Yuxarı

İşığımızı kəsən qaranlıq bayquşları

İşığımızı kəsən  qaranlıq bayquşları

 

Məsuliyyətsiz məmurlar ölkəni zülmətə sürükləyirlər

İlham Şaban: “Heç bir sahədə keyfiyyət əmsalı qalmayıb”

Son vaxtlar Azərbaycandakı tibb müəssisələrinin enerji təminatı sahəsində ciddi problemlər yaranıb. Artıq ikinci dəfədir ki, Azərbaycandakı xəstəxanalarda borca görə işıq kəsilir. Bu günlərdə Ağsu Mərkəzi Rayon Xəstəxanasının işığı kəsilib. Səbəb xəstəxananın “Azərişığ”a olan borcudur. Hansı ki, “Azərişıq” ASC borc səbəbindən işığın verilişinin dayanması ilə bağlı bir ay əvvəlcədən Səhiyyə və Maliyyə Nazirliyinə rəsmi xəbərdarlıq göndərib. Borcun ödənilməsi ilə bağlı sənədləşmə işləri Səhiyyə və Maliyyə nazirliyinə göndərilsə də, "yazışma müddəti bəs etmədiyindən" problem açıq qalıb.Yəni “Azərişıq” bu məsələdə məsuliyyəti Səhiyyə və Maliyyə nazirliklərini görür.

Səhiyyə Nazirliyi isə büdcə məsələləri ilə bağlı yaranan problemlərə yerli icra hakimiyyətinin məsul olduğunu deyib. Bu arada Ağsu rayon İcra Hakimiyyəti də borcun yaranması səbəbi barədə “Azərişıq” ASC-ə xəbərdarlıq edildiyini bildirir. Xatırladaq ki, bundan əvvəl də buna bənzər hadisə Salyan rayon Mərkəzi Xəstəxanasında olmuş və ölümlə nəticələnmişdi. Belə ki, xəstəxanada doğulan üçəmlərdən ikisi dünyasını dəyişmişdi.

Sosial yönümlü obyektləri işıqsız qoyanlar kimlərdir?

Mütəxəssislərin fikrincə, tibb müəssisələrində elektrik enerjisinin kəsilməsi heç bir məntiqə sığmır və əslində bu tip müəssisələrdə həmin məsələ ilə bağlı nəzarət yüksək formada olmalıdr. Heç şübhəsiz ki, bu tip hadisələr davamlı olacaq. Ta o vaxta qədər ki, cavabdeh qurumlar öz aralarındakı problemləri həzm edib bitirsinlər. Üçüncü dəfə də belə olay baş verə bilər və ölüm hadisəsinin olmayacağına heç kim təminat vermir. Çünki reanimasiyada, əməliyyat altında olan xəstələr var. Elektrik enerjisi məhdudiyyəti yaranarsa, hər an ölüm hadisəsi qaçılmazdır. Bundan əlavə morqda saxlanılanlar var ki, işığın uzun müddət kəsilməsi orada saxlanılan cəsədlərin partlaması ilə nəticələnə bilər. Hansı ki, bu cür təcrübə Venesuellada yaşanmışdı. Bu ölkə iqtisadi böhran vəziyyətində yaşadığı üçün orada bütün sahələr qənaət rejimində çalışır. Hər yerdə elektrik enerjisi fasilələrlə verilir. Bu səbəbdən morqlardan birində işıqsız qalan otaqda cəsədlər partlamış və onların virusu ətrafa yayılmışdı. Belə bir olayın Azərbaycanda da yaşanması istisna deyil.

Bəs görəsən, xəstəxanalarda olan xəstələrdən hansısa sırf bu problemə görə həyatını itirsə, məsuliyyəti kim daşıyacaq? “Neft Araşdırmaları” Mərkəzinin rəhbəri İlham Şaban “Cümhuriyət” qəzetinə bildirib ki, xəstəxanalar birnömrəli obyektlər sırasında gedir: “Enerji təminatı fasiləsiz rejimdə verilir. Yəni, onların dövlət tərəfindən xüsusi rejimdə olan təminatı olan obyektlər sırasındadır. Mən heç nə anlaya bilmirəm ki, necə “Azərişıq” onların işığını kəsir. Bu məsələdə baş həkim də öz şərhini vermişdi. O, qeyd eləmişdi ki, xəstəxanada yeni doğulmuş körpələr var. Digər tərəfdən isə bu obyektlər özəl kommersiya qurumları deyil. Maliyyə nazirliyi Səhiyə nazirliyinə, Səhiyə nazirliyi isə özünün rayon şöbələrinə müvafiq vəsait ayırmayıb və bunun nəticəsində də bu cür vəziyyət yaranır. Mərkəzlə bölgələr arasında o əlaqə pozulub. Bu məsələdə informasiya düz verilmir, ikinci bir tərəfdən dövlət başçısına düzgün məlumat ötürülmür. Niyə belə acınacaqlı vəziyyətə gəlib çıxmışıq? Niyə “Azərişıq”ın indiyədək ölkə üzrə yığımı 75-76 faizdir? Bu göstəriciləri qurum özü öz hesabatında göstərir. Ancaq o öz yığımını açıqlamır ki, hansı obyektdən yığa bilmir”.

“Bu sistemdə işləmək mümkün deyil”

Ekspertin sözlərinə görə, problemin kökündə dayanan məsələni tapmaq lazımdır. O zaman əsl günahkar bəlli olacaq: “Ortada Nazirlər Kabinetinin qərarı var. Tibb müəssisələri o obyektlər sırasından çıxarılıb, ya çıxarılmayıb. Bəlkə 2016-cı ildə Nazirlər Kabinetinin qərarı olub ki, tibb və təhsil müəssisələri birnömrəli təchiz edilməli obyektlər sırasından çıxarılıb. Həqiqətən də belə bir qərar olub, bizim xəbərimiz yoxdur, ictimaiyyətə açıqlanmır? “Azərişıq” da həmin obyektin borcu olduğuna görə götürüb işığı kəsib. Buna görə “Azərişığ”ı günahlandırmaq olmaz. Sözügedən qərar varsa, demək ki, “Azərişıq” günahkardır. Eyni zamanda müəyyən normativ var və həmin normativə görə də işığın sərfiyyatı var Tutaq ki, obyekt üç aydır işığın pulunu ödəmir. Axı hər bir rayonda hesablama palatası, icra hakimiyyəti var. İcra hakimiyyəti Prezident Administrasiyasına, Prezident Administrasiyası isə Nazirlər Kabinetinə rüblük hüsabatlarını verirlər. Görünür, bu məsələdə sadəcə statistika aparılıb, üzərində heç bir iş görülməyib. Əgər yuxarı strukturlar tərəfindən ona qarşı preventiv tədbirlər görülmürsə, axırı gəlib elə bir vəziyyətə dirənir. Məsələn, “Azərişığ”ın 20-30 milyon borcu yığılır, o da bunu “Azərenerji”yə, “Azərenerji” isə Dövlət Neft Şirkətinə ödəyir. Dövlət Neft Şirkəti isə yığılan pullar əsasında qazın istehsal xərclərini ödəməlidir ki, o da onu əhaliyə, digər istehlakçılara çatdıra bilsin. Yəni, zəncirvari prosesdə bir yerdə qırılma baş verirsə, o müəyyən dövrdən sonra bütün fiqmentlərdə problem yaranır. Dünyada nəzarətçi qurum var. Nəzarətçi qurum hökumət, onu tənzimləyən isə parlament olur. Parlamentin iqtisadi komitələri var. Bunlar hərəsi öz rayonundan seçilib. Azərbaycanda isə elə sistem qurulub ki, bir mayak kimi hansısa qurum həm qərar qəbul edir, həm icra edir, həm də ona nəzarət edir. Belə sistemdə də işləmək mümkün deyil”.

İlham Şaban qeyd edib ki, həm Ağsu, həm də Salyan xəstəxanalarında elektrik enerjisinin kəsilməsi təsadüfi hal deyil: “Bu məsələ ilə bağlı “Azərişıq” öz münasibətində bildirir ki, üçüncü aydır belədir. Bu təsadüf deyil axı... İyun ayından xəstəxana borcunu ödəmir. Təbii ki, əməliyyat altında, reanimasiyada olan xəstələr var. Basa düşülən haldır. Hansı məsələdə məsuliyyətsizlik yoxdur ki? Məsiliyyətsizlik keyfiyyət əmsalıdır. Hansı bir yerdə keyfiyyət əmsalı qalıb? Azərbaycanda heç bir sahədə keyfiyyət əmsalı qalmayıb. Ona görə də nəticəsi heç bir yerdə insanların ürəyincə deyil”.

Alçina Amilqızı





Həftənin ən çox oxunanları