Yuxarı

Böhran dərinləşir, hökumət susur

Böhran dərinləşir,  hökumət susur

 

Xalq taleyin ümidinə buraxılıb

Əli Əhmədov: “Dolların bahalaşması uzunmüddətli prosesdir”

İqtisadi böhran getdikcə dərinləşir. Bu ilin ötən dövrünün iqtisadi göstəriciləri də xeyli aşağı düşüb. Hər gün dolların məzənnəsi qalxdıqca ərzaq məhsullarının qiymətlərinin artması müşahidə olunur. Qiymətlər artdıqca isə təbii ki, əhalinin alıcılıq qabiliyyəti də aşağı düşür. İnflyasiya isə artır. Bazar prinsiplərinə görə alıcılıq qabiliyyəti azalan zaman sahibkarlar məhsulların qiymətlərini aşağı salmalıdır ki, həm alıcılıq səviyyəsi artsın, həm də əllərindəki məhsullar sıradan çıxmasın. Amma ölkə bazarlarında tamamilə bunun əksi baş verir. Dollar qalxdıqca, qiymətlər də bahalaşır. Yəni, bu məsələdə paradoks yaranır. Bazar prinsipləri pozulur və iqtisadi-sosial vəziyyət daha da gərginləşir. Nəzərə alsaq ki, ilin sonunadək Azərbaycan manatı dollara nisbətən dəyər itirməkdə davam edəcək və 1 dollar azı 2 manatadək bahalanacaq. O zaman vəziyyətin daha kəskin şəkil alacağı istisna olunmur. Ekspertlərin fikrincə, problemli kreditlərin həcmi pik nöqtəyə çatacaq. İkinci zərbə pərakəndə satışa dəyəcək. Qiymətlərin sürətlə qalxması, inflyasiyanın artması insanların alıcılıq qabiliyyətini daha da aşağı salacaq. Ticarət şəbəkələri ciddi problemlərlə üzləşəcək, həm ticarət dövriyyəsi, həm gəlirlilik, həm də iş yerləri getdikcə azalacaq. Maraqlıdır ki, hökumət də bu məsələdə susqunluğunu davam etdirməkdədir. Devalvasiyanın ilk vaxtlarında bir sıra addımlar atılsa da bu yöndə tutarlı tədbirlər həyata keçirilmir. İqtisadçı ekspert Əli Əhmədov “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, dolların məzənnəsinin artması hələ bundan sonra da gözlənilir: “Aydındır ki, bu, hələ uzunmüddətli prosesdir. Sadəcə bu proses birdəfəlik deyil, yavaş-yavaş davam edəcək. İlin axırına kimi dolların məzənnəsi 1.90-a çatacaq. Ölkənin xarici ticarətindəki vəziyyətinə baxsaq, oradan ölkəyə gələn və çıxan valyutanın həcminin mənfiliyini, yəni, azalmağını görmək olar. Bir məsələ var ki, dövlət büdcəsi ilə bağlı proses hələ ki gedir. Yəni, bu məsələ icra olunur. Amma bu proses çox çətinliklə gedir. Bu da öz təsirini göstərir. Ona görə də dollar qalxır”. Bahalaşmanın əhaliyə təsiri məsələsinə gəlincə, ekspert deyib ki, bununla bağlı hökumət təcili tədbirlər görməlidir: “İlin axırıdır. Adətən, ilin axırında hər hansı tədbirlər həyata keçirilmir. Amma ilin əvvəlində çox güman ki, maaşlara və pensiyalara yenidən baxılmasını yəqin ki, gözləmək olar. Əgər dolların məzənnəsi 1.90-a çatsa, maaş və pensiyalara yenidən baxmaq lazım gələcək. Çox güman ki, hazırkı pensiya və maaşlar dolların 1.55-1.60 məzənnəsinə hesablanıb. Məzənnə artsa, xaricdən gələn mallar bahalaşacaq, bu da tələb edəcək ki, yerli maaş və pensiyalara müəyyən qədər də olsa, baxılsın”. “Hökumət gecikib” Əli Əhmədovun sözlərinə görə, dolların bahalaşmasında bir müsbət cəhət var. Bu da ondan ibarətdir ki, dolların qalxması yerli istehsal olunan malların rərabət qabiliyyətini artırır: “Xaricdən gətirilən malların qiyməti bahalaşdıqca yerli mallara tələbat artacaq. Yəni, dünənə kimi xarici mal alınırdısa, indi yerli mal alınacaq. Bununla yanaşı həm xaricdən gətirilən məhsullar azalacaq, həm də yerli iş yerlərinin bağlanmasının qarşısı alınacaq. İnflyasiya son 2 faizə yaxınlaşıb, əhalinin gəlirləri isə bir o qədər artmayıb. Bəzi addımlar var ki, hökumət indiyəcən atmalı idi. Artıq gecdir. Əgər qarşıda pensiya və maaşların artmasını görsək, demək ki, hökumət addım atır. Vəziyyətə iqtisadi qurumlar cavabdehdir. Ona görə də konkret addımlar atılmalıdır. Yəqin ki, qarşıdakı günlərdə bunu görəcəyik”. Alçina Amilqızı





Həftənin ən çox oxunanları