Yuxarı

Qənaət rejimi ASC-ləri "vurdu"

Qənaət rejimi ASC-ləri

Hafiz Babalı: “Meliorasiya və Su Təsərrüfatı ASC “Azərsu”ya birləşdirilməməlidir”

Ölkədə fəaliyyət göstərən strateji əhəmiyyətli bəzi qapalı səhmdar cəmiyyətləri var ki, onların pay sahibi elə dövlətin özüdür. Amma bəzi açıq səhmdar cəmiyyətlərin heç bir pay sahibi yoxdur. Ölkədə biri-birinə paralel çoxlu sayda qurum var. Məsələn, həm Yanacaq Energetika Nazirliyi, həm “Azərişıq” ASC, həm də “Azəreneri” ASC var. Bu qurumların iş prinsipinə baxsaq görərik ki, biri istehsal edir, biri satır, digəri də pul yığır. Dolayı yolla satış da, istehsal da, pul yığan qurum da dövlətə məxsusdur. Bir halda ki, dövlət bütün fəaliyyət istiqamətini öz əlində cəmləşdirir, bir-birini təkrarlayan qurumlar nəyə lazımdır?

Məsələnin maraqlı tərəfi budur ki, dövlət büdcəsindən həmin açıq səhmdar cəmiyyətlərə müəyyən vəsait ayrılır. Meliorasiya və Su Təsərrüfat ASC də dövlətdən vəsait alan qurumlar sırasındadır. Ekspertlər təklif edir ki, Meliorasiya və Su Təsərrüfat ASC-ni Fövqəladə Hallar Nazirliyinin və yaxud da “Azərsu” ASC-nin tabeliyinə verməklə bu qurumun idarəsini, şöbəsini yaratmaq olar.

Qurumların birləşdirilməsilə heç də işsizlik ordusu yaranmır. Nəticədə 30-40 nəfər aparat rəhbəri, müavinlər, idarə rəisləri işsiz qalacaq. Qurum birləşdirilsə belə heç də fəhlə öz işini itirməyəcək. Burda söhbət məmurların ixtisarından gedir. Beynəlxalq təcrübədə var ki, müxtəlif istehsal sahələri ilə məşğul olan holdinqlər ölkələrdə enerji satışı ilə məşğul ola bilər. Amma Azərbaycanda buna imkan verilmir.Dəfələrlə ölkə başçısı hökumətin qənaət rejiminə keçməsini gündəmə gətirib. Bundan əlavə qənaət rejiminə keçirməsi, investisiya layihələrinin azaldılması ilə bağlı təkliflər də səsləndi. Məlum olduğu kimi, bu cür layihələrin azaldılması, ölkədə işsizliyin artmasına da səbəb olur. Həmçinin Maliyyə Nazirliyi tərəfindən qənaət mexanizmi işə salınıb. Hər kəsin hiss edəcəyi şəkildə müəyyən xərclər istiqamətində azalmalar var. İndiki şəraitdə neftin qiymətinin kəskin aşağı düşməsini, neftdən gələn gəlirlərin azalmasını,  qeyri-neft sektorunda çox ciddi inkişafın olmamasını nəzərə alsaq, qənaət mexanizminin işləməsinə ehtiyac var.

“İctimai rəylə hesablaşmırlar”

İqtisadçı Hafiz Babalı “Cümhuriyət” qəzetinə açıqlamasında idarəetmə sistemində müəyyən problemlərin olduğunu bildirib: “Əvvəllər ətraf regionların enerjiyə olan tələbatı “Azərenrji”, Bakının enerji tələbatını isə “Bakıelektrikşəbəkə” ödəyirdi. Daha əvvəllər Sumqayıt, Şirvan, Şəki Regional Elektrik Şəbəkə MMC-lər var idi. Bu il bu paylayıcı şəbəkə bir müddət idarəetməyə verildi. Sonradan idarəetmədən geri götürülüb “Azərenerji”nin tabeçiliyinə verildi. Problemin kökü bütövlüklə bu qurumdadır. İdarəetmənin nə dərəcə uğurlu olması barədə dəqiq məlumat yoxdur. Çünki audit olunmuş maliyyə hesabatını nə “Azərenerji”, nə də “Bakıelektrikşəbəkə” açıqlayır. Amma nə dərəcə effektlidir biz bunu görə bilmirik. “Azərenerji”də istehsal prosesi necə tənzimlənir, maya dəyəri, onun satışı, satışda olan problemlərin bir yerə toplanması baxımından müəyyən qədər ciddi problemlər var. “Azərenerji” BP şirkətindən aldığı enerji daşıyıcılarının dəyərini ödəməkdə çətinlik çəkir.

Nəyə görə çətinlik çəkdiyi barədə də bir açıqlaması yoxdur. Vergi ödəmələrində ciddi problemi var, nəticədə dövlət büdcəsinə az vəsait ödəyir. Qurumun saxlanması və istehsal gücünün artırılması üçün tələb olunan vəsaitlər isə ağır şərtlərlə yüksək məbləğdə kreditlər hesabına ödənilir. Bu problemlərin həlli ilə bağlı nə mütəxəssislərin fikri öyrənilir, nə də cəmiyyətin rəyi. Elan olunur ki, alternativ energetika üçün 1 milyarda yaxın vəsait xərclənib. Bu gün söhbətlər var ki, “Azərenerji” yenidən ənənəvi istehsal güclərini qurmaq istəyir. Bəlkə bu, korrupsiyaya öyrəşmiş şəxslərin növbəti addımlarıdır?! Cəmiyyət olaraq biz bu problemləri görmürük və bu məsələlərin həlli üçün də cəmiyyətdən rəy soruşulmur.

Baxmayaraq ki, Avropa təcrübəsindən görürük ki, hansısa müəssisə qurulduqda ən azı həmin regionun sakinlərindən bu barədə rəy alınır. Bir müddət əvvəl İtaliya və Fransa arasında dəmiryol xətti çəkildi və bu, əhali arasında böyük narazılıq yaratdı. Hər iki dövlət bu layihəyə müəyyən korrektələr etməyə məcbur oldu. Amma Azərbaycanda həm vəsaitlərin idarə olunması, həm ərazi planlaşdırılması ilə bağlı nə ictimai rəy, nə vətəndaş cəmiyyətlərinin fikirləri öyrənilir, nə də enerji tədqiqat institutlarının rəyləri soruşulur”.

“Hərraclarda 5 günlük şirkətlər qalib gəlir”

İqtisadçı bir müddət əvvəl Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilişinə diqqət çəkərək qeyd edib ki, bu xəttin potensialı elan olunduğu kimi saniyədə 5 kubmetr deyil, daha az həcmdə su gətirir: “Eyni zamanda həmin ərazinin bərpa oluna bilən su mənbələrinə çox ciddi zərər dəyib. Həmçinin kəndlərdə torpağın suvarılması ilə bağlı əhali ciddi problem yaşayır. Meliorasiya və Su Təsərrüfat ASC-nin idarəetmə problemləri var. Eyni zamanda bu quruma tabe olan su təchizatı ilə bağlı suvarma şəbəkəsi, artezian quyuları və digər su-kanal qurğularının idarəetməsində çox ciddi maliyyə pozuntuları var. Azərbaycanda keçirilən çoxsaylı tender proseduraları dəqiq göstərir ki, bu hərraclarda qalib gələn iştirakçılarının 90 faizi sahibi məlum olmayan 5 günlük şirkətlərdir. Onlara ayrılan vəsaitlərin məhz meliorasiya sahəsində işlərin aparılması yönündə xərclənməsinə də böyük şübhələrim var. Bu məsələdə ən vacib nümunə Kür daşqınları zamanı ortaya çıxan problemlər oldu. Son 20 il ərzində bu sahə bəlkə də 20 milyarda yaxın vəsait xərclənib ki, bu da torpağa tökülmüş sudur. Kanal meliorasiya qurğularının  saxlanmasına elan olunan vəsaitlər heç də təyinatı üzrə xərclənmir. Hesab edirəm ki, maliyyə hesabatlığın sıfır səviyyədə olduğu bir şəraitdə idarəetməyə yenidən baxılmalıdır. Səhmdar cəmiyyətin idarə edilməsində komponentli idarəetmə zənciri mövcuddur.Müşahidə şurası bu cəmiyyətin idarə edilməsilə bağlı idarə heyətinə müəyyən tövsiyə və tapşırığını verir. Burda maliyyə şəffaflığı, idarəetmənin necə olması ilə bağlı hansısa məlumat yoxdur.

Tovuz, Şəmkir, Taxta Körpü su anbarları tikildi. Amma bunların Meliorasiya və Su Təsərrüfat ASC-nə aidiyyatı yoxdur. Həmin su anbarlarının tikintisinə dövlət büdcəsindən böyük həcmdə vəsait ayrıldı. Amma bu məbləğlərin səmərəliliyi təmin olunmur. Həmin ərazilərin meliorasiya tədbirləri yüksək səviyyəyə qalxdımı, fermerlər su təminatından razı qaldımı? Növbəti mərhələdə bu anbarlardan təsərrüfatlara su xətləri çəkildimi? Əslində hökumət bu sahəyə kompleks baxmır. Kənd təsərrüfatında məhsuldarlığın aşağı olması da bundan qaynaqlanır. Fermerlər yayda sudan, yazda isə çayların daşmasından, kanalların dolmasından şikayətlənir”.

Hafiz Babalı analoji halın Bakı şəhərində də təkrarlandığını deyib. O, Sumqayıt şəhərində bir kanalın olduğunu və burdan keçənlərin narazılıqlarının səviyyədə olduğunu da vurğulayıb: “Uzun illərdir ki, bu kanal təmizlənmir. Araşdırsaq, görərik ki, həmin kanalın saxlanması üçün qurum da var, həmin quruma il ərzində böyük həcmdə vəsait də ayrılır. Hesab edirəm, bu məsələdə Hesablama Palatasının da fəaliyyəti qeyri-qənaətbəxşdir. Palata bu təşkilatlarda maliyyə pozuntuları ilə bağlı hələ ki, ciddi arqument ortaya qoymayıb.

Zənnimcə, Meliorasiya və Su Təsərrüfatı ASC “Azərsu”ya birləşdirilməməlidir. “Azərsu” ASC birbaşa əhalinin içməli suya olan təminatını ödəməklə məşğuldur. 

Meliorasiya və Su Təsərrüfatı  isə Kənd Təsərrüfatı Nazirliyinə bağlı suvarma idarəsidir. Bəs bu idarəetmə qurumu nə qədər effektlidir, onun fəaliyyəti kənd təsərrüfatı mühitinə nə dərəcədə bağlıdır? Hesab edirəm ki, burda bağlılıq o dərəcədə də möhkəm deyil. Su təminatı sistemi kənd təsərrüfatının ehtiyaclarına doğru-düzgün cavab vermir. Regionlarda tikilən su anbarları həmin ərazilərin ehtiyaclarına uyğun olmalıdır”.

Yeganə Oqtayqızı

 





Həftənin ən çox oxunanları