Yuxarı

Bank sektorunda kütləvi işsizlik

Bank sektorunda kütləvi işsizlik

Vüqar Bayramov: "Problem bankların zərərlə işləməsi ilə bağlıdır”

Bank sektorunda yaşanan böhran böyük işsizlər ordusu yaradıb. Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) yaydığı son məlumatlardan da bunu açıq şəkildə görmək mümkündür. Belə ki, məlumatlara görə 2017-ci il aprelin ayının 1-nə qədər Azərbaycanın bank sektorunun işçi heyətinin sayı 16 312 nəfər təşkil edib. Rəqəmlərin ötən illərlə müqayisədə təhlili göstərir ki, mart ayında bank sektorunda çalışanların 350 nəfəri işdən çıxıb. Belə ki, fevral ayındakı statistikaya əsasən, bank sektorunda çalışanların sayı 16 662 nəfər olub. Ümumiyyətlə, bu ilin 3 ayında bank sektorunu 635 nəfər tərk edib. Belə ki, bu ilin yanvarın 1-ə bank sektorunda çalışan işçilərin sayı 16 947 nəfər olub. 

Bu rəqəm hazırda bazarda qalan 32 bankın işçi heyətinə aiddir. Ancaq verilən rəsmi rəqəmlər çox aşağı göstərilib. Reallıqda isə bu rəqəm həddindən artıq yüksəkdir. Məlumatlara görə təkcə ötən ay "AccessBank”ın əsasən regionlarda bir neçə filialını bağlaması səbəbindən 700 nəfər işdən azad olunub.İşdən çıxarılan işçilər isə kredit mütəxəssisləri və əməliyyatçılardı. Eyni hal "Unibank”, "Muğanbank”, "Para Bank” və digər kommersiya banklarında da mövcuddur. Bütün bunları nəzərə alsaq, işdən çıxarılan bank işçilərinin sayının kifayət qədər yüksək olduğunu açıq şəkildə görmək mümkündür.

Digər tərəfdən nəzərə alsaq ki, ötən il 11 bank öz fəaliyyətini dayandırdı. Bu rəqəm kifayət qədər böyükdür. Bankların maliyyə resursları azaldıqca bank rəhbərləri bu zərəri işçiləri ixtisar etməklə kompensasiya edirlər. Bu isə uzun müddət bank sektorunda fəaliyyət göstərən maliyyə mütəxəssislərinin işsiz qalması deməkdir. Ölkənin mövcud durumuna baxdıqda isə həmin mütəxəssislərin özlərinə yeni iş yeri tapması xeyli çətin görünür.

Bu gün istənilən bankın filiallına yaxınlaşsaz, müksimum 2 kredit mütəxəssisi görmək mümkündür. Halbuki devalvasiyadan öncə bu rəqəm 10-15 nəfər civarında idi. Əslində bunun səbəbi aydındır. Banklar artıq kredit vermir və buna görə də kredit mütəxəssislərinə ehtiyac da yoxdur. Bank sahibləri də əlavə xərclərdən xilas olmaq üçün kredit mütəxəssislərini işdən kənarlaşdırır. Eyni hal valyutadəyişmə məntəqələrinin bağlanması zamanı da yaşandı. Belə ki, bu məntəqələrin bağlanması ilə 6 min nəfər işsiz qaldı.

İşçilərini ixtisar edən təkcə kommersiya bankları deyil. Ölkədə işsizliyin səviyyəsini qaldırmaq üçün Azərbaycan Mərkəzi Bankı (AMB) da əlindən gələni əsirgəmir. Belə ki, 2016-cı ildə Azərbaycan Mərkəzi Bankının (AMB) işçi heyətinin sayı azalıb. AMB-nin "PricewaterhouseCoopers” şirkəti tərəfindən aparılan audit hesabatında göstərilir ki, 31 dekabr 2016-cı il tarixinə bankın 594 işçisi olub. Hesabatda deyilir ki, 2015-ci ildə tənzimləyicinin 646 nəfər işçisi var idi. Beləliklə, ötən il ərzində 52 nəfər AMB ilə yollarını ayırıb.

İqtisadçı-alim Vüqar Bayramov "Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, bu problem bankların zərərlə işləməsi ilə bağlıdır: 

"Bank sektoru çox vacib sahədir. Amma eyni zamanda bank sektorunda son dövrlər işsizliyin artması, birbaşa bankların zərərlə işləməsi ilə bağlıdır. Bu dövr ərzində bankların sayının azalması da müşahidə olundu və bu da iş yerlərinin azalmasına gətirib çıxardı. Əgər bir bank bağlanırsa, demək ki, bütün işçi heyəti işsiz qalır. Ötən il 10 bankın bağlanması da bankda işləyənlərin sayının azalmasına təsir göstərdi. İşdən azad olunanların sayı göstərir ki, bank sektorunda yaranan problemlərin həlli istiqamətində ciddi addımlar atılmalıdır. Əks halda banklar bağlandıqca işçilərin də sayı azalacaq. Təbii ki, bu da bank sektorunda bir məşğulluq problemi yarada bilər. Bank sektorunda çalışanların iş yerlərinin qorunması üçün bankların yenidən mənfəətlə işləməsinə və bu istiqamətdə dəstəklənməsinə ehtiyac var. Bu baxımdan növbəti dövrlərdə Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) və Azərbaycan Mərkəzi Bankı bankların sağlamlaşdırılması üçün ciddi addımlar atmalıdır. Bankların likviditliyinin artırılması və sağlamlaşdırılması prosesində bankların bağlanması ən azından birləşdirilməsi ilə əvəz olunmalıdır ki, bu da iş yerlərinin kəskin azalmasına səbəb olmasın”.
 
Vilayət Muxtar





Həftənin ən çox oxunanları