Yuxarı

Banklar 14 günə 1 milyon manat qazanacaq

Banklar 14 günə 1 milyon manat qazanacaq

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98 faizdən 12,7 faizə düşüb.

Cebhe.info-nun məlumatına görə iqtisadçı Samir Əliyev bildirib ki, bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq:

"Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib. Mərkəzi Bankın asan pullarına diqqət son vaxtlar əməliyyətli dərəcədə artıb. Mart ayının ortalarından başlayaraq keçirilən 12 hərracın hamısında Mərkəzi Bankın depozit cəlbində tələb təklifi üstələyib. Bu gün isə tələb rekord həcmdə olub. Yəni ölkənin əmanət bazarının 7 faizi səviyyəsində”.

Hərraca marağın artmasının səbəbi nədir? Mərkəzi Bankda depozit yatırmaq niyə banklar üçün bu qədər cəlbedici olub?

Ekspert qeyd edib ki, kredit verməklə daha çox qazanc əldə etmək olar:

"Üstəlik də banklar manat əmanətlərini 14-15 faizlə cəlb edirlər və həmin vəsaiti 12-14 faizlə yerləşdirmək səmərəli olmamalıdır. Əvvəla, manatın son vaxtlar sabitləşməsi və hətta müəyyən qədər bahalaşması bankların manata inamını qısamüddətli olsa da bərpa edə bilib. İkinci səbəb depozitlərin qısamüddətli olmasıdır. Depozitin müddəti əvvəllər 28 günlük olsa da sonralar 14-ə endirildi. Müddətin qısaldılması və manatın məzənnəsində qısa müddətdə ciddi dəyişikliyin olmayacağı qənaəti bankları depozit yatırmağa həvəsləndirib. Üçüncü səbəb riskin olmamasıdır. Kreditlərdən fərqli olaraq Mərkəzi Bankda yerləşdirilən depozitlərin geri qaytarılması təhlükəsi yoxdur. Nəhayət sonuncu səbəb böyük xərc tələb etməməsidir. Mərkəzi Bankda depozit yerləşdirmək üçün kredit verilişində olduğu kimi xərclərə (məsələn, əlavə işçi saxlanması) ehtiyac yoxdur”.

Samir Əliyevin təəssüflə vurğulayıb ki, hərracda iştirak edən bankların adları açıqlanmır:

"Məlum deyil ki, neçə bank hərracda depozit yerləşdirir. İstisna deyil ki, əsas iştirakçılar bir neçə bankdır. Mərkəzi Bank hərraclarda rəqabət mühitini təmin etmək üçün büdcə pullarına çıxışı olan bankların iştirakını məhdudlaşdırmalıdır. Çünki heç kim zəmanət verə bilməz ki, büdcə pulu həmin istiqamətə yönləndirilmir. Bir bank 14-16 faizlə manat əldə edir, digər bank isə havayı. Birinci üçün indiki faiz dərəcəsi cəlbedici deyil, amma ikincinin büdcə pullarını (maaş, pensiya, sosial müavinət və s.) ləngitməklə əlavə qazanc əldə etməsinə imkan verir.

Mərkəzi Bankı bu addımı manata güvənlik verməyə, daha doğrusu banklardakı pulun valyuta bazarına üz tutmamasına hədəflənib. Nəticə var, manat sabitləşib. Amma bu addım müvəqqətidir”.

Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları