Yuxarı

“Qara bazar”a marja zərbəsi

“Qara bazar”a marja zərbəsi

Natiq Cəfərli: “Marjanın ləğvindən istifadə edərək ciddi məzənnə fərqi yaradacaqlar”\\Ötən gün Azərbaycan Mərkəzi Bankı kommersiya banklarının rəhbərlərilə görüş keçirdi və 4 faizli marjanı ləğv etmək haqqında qərar veriblər. Qeyd edək ki, manatın kəskin devalvasiyasından sonra AMB valyuta bazarını nəzarətdə saxlamaq üçün banklara 4 faizli marja tətbiq etdi. Ondan öncə isə banklar valyuta mübadiləsini 2 faizli marja ilə aparırdılar. AMBni üzən məzənnəyə keçiddən sonra belə bir qərar verməsi o zaman iqtisadçılar tərəfindən tənqid olundu. İqtisadçılar bildirirdilər ki, dünyanın heç bir ölkəsində üzən məzənnəyə marja tətbiq edilmir.\\AMB nəhayət ki, marjanın ləğv olunmasıyla bağlı qərar verdi və artıq bütün kommersiya banklarına bunun bağlı rəsmi qərar göndərilib. Ancaq marjanın bir anda ləğv olunması da valyuta bazarına müəyyən təsirlər göstərəcək. Qeyd edək ki, bankların son dövrlərdə dollar satışı həyata keçirməməsi “qara bazar”ın inkişaf etməsinə şərait yaratmışdı. Hökumət isə bunun qarşısını almaq üçün “qara bazar” əməliyyatları apardı və nəticədə valyuta bazarında daha ciddi ajiotaj yarandı. Bu vəziyyətdən çıxmağın yeganə yolu isə bankların dollar satışını bərpa etməsi idi. Məhz bu səbəbdən də AMB marjanı ləğv etdi və nəticədə də bankların “qara bazar”a dollar ötürməsinə ehtiyac qalmadı. Artıq banklar özləri istədikləri qiymətlərə dollar alıb sata biləcəklər. Bu da bir növ “qara bazar”ın leqallaşdırılması anlamına gəlir.\\AMB isə Dövlət Neft Fondunun verdiyi 4.2 milyard dollar hesabına hərraclarda daha aktiv iştirak etməklə bazarı tənzimləməyə çalışacaq. Ancaq ekspertlərin fikrincə, AMB-nin bu planı da gözləntiləri verməyəcək. Çünki AMB-nin valyuta hərraclarına dollar çıxarmaqla yanaşı digər öhdəlikləri var. Bunun üçün isə kifayət qədər maliyyə resursları tələb olunur. AMB-nın 2017-ci il üçün təsdiq olunmuş büdcəsi isə bəllidir. Bu büdcəylə AMB-ni hərraclarda o qədər də aktiv iştirak edə bilməyəcək. Valyuta bazarlarında olan qiymətlərə ciddi təsir etmək imkanı yoxdur. İqtisadçılar bildirirlər ki, AMB dollar ajiotajının qarşısını almaq üçün banklara ciddi nəzarət mexanizmi tətbiq etməlidir. Ancaq bu yolla bankların monupulasya imkanlarını məhdudlaşdırmaq olar. Əks  halda, marjanın ləğvindən sonra banklar bundan sui-istifadə edəcək və dolların alqı-satqısı arasında ciddi məzənnə fərqi yaranacaq. Bu isə vətəndaşlar arasında ciddi narazılıqlara səbəb olacaq.\\İqtisadçı-ekspert Natiq Cəfərli “Cümhuriyət” qəzetinə şərhində deyir ki, marjanın ləğvi ilk növbədə “qara bazar”a ciddi zərbə vuracaq.\\\\Onun sözlərinə görə, banklar artıq dolları “qara bazar” vasitəsilə deyil, öz filiallarında satacaqlar: “Əvvəla, onu demək lazımdır ki, bu marja artıq formal xarakter daşıyırdı və heç bir əhəmiyyət kəsb etmirdi, “qara bazar”ın yaranmasının da əsas səbəblərindən biri idi. Bunun ləğvi normaldır. Əhəmiyyətsiz və mənasız bir qaydanı saxlamaq düzgün deyil. Ona görə də bu addımın atılması doğru addımdır. Bu  “qara bazar”ın ləğv olunmasına səbəb olacaq. Banklar artıq “qara bazar” vasitəsilə deyil, öz filialları vasitəsilə dollar satmaqda sərbəst olacaqlar. Bu əslində “qara bazar”da olan məzənnənin leqallaşması deməkdir. “Qara bazar”da məzənnə 1.90-1.92 ətrafında idi və banklar da elə bu civarda satış aparacaqlar. Amma əldə olunan dolların həcmi kifayət etməsə, tələbatı ödəməsə bu zaman yenidən dollar ajiotajı yarana bilər. Banklar çalışacaqlar ki, əllərində olan valyutanı özlərinin təyin etdiyi və onlara sərf edən məzənnə ilə satsınlar”. Ekspert əlavə edib ki, banklar digər tərəfdən də vətəndaşdan dollar alarkən kursu aşağı salmağa çalışacaqlar: “Necə ki, 2 gündür bu prosesi görürük. Burada Mərkəzi Bankın müdaxiləsinə ehtiyac var. \\Yuxarı marjanı ləğv edirdilərsə, heç olmasa aşağı marjanı saxlamaq lazım idi. Vətəndaşların ziyana düşməməsi üçün Mərkəzi Bank rəsmi məzənnədən aşağı dollar qəbuluna imkan verməməlidir. Həm aşağı, həm də yuxarı marjanın ləğv olunması yaxşı hall deyil. Banklar bundan istifadə edib çalışacaqlar ki, dolları vətəndaşlardan daha ucuz alıb baha satsınlar. Alış və satış arasında böyük fərq yaranacaq. Təxminən 15-20 qəpik arasında fərq olacaq ki, bu da yaxşı hall deyil”.\\Vilayət Muxtar\\ 





Həftənin ən çox oxunanları