Yuxarı

Dollardan geriyə dönüş: Ucuzlaşır

Dollardan geriyə dönüş: Ucuzlaşır

İlham Şaban: “Ölkədə maliyyə-bank sektorunda tarazlıq yaranmayanadək əhali milli valyutada vəsait saxlamayacaq”Son günlər bir neçə ölkədə dolların məzənnəsi aşağı düşüb. Azərbaycanda da cüzi olaraq bu “tərpəniş” hiss olunur. Mövcud vəziyyətdə isə əhalini iki sual düşündürür: Dollar ucuzlaşacaq? Əhali əlindəki müəyyən məbləği yatırım vasitəsi kimi dollara çevirərək gələcəyə yatırım edə biləcəkmi? Bu sualları cavablandıran iqtisadçı-ekspert İlham Şaban “Cümhuriyət” qəzetinə açıqlamasında qeyd edib ki, artıq əhali seçimini edib:“Ölkə iqtisadiyyatının hazırkı vəziyyəti milli valyutaya olan inamı sarsıdıb. Bu səbəbdən Azərbaycanda əmanətçilərin 80 faizdən çoxu vəsaitlərini xarici valyutaya etibar edir. Milli Bankın rəsmi məlumatına görə ötən il əhalinin banklarda olan depozitləri 21.6 faiz azalıb. Bununla yanaşı əhalinin banklarda olan 1.7 milyard manat depoziti sadəcə olaraq seyf kimi saxlanılıb. Vətəndaş istənilən an bu depoziti götürə bilər”. İqtisadçının sözlərinə görə ölkədə kapital, depozit olsa da, ondan yararlı istifadə mexanizmi mövcud deyil: “Ölkədə kapital var, banklarda 7 milyarda yaxın depozit var. Özəl, dövlət bankı olmasından asılı olmayaraq bu qurumlar əllərində olan vəsaitdən yararlı istifadə edə bilmir. Bu vəsaitlərdən də dövlət büdcəsinə xeyir gətirə bilmir, vergi formasında cəlb edə bilmirlər”.İ.Şaban qeyd edib ki, ölkənin hər hansı iqtisadi sahəsində istehsalda artım nəzərə çarparsa, əhalinin vəsaitlərlə bağlı seçimi fərqli olardı: “Əhali valyutadəyişmə mərkəzlərindəki məzənnələrə baxaraq seçimini edir. Ötən il meyvə-tərəvəzin qiymətinin 2 manat, bu il isə 3-5 manat arasında dəyişməsi onları müvafiq seçimə yönəldir. Əhali görsə ki, kənd təsərrüfatında 5 faiz artım var, bununla yanaşı məhsulların qiymətinin aşağı olmasını müşahidə etsə, fərqli qərar verə bilərdi”.İqtisadçının sözlərinə görə, ölkədə maliyyə-bank sektorunda tarazlıq yaranmayanadək əhali milli valyutada vəsait saxlamayacaq. Bu səbəbdən hələlik bank-maliyyə sektorunda stabilliyin yaranması haqda fikir söyləmək çətindir. Əhalinin əlindəki pul kütləsi yığışdırıldığı üçün iqtisadiyyatın hansısa sahəsində inkişafdan söz açmaq mümkün deyil: “90-cı illərin ortalarında Azərbaycanda əhali dollar alıb saxlayırdı. Daha sonra stabilləşmə dayandı, azad ticarət yarandı. Hələ o vaxtlar Beynəlxalq Hava Limanının qabağından başlayaraq hər yerdə azad ticarət vardı. İnsanlar bu yollarla pul əldə edirdilər.” 28 May”ın qabağında siqaret biznesi ilə məşğul olan gənclər illər keçdikdən sonra dönər biznesinə üz tutdular. İndi isə insanların əlində olan pul kütləsi yığışdırılır. Əldəki pul kütləsi yığışdırıldıqdan sonra hansı inkişafdan söz açmaq olar? Gərək əhalinin əlində olan vəsaitlər arta”. İ.Şabanın fikrincə, yerli iqtisadiyyatda istehsalın zəif olması qiymətin normal tənzimlənməməsinə səbəb olur. Məhsul çox olarsa, qiymət də aşağı olar: “2014-cü ildə Rusiyada ətin kilosu 300 rubl, indi isə 220 rubldur. Ölkədə ətin istehsalı çoxaldığından qiymət aşağı düşüb. Bir şey artmalıdır ki, qiymət normal tənzimlənsin. Pul kütləsi də belədir. Əhalinin əlindəki pullar yığılıb, qıtlıq yaranıb, manata inam qalmayıb. Bu səbəbdən camaat dollar alır”. Azərbaycanın mövcud iqtisadi vəziyyətini nəzərdən keçirərək əhaliyə əlindəki məbləği necə dəyərləndirməsi ilə bağılı məsləhət vermək iqtisadçılar üçün də çox çətin sualdır.Nigar Məhərrəm





Həftənin ən çox oxunanları