyyatını ayaqda saxlamalarıdır. Əhalinin böyük əksəriyyəti həmin qurumlarda çalışır və aldıqları əmək haqqını da gündəlik tələbatlarına xərcləyirdilər. İxtisarlar baş verəcəksə, həmin insanlar əmək haqlarından məhrum olacaq və bununla paralel ticarət dövriyyəsi də aşağı düşəcək. Bunların bərabər şəkildə hesablanması üçün ciddi proqrama ehtiyac var idi. Hökumət iki ilə öncədən ciddi işlənilmiş, hesablanmış bir proqram ortaya qoymalı idi. Günlük və həftəlik addımlar, problemlərin müzakirələr vasitəsilə önə çıxarılması prosesi olmaıdır. Çox güman ki, hökumət düşünür ki, ölkədə hər bir məsələni yaxşı bilir və bütün problemləri hər kəsdən yaxşı həll edə bilər, ciddi ekspertlərə, öz sahəsini dərindən bilən insanlara ehtiyac yoxdur. Belə olmasaydı, dəyirmi masalar, televiziya, ictimai müzakirələr təşkil olunardı. Görünən odur ki, hələ hökumət özünü hər kəsdən ağıllı aparır.  Amma nəticə etibarı ilə ciddi səhvlərə yol verir. Heç kim arzulamır ki, Azərbaycanda sosial gərginlik artısın, xaotik durum yaransın. Bunun olmaması üçün də hökumət addımlar atmalıdır. Hökumət bir-birinə bağlı olan problemləri ayrı-ayrılıqda həll etməyə çalışır. Kompleks tədbirlər görülmür deyə bütün addımlar əks effekt verir”. Vilayət Muxtar  





Həftənin ən çox oxunanları