Yuxarı

Dünyanı böhrana sürükləyən“qara qızıl”

Dünyanı böhrana  sürükləyən“qara qızıl”

 \\Qiymətlər artacaq, yoxsa?...\\İlham Şaban: “Neftin qiyməti daha çox siyasi amillərdən asılıdır”\\OPEC ölkələri ötən ilin noyabr ayında hasilatın azaldılması haqqında razılığa gəldilər. Neft ölkələrinin bu razılaşmasından sonra dünya bazarında neftin qiyməti 57 dollara çatdı, ancaq bu da uzun sürmədi. Hal-hazırda dünya bazarında neftin qiyməti 55 dollar civarındadır. Ancaq nəzərə almaq lazımdır ki, OPEC ölkələrinin qərarı yanvarın 1-dən qüvvəyə minir və neft ölkələri hasilatlarını yeni ildən etibarən azaldıblar.\\Nəticədə neftin qiymətlərinin hansı istiqamətdə dəyişəcəyi bir müddətdən sonra məlum olacaq. Bütün bunların fonunda Səudiyyə Ərəbistanının energetika naziri Xalid al-Falih diqqət çəkən açıqlamayla çıxış edib. O, qeyd edib ki, “Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin neft hasilatının azaldılması üzrə razılaşmasının 6 aydan daha çox müddət ərzində həyata keçirilməsinə ehtiyac yoxdur. İstehsalın azaldılmasına dair razılaşmanın icra edilməsi, qlobal tələbatda artımın olması ilə əlaqədar olaraq OPEC və digər neft hasilatçıları ilə istehsalın azaldılması müqaviləsini uzatmağa ehtiyac duymaya bilər”. Ekspertlər iddia edirlər ki, neftinin qiyməti təlabatla deyil, əsasən siyasi qərarla formalaşır. Bəs, aparılan mövcud neft siyasəti qiymətlərin sabitləşməsinə hesablanan addım ola bilərmi?\\Neft məsələləri üzrə ekspert İlham Şaban “Cümhuriyət” qəzetinə şərhində deyir ki, OPEC ölkələrinin hasilatın azaldılmasıya bağlı razılaşmasında əsas hədəf neftin qiymətini 55-60 dollar civarına çatdırmaq idi. Hədəflərinə də müəyyən qədər çatıblar: “OPEC rəsmiləri dekabr ayında da bildirdilər ki, hasilat müəyyən qədər azaldılıb. Hətta dekabr ayının əvvəllərində neftin qiyməti 57 dollar səviyyəsinə qədər artmışdı. Ancaq OPEC ölkələrinin verdiyi qərar 1 yanvar tarixindən qüvvəyə mindi. Ölkələr bu qərara uyğun olaraq, zəif də olsa müəyyən addımlar atırlar. Biz bunun daha dəqiq nəticəsini fevral ayında hesabatlar açıqlananda biləcəyik. Ancaq indi görürük ki, neft 55 dollardan yuxarı qiymətə satılır. Yalnız 1 gün neftin qiyməti 55 dolardan aşağı qiymətdə olub. Faktiki olaraq OPEC ölkələrinin ilkin hədəfləri reallaşmaqdadır. Bu müddətdə neft kifayət qədər dinamika nümayiş etdirir. Baxmayaraq ki, Şimal yarımkürəsində havalar kifayət qədər soyuqdur. Soyuq hava şəraiti neftin qiymətlərinə də öz təsirini göstərməli və neftə olan tələbat artmalıdır. Neftin qiymətinin bazarda stabil olaraq 55-60 dollar civarında qalması üçün zəmin yoxdur. Bu stabillik bu ayın sonunda, 2016-cı ilin yekunlarına dair proqnozlardan sonra məlum olacaq. O, zaman artıq bütün proqnozlar korrektə olunacaq. Neft şirkətlərinin IV rüb hesabatları ortalığa çıxacaq.\\Buna uyğun olaraq neftin qiyməti aşağı da düşə bilər, mövcud səviyyədə də qala bilər. Hətta 58, 59 dollara da qalxmaq ehtimalı var”. Ekspert vurğulayıb ki, neftin qiymətlərinin necə dəyişməsi dünya iqtisadiyyatındakı vəziyyətdən asılı olacaq. Artıq dünya neft bazarında tələb, təklif qiymətlərin artmasında və ya ucuzlaşmasında heç bir rol oynamır:\\“Əsas məsələ dünya iqtisadiyyatının necə inkişaf etməsidir. Hər halda gözləmək lazımdır ki, dünyada yaranan böhranlı vəziyyət hansı dərəcədə inkişaf edəcək. Çünki, siyasi faktorlar bu gün neftin qiymətinə daha çox təsir edir. İndi varlı ölkələrin xərclərinə baxırlar və məlum olur ki, həmin ölkələrin xərcləri kifayət qədər azalıb. Proqnozlara görə, azalmalar hələ bir neçə il də davam edəcək. Çünki, neftin qiyməti qalxmır və xərcləmələrə də qənaət olunur. Bu da özünü neft sənayesində, qazmalarda, yeni infrastruktur layihələrdə göstərir. Yəni, bu gün neftin qiymətinə təsir göstərən bir çox faktorlar var. Bu isə neftin qiymətində kəskin bahalaşma ehtimalını azaldır”.\\Vilayət Muxtar





Həftənin ən çox oxunanları