Yuxarı

Gömrükdə islahat gözləntisi

Gömrükdə islahat gözləntisi

Yeni qərar ucuzlaşma yaradacaqmı?\\Azərbaycan Dövlət Gömrük Komitəsində (ADGK) kadr dəyişiklikləri aparılıb. Komitə sədri, general Aydın Əliyevin əmri ilə işlərində verdiyi ciddi nöqsanlara görə bir sıra vəzifəli şəxslərin Gömrük orqanlarındakı fəaliyyətlərinə xitam verilib. Belə ki, Gömrük Sahəsində Hüquqpozmalara qarşı Mübarizə Baş İdarəsi, Əməliyyat idarəsinin rəis müavini Ceyhun Fərzəliyev, Əməliyyat-Axtarış şöbəsinin rəisi Malik Əliyev, eləcə də Biləsuvar və Astara Gömrük İdarələrinin rəisləri işdən çıxarılıb. Daha 2 gömrük polkovnikinin işdən çıxarılması da gələn məlumatlar arasındadır.\\Hələ 2016-cı ildə ölkənin gömrük sistemində, xüsusilə, idxal-ixrac proseslərinə nəzarət edən sərhəd-gömrük məntəqələrindəki ciddi nöqsanları nəzərə alaraq, hökumətin bu sahədə ciddi islahatlara gedəcəyi gözlənilirdi. Elə 2016-cı il yeni başlamışdı ki, mətbuatda “Prezidentdən inqilabi gömrük qərarı” başlığıyla məlumatlar yayıldı. Xəbərlərə görə, Azərbaycan iqtisadiyyatını dirçəldəcək, ölkədə normal ticari rəqabət mühiti yaradacaq və ən əsası qiymətlərin ucuzlaşmasına səbəb olacaq sensassion qərar verilib. Bu, xaricdən gətirilən malların qeydiyyat prosesinin sadələşdirilməsiylə bağlıdır. Prezidentin özü də yerli istehsal, idxalda inhisarçılığın yolverilməz olduğunu dəfələrlə vurğulayaraq “gömrükdə şəffaflıq” yaradılacağını vəd etmişdi. Buna adekvat olaraq da belə bir qərar verməsi barədə məlumatlar yayıldı. Lakin keçən 1 il ərzində gömrük sistemində nəzərə çarpacaq müsbət dəyişiklik hiss olunmadı. Əvəzində manatın dollar qarşısında kəskin dəyər itirməsi trendi bu sahədə qeyri-şəffaf vəziyyəti saxladı. Ölkəyə gətirilən malların qeydiyyat prosesi sadələşdirilmədi, idxalçılar gömrük məntəqələrində maneələrlə rastlaşdılar və rastlaşırlar.\\Məntəqələrdəki monopoliya\\Mütəxəssislər sistemə daxil olan və o qədər də yüksək nüfuzları, verilən qərarlarda az rolları olan şəxslərin öz vəzifələrindən azad olunmalarının müsbət dəyişikliklərə aparacağına inanmırlar. Təklif olunur ki, gömrük sahəsində müsbət dəyişikliklər üçün ilk növbədə strukturun idarəetmə sistemində ciddi islahatlar və ixtisarlar aparılmalı, sahə mütəxəssisləri bu postlara gətirilməlidirlər. Ən əsası da sərhəd-gömrük məntəqələrindəki monopoliya aradan qaldırılmalıdır ki, iş adamları ölkəyə mal gətirimələrində maneələrlə rastlaşmasınlar. Lakin gömrük sistemindəki fundamental problemlər bu sahəyə ayrılan diqqətsizlik nəticəsində günbəgün ağırlaşır. Ölkəyə xaricdən mal idxal edən iş adamları, sahibkarlar gömrük əməkdaşları tərəfindən qanunsuz şəkildə incidilir və onlardan rüsumdan əlavə ödənişlər tələb edilir.\\Dəfələrlə Gömrük Komitəsi ilə sahibkarlar arasında keçirilmiş görüşlərə baxmayaraq, problemlər öz həllini tapmamış qalır. Şikayətlər çox, hökumət və gömrük rəhbərliyi isə susqundur. İqtisadçılara görə, gömrükdə yaranan problemlərin həlli üçün daha ciddi addımlar atılmalıdır. Məsələn, gömrük orqanlarında yük və malların keçirilməsi proseduru şəffaflaşdırılmalıdır. İnhisarçılıqda gömrüyün rolu azaldılmalıdır. Həmçinin iş adamlarına məhsulun idxalı və ixracı zamanı onun rüsumlarının məbləği, prosedurların hansı vaxt ərzində həyata keçiriləcəyi barədə əvvəldən məlumatlar verilməlidir.\\“Vahid pəncərə”\\İqtisadçılar gömrük sistemində şəffaflığın yaradılması üçün “vahid pəncərə” təklifini də verirlər. Hesab olunur ki, bu, prosedur qaydalarını asanlaşdıracaq. Bunun tətbiq olunması üçün isə Azərbaycan Ümumdünya Ticarət Təşkilatına (ÜTM) üzv olmalıdır. Bu zaman “vahid pəncərə” sistemi tətbiq olunacaq ki, bu, vergi və gömrükdə beynəlxalq standartlara cavab verən islahatların aparılması deməkdir. İqtisadçılar hesab edirlər ki, bu, iqtisadiyyatda rəqabətli mühitin yaranması, qiymətlərin enməsi biznes mühitinin yaxşılaşdırılması yolunda çox ciddi bir addım olardı. Gömrükdə monopoliyanın aradan qaldırılması və qeyri-rəsmi rüsumların yığışdırılması kimi ciddi məsələlər müzakirə mövzusudur.\\Lakin bu da nəticəsizdir. Bu sahədəki qüsurların həll olunması üçün təklif olunur ki, gömrük rusumları aşağı salınsın, vergidənkənar ödəmələr yığışdırılsın. Ölkəyə idxal olunan məhsullara vergi güzəştlərinin tətbiqi də təklif edilir. İqtisadçılar hesab edirlər ki, bu təkliflərlə ölkədə sağlam rəqabət mühiti yarada bilər, həmçinin sahibkarlarda bu sahəyə marağı artıra bilər. Amma təklifə baxan da yoxdur. İqtisadçılar bildirirlər ki, gömrük liberallaşması qısa zamanda ölkənin biznes mühitinin əhəmiyyətli dərəcədə inkişafına xidmət edə bilər və bu da əhalinin sosial-iqtisadi vəziyyətinin hiss olunacaq dərəcədə dəyişməsinə təkan verəcək.\\Mənsur\\ 





Həftənin ən çox oxunanları