Yuxarı

Növbəti bahalaşma dalğası gəlir

Növbəti bahalaşma dalğası gəlir

 

Natiq Cəfərli: “Yanvardan kommunal xərclər də artacaq”

Manatın devalvasiyasından sonra Azərbaycanda demək olar ki, hər gün bahalaşma müşahidə olunur. Tarif Şurasının son qərarı ilə ölkədə növbəti bahalaşma dalğası yaratdı. Belə ki, Tarif Şurasının qərarı ilə qazın qiymətinin iki dəfə, elektrik enerjisinində isə 57 faiz artım oldu. İstər istehlak səbəti, istərsə də qeyri-istehlak səbəti olsun, bütün məhsullarda bahalaşma var. Çörəyin qiyməti artmasa belə, çəkisi azaldı. Əvvəlki illərlə müqayisədə kənd təsərrüfatı məhsullarının qiymətində bir neçə dəfə bahalaşma müşahidə olunur.

Bazarlarda keyfiyyətli məhsul qıtlığı yaranıb, təklif olunan keyfiyyətsiz məhsullar isə olduqca yüksək qiymətlərə satılır.Nəzərə alaq ki,  Azərbaycan ümumiyyətlə, özünü tamamilə kənd təsərrüfatı məhsulları ilə təmin etmək iqtidarında deyil və bu il iqlim amilləri ilə əlaqədar olaraq məhsuldarlıq da xeyli aşağı olub. Daxili istehsal hesabına tərəvəz məhsullarına olan tələbatımızın təxminən 95 faizini ödəyə bilirik. Digər məhsullara gəldikdə, Azərbaycan öz tələbatını ödəyəcək qədər məhsul istehsal edə bilmir. Azərbaycan ətə olan tələbatın yalnız 38 faizini yerli istehsal hesabına təmin edir. Ölkədə il ərzində adambaşına 32 kiloqram ət istehsal olunur. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) müəyyən etdiyi qida normasına görə, adambaşına ət norması il ərzində 84 kiloqram olduğu halda Belarus 124 kiloqram ət və ət məhsulları istehlak etməklə MDB-də liderdir. Normadan aşağı olsa da ikinci yerdə 60 kiloqramla Rusiya, üçüncü yeri adambaşına 55 kiloqram ət istehlak etməklə Qazaxıstan tutur. Azərbaycan il ərzində adambaşına 32 kiloqram ət istehlak etməklə bu siyahıda axırdan ikinci yerdədir. Sonuncu yerdə isə Tacikistandır.

Bahalaşmaya səbəb olan digər əsas səbəb isə ölkədə hökm sürən inhisarçılıqdır. Rayonlarda kəndlilər istehsal etdikləri məhsulları sərbəst şəkildə birbaşa bazarlara çıxara bilmirlər. Bunun üçün onların qarşısında o qədər maneələr yaradılır ki, kəndli əldə etdiyi məhsulu məcbur olub çox ucuz qiymətə inhisarçılara satmalı olur.

Bahalaşmanın növbəti dalğası qaçılmazdır. Çünki adətən, Azərbaycanda bayramqabağı bazalarda “canlanma” müşahidə olunur. Son vaxtlar istehlak bazarında müşahidə olunan bahalaşmanın yeni il ərəfəsində daha da artacağı gözlənilir. Bahalaşma ilk növbədə kənd təsərrüfatı məhsullarının qiymətində özünü göstərir. İstər ət və ət məhsullarında, istərsə də kənd təsərrüfatı məhsullarının qiymətində nisbi sabitlik yoxdur. Yeni il qabağı bütün ərzaq məhsullarının bahalaşacağı  proqnozlaşdırılır. Satıcılar bunu bazarda tələbatın artması ilə izah etsələr də, ekspertlər bahalaşmaya digər amillərin də səbəb oluğunu düşünürlər.

Yanvardan kommunal xərclər də bahalaşacaq

İqtisadçı-ekspert Natiq Cəfərli “Cümhuriyət” qəzetinə açıqlamasında Azərbaycanda çox pis bir ənənənin olduğunu bildirib: “Bir çox ölkələrdə bayramqabağı böyük endirim kampaniyaları olduğu halda, Azərbaycanda həmişə bayramqabağı qiymətlərdə artım olur. Hesab edirəm ki, yeni il qabağı bu tendensiyanı yenə müşahidə edəcəyik. Ənənəvi bahalaşma ilə paralel olaraq manatın məzənnəsinin ucuzlaşması, yanvardan etibarən kommunal xərclərin bahalaşması, yerli istehsalın da ciddi şəkildə bahalaşması gözləntiləri onu deməyə əsas verir ki, yeni il öncəsi daha sürətli qiymət artımı müşahidə edəcəyik. Azərbaycanda əhalinin alıcılıq qabiliyyəti xeyli dərəcədə zəifləyib. Gəlirlərin və iş yerlərinin azalması isə bununla paralel gedir. Məhz bu amil ola bilər ki, bu il qiymətlərin kəskin artmasında əyləc rolunu oynasın. Çünki nə qədər qiymətlər artırsa, əhalinin alıcılıq qabiliyyəti bir o qədər də aşağı düşür. Ən azından bayram süfrəsini bəzəmək hər bir azərbaycanlının sanki bir vəzifəsidir. Ən azı evində ailəsi ilə birgə bayram şənliyini keçirtmək istəyəcək. Bunun üçün də az da olsa, bazarlıq etməyə məcbur olacaq. Bayram öncəsi tələbatın artması, təbii ki, qiymət artımına da təsir göstərəcək. Təəssüf ki, Azərbaycanda bayramdan öncə artan qiymətlər tələbat azaldıqdan sonra enmir. Bu da bir tendensiyadır”.

İqtisadçının sözlərinə görə, yanvardan sonra kommunal xərclərin qiymətlərə yansıması daha kəskin şəkildə özünü büruzə verəcək: “Hələlik əhali ancaq evində işlətdiyi qazın və elektrik enerjisinin dərdini çəkirsə, yeni ildən istehsal sahələrindəki böyüktutumlu xərclərin artmasının ciddi təsirini görməyə başlayacaq. Hətta yerli istehsal, xidmət sahələrində qiymət artımının daha sürətli olmasını yanvardan sonra daha çox hiss edəcəyik. Həm manatın devalvasiyası, həm kommunal xərclərin artması, həm də bayramöncəsi ənənəvi qiymət artımı topladıqda deyə bilərik ki, bu il ötən ilə nisbətən daha sərt qiymət artımı olacaq”.

Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları