Yuxarı

Pul qıtlığı parlamenti hərəkətə gətirdi

Pul qıtlığı parlamenti hərəkətə gətirdi


Natiq Cəfərli: "Mərkəzi Bank həftəlik hərraclarla manat kütləsini bazardan yığır

 

Hələ ötən aydan Azərbaycan Mərkəzi Bankı (AMB) ölkədə fəaliyyət göstərən banklara məktub göndərərək, internet bankinq vasitəsi ilə hüquqi şəxslərin fiziki şəxslərə köçürmə əməliyyatlarının məhdudlaşdırılması barədə xəbərdarlıq etmişdi. AMB-nin belə bir qərar verməsi ümumi maliyyə siyasəti ilə bağlıdır. Bu addım ümumi olaraq, müxtəlif istiqamətlərdə valyuta, əsginas hərəkatının məhdudlaşdırılmasına hesablanıb. Ekspertlər hesab edir ki, ölkədə böyük pul kütləsinin azalmasına hesablanan bu addım xarici valyutanın bahalaşmasının qarşısını almaq məqsədi daşıyır.


AMB-nin bu siyasəti bankların bağlanması yox, pul dövriyyəsini azalması deməkdir. Bu qərar həm də maliyyə sferasındakı məhdudiyyətləri ortalığa çıxarır. Elman Rüstəmovun yanlış siyasəti valyuta dəyişmə məntəqələrinin bağlanmasına da öz təsirini göstərib. Manatın məzənnəsində sabitləşməyə də pul qıtlığı səbəb olur. Ölkədə kredit verilmədiyindən real sektor inkişaf etmir. Pulu sıxıb saxlamaqla real sektor, qeyri-neft sektorunu inkişaf etdirmək mümkün deyil.


Baş bankir Elman Rüstəmovun yürütdüyü sərt pul siyasəti hakimiyyət dairələrini təşvişə salıb. Ötən gün Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında "Daşınar əmlakın yüklülüyü haqqında" qanun layihəsinin müzakirəsi zamanı komitə sədri Ziyad Səmədzadə deyib ki, pul qıtlığı problemi bizi ciddi narahat edir. Onun sözlərinə görə, pul qıtlığı məsələsi ciddi müzakirə edilməlidir: "Biz monitorinqlər aparmalıyıq, həmçinin, banklarla əlaqədar sağlamlaşdırma işləri aparmalıyıq. Pul qıtlığı yaranıb. Bizə bununla bağlı çoxlu müraciətlər daxil olur. Bu, çox ciddi problemdir, bunu ciddi müzakirə etməliyik. Pul qıtlığı aradan qaldırılmasa, iqtisadi fəallıq da artmayacaq”.

 

"Şirkətlər öz hesablarından pul çıxarda bilmirsə, bu, böyük biabırçılıqdır

 

İqtisadçı-ekspert Natiq Cəfərli "Cümhuriyət” qəzetinə bildirib ki, uzun zamandır dediyimiz fikirlər nəhayət ki, parlamentdə təkrarlanır: "Son vaxtlar Mərkəzi Bankın atdığı addımlar manat qıtlığın yaranmasına hesablanıb. Bu da valyutaya olan tələbatın azalmasına hesablanmışdı. Son zamanlar müşahidə edirik ki, Mərkəzi Bank həftəlik hərraclarla manat kütləsini bazardan yığır. Bu hərraclar zamanı əsasən də yüksək faiz təklif edərək banklardan manat kütləsini yığırdı. Hətta son vaxtlar həftəlik 250-300 milyon arası manat kütləsi yığılırdı. Bu da ona gətirib çıxardı ki, manat dövriyyəsi təqribən 1.8 milyard manatdan 6.8 milyard manata qədər düşüb. Əgər milli valyutanın dövriyyəsi iki dəfəyə qədər azalıbsa, iqtisadi aktivliyə ciddi şəkildə təsir göstərir”.


İqtisadçı onu da qeyd edib ki, ötən ay Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) banklara verdiyi təlimat da iqtisadi aktivliyə çox ciddi şəkildə təsir göstərib:


"MBNP-nın atdığı addımlar nağd hesablaşmalara, hesabdan pul çıxarılmağa məhdudiyyətlər qoyuldu. Hansısa bir ölkədə bank əməliyyatlarına və ya pul çıxarılmasına məhdudiyyətlərin tətbiqi həmin ölkənin imicinə zərbə vuran amillərdən biridir. Ümumiyyətlə, qadağalarla iqtisadi prosesləri idarə etmək düzgün deyil. Bu, həmçinin Palataya qarşı ciddi suallar yaratdı. Heç bir monitorinq aparmadan, məsələləri ciddi şəkildə araşdırmadan, ancaq qadağalar yolu ilə idarəetməni həyata keçirməyin nəticəsi biznes mühitini çökdürür, iqtisadi aktivliyin zəifləməsinə gətirib çıxardır. İllərdir eyni qaydada işləyən biznesə bir gecənin içində yeni oyun qaydaları tətbiq etmək olmaz. Yeni dəyişikliyi zamanla öyrədərək təşviq etmək lazımdır. Şirkətlər öz hesablarından pul çıxarda bilmirsə, bu, böyük biabırçılıqdır və mülkiyyət hüququnun pozulmasıdır. Qanunla hesabda olan vəsait vətəndaşın mülkiyyətidir. Dövlət qurumunun mülkiyyətdən istifadəni məhdudlaşdırması absurddur. Həm Mərkəzi Bankın, həm də Palatanın atdığı addımlar nəticə etibarilə iqtisadi aktivliyin zəifləməsinə, işsizliyin artmasına və vətəndaşların gəlirliliyinin azalmasına səbəb olub. Təsadüfi deyil ki, bu ilin birinci rübündə vergilər xətti ilə yığılan vəsaitə baxdıqda görürük ki, ötən illə müqayisədə real sektorda vergilərin yığılması təqribən 21 faiz azalıb. İqtisadi aktivlik zəiflədiyinə görə, vergilərdə də azalmalar müşahidə olunur”.

 

"Qadağaların axırı yaxşı olmayacaq

 

Ekspertin sözlərinə görə, son zamanlar iqtisadi fəallığı artırmaq istiqamətində verilən qərarların bir çoxu qanunları pozur: "Palata tapşırıq vermişdi ki, banklar hüquqi və fiziki şəxslərlə hansısa formada nağdı əməliyyatlar aparmasın. Vətəndaşın hesabında pul var və ondan istifadə edə bilmirsə, bu anormal situasiya yaradır. Palatanın bu cür addımlar atmağa ixtiyarı yoxdur. Sonradan Palatanın sədri Rüfət Aslanlının bəyanatı da çox qəribə idi. Sədrin sözlərinə görə, banklar onları doğru anlamayıb. Bunun özü də böyük bir biabırçılıqdı. Necə ola bilər ölkədə fəaliyyət göstərən onlarla bankın hamısı Rüfət Aslanlının yazdığı məktubu səhv anlayıb? Bu da manat qıtlığının yaranmasının səbəbi idi. Problem tək QHT-lərlə həll edilməməlidir. Biznes, eləcə də digər sahələr var ki, onlar da əziyyət çəkir. Ümumiyyətlə bütün qadağalar aradan qaldırılmalıdır. Qadağalarla iqtisadiyyat idarə etmək mümkün deyil. Sovetlərin təcrübəsi də göstərdi ki, qadağalarla iqtisadiyyatı idarə etmək istəyən ölkənin axırı heç də yaxşı olmur”. Natiq Cəfərli onu da vurğulayıb ki, valyutadəyişmə məntəqələrinin bağlanması düşünülməmiş addımdır: "Valyutadəyişmə məntəqələrinin sonradan açılması onu sübut etdi ki, bu ölkədə addımlar atılarkən normal müzakirə ortamı olmur. Valyutadəyişmə məntəqələri bağlanarkən elan olunan məntiq o idi ki, bu məntəqələr ajiotaj yaradır və məzənnənin yuxarı çəkilməsində mühüm rol oynayır.

Əksinə, ajiotaj bağlanandan sonra yarandı və ”qara bazar” canlandı. Valyutadəyişmə məntəqələrinin bağlanması heç bir effekt vermədi. Hətta bu sahədə çalışan insanların işsizliyinə gətirib çıxartdı. İndi də açılması üçün qanuna dəyişiklik edildi. Bu da heç bir müzakirə ortamı olmadan qərarların qəbul edilməsinin növbəti təzahürüdür. Əgər normal müzakirə ortamı olsaydı, qərarın mənfi və müsbət tərəflərini müzakirə etsəydilər, qəbul olunan qanunu və ya qərarı ləğv etməyə ehtiyac qalmazdı. Bu, normal idarəetmə fəlsəfəsi və yanaşması deyil”.


Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları