Yuxarı

SOCAR-ın 400 milyonluq özəlləşdirməsi baş tutmadı

SOCAR-ın 400 milyonluq  özəlləşdirməsi baş tutmadı

 

İlham Şaban: “Yunanıstan bundan sonra nə edəcək, bu, onların öz işidir”

Yunanıstan hökuməti Dövlət Əmlakının İdarə edilməsi üzrə Fondu (HRADF) ləğv edib. TASS agentliyinin məlumatına görə, bunu Yunanıstanın maliyyə nazirinin birinci müavini Nadya Valavani bildirib. Onun sözlərinə görə, bununla da ölkədə özəlləşdirmə prosesi yekunlaşıb. Növbədənkənar parlament seçkilərindən öncəki vədlərinə sadiq qalaraq, hakim koalisiya (solçu SİRİZA və "Müstəqil yunanlar (ANEL) partiyaları) HRADF-ın prezidenti Manolis  Kondilis və baş direktoru Pasxalis Buxorisin istefasını tələb edib.

Seçkilərdən öncə ANEL bəyan edib ki, onun partiyası HRADF-ın ləğv olunmasının və dövlət borcunun auditinin aparılmasının tərəfdarıdır: "Biz nəinki HRADF-ı ləğv edəcəyik, hətta bütün müqavilələri də ləğv edəcəyik. Bu müqavilələr hesabına ölkə əmlakı dəyər-dəyməzinə satılıb". Beləliklə, SOCAR-ın Yunanıstanın qazpaylayıcı şəbəkəsi olan DESFA-nı özəlləşdirmək planları alt-üst oldu. SOCAR DESFA-nın səhmlərinin 31 faizini Yunanıstan hökumətindən, 35 faizini "Hellenic Petroleum SA" şirkətindən alıb. DESFA üzərində nəzarətin SOCAR şirkətinə verilməsinə qədər Yunanıstan şirkətinin səhmlər paketinə HRADF tərəfindən nəzarət edilirdi. DESFA-nın özəlləşdirilməsi prosesinin yubanmasının əsas səbəbi Avropa Komissiyasının Rəqabət üzrə Baş Direktorluğu tərəfindən SOCAR-a qazpaylayıcı operatorun nəzarət paketinin ötürülməsi üzrə apardığı araşdırmalardır. Antiinhisar prinsiplərinə əsaslanan Yunanıstan dövləti SOCAR-ın səhm payının 17 faizini üçüncü tərəfə satmağını təklif edir. Səhm paketini İtaliyanın "Snam" şirkəti almaq niyyətindədir və bununla bağlı SOCAR-la danışıqlar aparılır.

Xatırladaq ki, Yunanıstan hökuməti ilə aparılan danışıqlara əsasən SOCAR 2013-cü ildə DESFA-nın əsas səhmdarına çevrilmişdi. Lakin sonradan Avropa Komissiyası SOCAR-ın Yunanıstanın enerji bazarında qazpaylayıcı fəaliyyətinə icazə vermədi. Bunun başlıca səbəbi kimi SOCAR-ın Yunanıstanda inhisarçı fəaliyyətinin qarşısını almaq idi. Ötən iki ildə SOCAR-la Avropa Komissiyası arasında aparılan danışıqlar da heç bir nəticə verməyib.

Maraqlıdır, Avropa Komissiyası konkret olaraq SOCAR-ın qarşısına hansı şərtləri qoymuşdu? SOCAR 3 il ərzində niyə bu şərtləri yerinə yetirə bilmədi?

“Neft Araşdırmaları” Mərkəzinin rəhbəri İlham Şaban “Cümhuriyət” qəzetinə açıqlamasıda deyib ki, Avropa Komissiyası SOCAR qarşısına konkret olaraq heç bir şərt qoymayıb: “Avropa Komissiyası Yunanıstan hökumətilə məsləhətləşmələr aparırdı. Həmin məsləhətləşmələr nə idi, nə ilə bağlı idi, bunu təbii ki, Azərbaycan tərəfinə nə də ictimaiyyətə açıqlamırdılar. 2013-cü il iyun ayında ARDNŞ 400 milyon avro təklif etməklə tenderin qalibi olmuşdu. 2014-cü ilin fevral ayından öz səlahiyyətlərini icra etməyə başlamalı idi. 2013-cü ilin dekabrında Avropa Komissiyasının göstərişilə bu tenderin icrası dayandırıldı. Vaxt uzadıldı, sonra isə 2016-cı ilin iyun ayında Yunanıstan hökuməti qanunları dəyişdirdi. Mövcud qanunlar çərçivəsində ARDNŞ-nin bu layihədə mənfəəti xeyli azalmış olardı. ARDNŞ bir neçə dəfə danışıqlar apardı, ancaq Yunanıstan hökuməti öz fikrindən dönmədi. Bunun nəticəsi olaraq bu sövdələşmə baş tutmadı. İndi Yunanıstan fikri nədir, bundan sonra nə edəcək, bu, onların öz işidir. Layihəni kimə istəsələr satarlar”.

Mütəxəssisin qənaətincə, SOCAR bu müddət ərzində sadəcə vaxt itirib: “Bu qədər danışıqlar, enerji, müəyyən vəsaitlərdə ki, öz yerində. SOCAR istəyirdi ki, layihəyə 400 milyon vəsait qoysun. Lakin layihənin icrasına başlanılmadı. ARDNŞ gəlirin nə qədər olacağını açıqlamırdı. Amma gəlirli bir sahə olduğuna görə Neft Şirkəti buna gedirdi. SOCAR bir layihəyə ki, 400 milyon avro təklif etmişdi deməli o, planlaşdırıdı ki, 2 dəfə çox vəsait çıxartsın”.

Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları