Yuxarı

İş adamları Dağıstana axışacaq

İş adamları  Dağıstana axışacaq

 

Prezidentin milyardlıq layihəsi reallaşsa...

Azərbaycanlı sahibkarlar istehsal etdiyi malları xarici bazarlara çıxarmaqda çətinlik çəkirlər. Sahibkarlar ən böyük problemləri sərhəd keçid məntəqələrində yaşayırlar. Onların xaricə çıxarmaq istədikləri məhsullar uzun müddət gömrükdə gözlədilir. Bir çox hallarda “yaş” mallar elə gömrükdə də xarab olur və istifadəyə yarasız hala gəlir. Xatırlayırsızsa, Dağıstan prezidenti  Ramazan Abdulatipov bu problemin həlli üçün qeyri-adi təkliflə çıxış etmişdi.

Belə ki, Dağıstan prezidenti “sərhəddi rahat keçmək istəyirsinizsə, gəlin, bizim ərazilərdə əkin” deyə bildirmişdi. Yəni, Ramazan Abdulatipov azərbaycanlı sahibkarları işləmək üçün öz torpaqlarına dəvət edib. Bu sahibkarların işini asanlaşdırsa da eyni zamanda Azərbaycan üçün daha ciddi problemlərə yol açacaq. Ölkəmiz böhran vəziyyətindədir, iqtsadiyyat isə onsuz da çökür, bir yandan da sahibkarlar ölkədən getsə, vəziyyət daha da ağırlaşacaq.

İnvestorların ölkədən çıxarılması üçün səslənən bu fikirlər problemi həll etmək əvəzinə vəziyyəti daha da çətinləşdirib. Belə ki, indi də Dağıstanın gömrük xidmətləri Azərbaycandan gedən məhsulları ölkəyə buraxmırlar. Onlara süni maneələr yaradaraq uzun müddət neytral zonada gözlədirlər. Bu problemin yaranmasının izahı isə əslində sadədir. Belə ki, qeyd etdiyimiz kimi Dağıstan prezidentinin təklifi elə-belə söz xatirinə deyilməmişdi. İnvestorları Azərbaycandan çıxararaq Dağıstana aparmaq üçün indi də özləri süni problemlər yaradırlar. Bu cür problemlərin yaradılması sahibkarları məhz Dağıstan ərazisində işləməyə məcbur etməyə hesablanıb.

Hökumətin yanaşması dəyişməlidir

Ramazan Abdulatipovun dediklərini nəzərə alsaq əgər, Azərbaycan hökuməti bu problemin həlli üçün ciddi addımlar atmasa, Azərbaycanda sahibkarlıq yox olacaq. Onsuz da ölkədə xırda və orta sahibkarlığın yalnız adı var. Əlində bir az imkanı olan xırda və orta sahibkar Azərbaycanda işləməyin mümkünsüzlüyünü bilir və əlində olan vəsaiti də aparıb Dağıstanda xərcləyəcək. Bundan isə itirən yalnız Azərbaycan iqtisadiyyatı olacaq. Onsuz da Azərbaycanda istehlak mallarının 95 faizi xammal hesabına təmin olunur. Ölkədə qalan az sayda sahibkar da ölkəni tərk etsə, bu rəqəm 100 faiz olacaq. Bu həm də ölkədə işsizliyin daha da artmasına səbəb olacaq. Dağıstan tərəfinin atdığı addımlar da elə buna hesablanıb. Hökumətin bu məsələyə yanaşması kökündən dəyişməlidir. Sahibkarlığın inkişafı üçün azad ticarət zonası yaradılmalıdır və sahibkarlara azad işləmək üçün təminatlar verilməlidir. Əks halda Dağıstan rəhbərliyinin “fəaliyyəti” öz nəticəsini verəcək.

Azərbaycanda hal-hazırda azad ticarətdən danışmaq mümkünsüzdür. Çünki azərbaycanlı sahibkarlar istehsal etdikləri məhsulları nəinki xarici bazara, heç daxili bazara da çıxara bilmirlər. Bunun səbəbi isə iqtisadiyyatımızın ən böyük bəlası olan monopoliyadır. Təsadüfi deyil ki, daxili bazarlarda satılan malların 90-95 faizi eyni şirkətə və ya 1 şəxsə aiddir. İkinci, bir şəxsin bazara girməsi isə mümkünsüzdür. Qiymətlərin baha olmasının da səbəbi elə bununla bağlı olan məsələdir. Bazarda rəqabət olmadığı üçün qiymətləri necə istəyirlər elə də tənzimləyirlər. Bu problem öz həllini tapmasa, Azərbaycan iqtisadiyyatı bundan çox şey itirəcək. Onsuz da Azərbaycan iqtisadiyyatı uzun illərdir neftdən asılılıqdan xilas olub inkişaf mərhələsinə keçə bilmir. Bu vəziyyət davam edərsə, bir müddətdən sonra Azərbaycanda qalan 5 faiz sahibkar da Dağıstana “qaçacaq”. Sonra isə vəziyyəti düzəltmək daha çətin olacaq.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları