Yuxarı

“Parabank”ı qoruyan güc

“Parabank”ı qoruyan güc

“Parabank” ASC-nin bank olmayan kredit təşkilatına (BOKT) transformasiyası və müvafiq fəaliyyət planı müzakirə olunub və bankın BOKT-ə çevrilməsinə dair razılıq verilib. Bu günə qədər lisenziyası ləğv olunan bankların heç biri haqqında belə bir qərar olmayıb. Birincisi, bankın ləğvetməsi uzun çəkən prosesdir və bunun bu qədər tez yekunlaşması qeyri-mümkündür. “Parabank” ASC isə təxminən 2 ay öncə bağlanıb. Bu bankın aktivləri, passivləri nə zaman dəyərləndirildi, borcları ödənildi ki, yeni qərarla yenidən fəaliyyətə başladı? Hər halda bunlar maraq doğuran suallardır.

İlkin görüntü ondan ibarətdir ki, “Parabank” ASC-nin arxasında güclü bir əl dayanıb. Deyək ki, yuxarıda göstərilən bütün şərtlərə tam şəkildə əməl olunub. Bankın yenidən fəaliyyətə başlaması üçün 50 milyon vəsait tələb olunur. Bankın səhmdarların əgər 50 milyon vəsaiti varsa niyə bank bağlanırdı? Nəzərə alsaq ki, “Parabank” ASC bir növ ailə bankıdır bu real görünmür. Qeyd edək ki, bankın sahibi Eldar Quliyev (ən çox səhm sahibi) İdarə Heyətinin sədri isə onun oğlu Vəli Quliyevdir.

Əslində hər kəsə məlumdur ki, bankların bağlanması və ya açılması həmin bankın kimin kurasiyasında olmasından asılıdır. Hal-hazırda banklar arasında “müharibə” davam edir. Məğlub olanın bankı isə bağlanır. Çünki ölkədə fəaliyyət göstərən bankların 80 faizi iflas olub. Amma hələ ki, həmin banklar haqqında bağlanma qərarı çıxmayıb. Bu da bir daha sübut edir ki, bankları kimlərsə “qoruyur”.

“Parabank”ı Elman Rüstəmov açdırıb

“Parabank” ASC-nin arxasındaki əl də məlumdur. Belə ki, artıq uzun zamandır adıçəkilən bank Mərkəzi Bankın İdarə Heyətinin rəhbəri Elman Rüstəmovun nəzarətindədir. Etibarlı mənbənin məlumata görə, “Parabank” ASC-nin yenidən fəaliyyət başlaması da məhz baş bankirin adı ilə bağlıdır. Bir müddət öncə hədəfə gələn Elman Rüstəmovun mövqeləri müəyyən qədər zəifləmişdi. Məhz bu səbəbdən də bir müddət öncə “Parabank” ASC-nin bağlanmasının qarşısını ala bilmədi. Ancaq belə görünür ki, baş bankir yenidən öz gücünü bərpa edib və öz kurasiyasında olan “Parabank” ASC-nin fəaliyyətini bərpa etməyi bacarıb.

İddia olunur ki, “Parabank” ASC yaranan gündən azad sahibkarların sərmayəsilə bazarda söz sahibinə çevrilib. Ancaq bu iddialar o qədər də inandırıcı deyil. Çünki bank sektorunda monopolist oliqarxlar “at oynadır”. Bu baxımdan hər hansı bir bankın “krişası” olmadan bu bazarda söz sahibinə çevrilməsi qeyri-mümkündür. Məlumatlarda həmçinin qeyd olunur ki, Elmar Rüstəmov “Parabank” ASC-yə 2007-ci ildən “kirişalıq” etməyə başlayıb. Maraqlı məqam ondadır ki, adıçəkilən bank elə həmin ildən etibarən inkişaf mərhələsinə keçib. Həmin vaxta qədər, bank sektorunda hər-hansı fövqəl gücə sahib olmayıb. Burdan da göründüyü kimi, “Parabank” ASC məhz Elman Rüstəmovun sayəsində inkişaf edib və hələ də baş bankirin qanadları altında yaşamağa davam edir. Bankın yenidən fəaliyyətə başlaması üçün lazım olan 50 milyon vəsaitin də baş bankir tərəfindən verildiyi bildirilir. Hələ ki, “Parabank” ASC Bank Olmayan Kredit Təşkilatı kimi fəaliyyətini bərpa etdirib. Amma yaxın vaxtlarda yenidən bank olaraq lisenziyasını bərpa etdirəcək.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları