Yuxarı

Qazın və işığın qiyməti qalxdı

Qazın və işığın qiyməti qalxdı

Tarif Şurasının qərarı

Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2016-cı il 28 noyabr tarixində keçirilmiş növbəti iclasında təbii qaz, elektrik enerjisi, soba mazutu, reaktiv mühərrik yanacağının satışı tariflərinə baxılıb. Cebhe.info xəbər verir ki, Dövlət Neft Şirkəti müraciətində bütün istehlakçılar üçün təbii qaz tarifinin min kubmetr üçün 180 manata qaldırılması zərurətini bildirib.

“Azərenerji” ASC və “Azərişıq” ASC-nin müraciətlərində isə elektrik enerjisinin bir kilovat-saat üçün topdansatış tarifinin təbii qaz üzrə tarif artımı nəzərə alınmadan 1,6 qəpik, pərakəndə satış üzrə marjanın 2,8 qəpik artırılmalı olduğu göstərilib. Qərara əsasən təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1500 kubmetrədək olan istehlakçılar üçün dəyişdirilməyərək bir kubmetr üçün mövcud 10 qəpik səviyyəsində saxlanılıb, illik istehlak həcminin 1500 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik müəyyənləşdirilib. Elektrik enerjisi istehsalında təbii qazın əhəmiyyətli rolu olduğu üçün elektrik enerjisinin qiymətinin kəskin artımının qarşısını almaq məqsədilə Şuranın qərarı ilə təbii qazın tarifi elektrik enerjisi istehsalı müəssisələri üzrə min kubmetr üçün 120 manat, qeyri-əhali istehlakçı qrupu üzrə isə 200 manat səviyyəsində təsdiq edilib. Təbii qazın əhali istehlakçı qrupu üzrə tarifləri 2017-ci ilin yanvar ayının 1-dən, qeyri-əhali qrupu üçün isə 2016-cı ilin 1 dekabr tarixindən tətbiq olunacaq. Elektrik enerjisinin bir kilovat-saat üçün topdansatış tarifi 5,7 qəpik təsdiqlənib. Pərakəndə satış tarifi isə sosial siyasətə uyğun olaraq, əhali üzrə aylıq elektrik enerjisi istehlakı 250 kilovat-saatadək olan istehlakçılar üçün dəyişdirilməyərək mövcud 7 qəpik səviyyəsində saxlanılıb. Aylıq istehlak həcminin 250 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirilib.

Şuranın qərarı ilə qeyri-əhali qrupu üzrə elektrik enerjisinin pərakəndə satış tarifi 9 qəpik səviyyəsində təsdiq edilib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 18 noyabr tarixli Qərarına əsasən, ölkədə tarifləri (qiymətləri) dövlət tərəfindən tənzimlənən sahələrin liberallaşdırılması istiqamətində tədbirlərin davam etdirilməsi məqsədilə isti su təchizatının tarifləri dövlət tənzimlənməsindən çıxarıldığı üçün Tarif (qiymət) Şurasının qərarı ilə müəyyən edilmiş tariflər 2017-ci ilin 1 yanvar tarixindən qüvvədən düşəcəkdir.

Bununla bağlı, Tarif (qiymət) Şurasının müvafiq Qərarına dəyişiklik olunmuş, “Azəristiliktəchizat” ASC-nin “Azərsu” ASC-dən aldığı su təchizatı və tullantı sularının axıdılması xidmətləri üzrə tariflər birləşdirilərək vahid tarif təsdiq edilib. İclasda həmçinin, 300-dən artıq yeni dərman vasitəsinin satış qiymətləri təsdiq edilib.