Yuxarı

Neftin qiymətində təhlükəli hədd

Neftin qiymətində təhlükəli hədd

Pərviz Heydərov: "Şist neftin maya dəyəri 45-50 dollar civarındadır. Bu gələcək üçün çox acınacaqlı perspektiv vəd edir”

Xam neft qiymətlərinin ötən həftə kəskin ucuzlaşmasının ardınca Goldman Sachs təhlilçiləri neft qiymətlərinin "təslim” nöqtəsinə yaxınlaşdığını deyirlər. Goldman əmtəə strateqləri bildirir ki, "Brent" markalı xam neftin bareli 50 dollara çatacağı haqda verilən proqnozlar təhlükə altındadır. Belə ki, neft qiymətlərinə olan təzyiq artmaqda davam edir. Təhlilçilər neftin qısa dönəmli qiymətləri ilə uzaq dönəmli perspektivni müqayisə edib. 

Belə ki, neftin gələcək qiymətlərinin qalacağını güman edən investorlar çox vaxt onu anbarlarda saxlamağa üstünlük verirlər. Gözləntilər bunun əksi olduqda isə bazar daha çox neftlə dolmağa başlayır. Neft qiymətləri Neft İxrac Edən Ölkələrin Təşkilatı - OPEC-in 29 noyabrda gündəlik hasilatı 1.2 milyon barel azaltmasından sonra ən aşağı nöqtəsinə düşüb. Bəzi ekspertlər neft qiymətlərinin kəskin ucuzlaşmasında ABŞ şist neft hasilatının artımını əsas səbəb kimi görür. Son aylarda Amerikada neft hasilatının iri həcmdə artması OPEC-in qlobal neft bazarında tələbatı artırmağa yönəlik səylərini puça çıxarmaqdadır. İllər boyu OPEC ölkələri neft qiymətlərinin yüksək qalmasından bəhrələnib və qiymətlərin kəskin ucuzlaşmasının qarşısını almaq üçün müxtəlif ölçülərə əl atıb. Təhlilçilər əmtəə bazarında səhmlərinin sürətlə satılması ilə müşayiət olunan mis və dəmir qiymətlərinin ucuzlaşmasını da təsiredici amil kimi qiymətləndirirlər.

Maraqlıdır, neftin qiyməti təhdidə dözəcəkmi?

İqtisadçı-ekspert Pərviz Heydərov "Cümhuriyət” qəzetinə bildirib ki, ötən həftə neftin qiymətinin 50 dollardan aşağı düşməsinin əsas səbəbi OPEC-in növbəti toplantısı ilə bağlıdır: 

"Ötən il noyabrın 30-da Vyana görüşündə neft hasil edən ölkələr hasilat həcmlərini azaltmaq barədə müvafiq razılığa gəldilər. Həmin qərarın müddəti iyun ayında başa çatır. Növbəti iclasda gözlənilən əsas məsələ ondan ibarətdir ki, bu qərar yenidən uzadılacaq, ya yox. Bu ətrafda da konkret fikir yoxdur. Beynəlxalq ekspertlər hasilatçı ölkələrin hasilat həcmlərinin azaldılması barədə qərarın yenidən uzadılmasını mənasız hesab edir. Analitiklər isə hesab edir ki, bazarda tarazlığı təmin etmək üçün müddəti uzatmaq lazımdır. Müddətin uzanmasını mənasız hesab edənlər o məntiqə əsaslanır ki, OPEC ölkələri hasilatı azaltsa da, bazardan çıxan neftin yerini ABŞ-ın şist hasilatından əldə olunan neft tutmağa başladı. Bu da təbiidir. Çünki öncədən də proqnoz verilmişdi ki, əgər neftin qiyməti 50-60 dollar arasında qalxsa, bu, ABŞ-da şist hasilatını canlandıracaq. Nəticədə ABŞ tərəfindən bazara əlavə neft həcmləri çıxarılacaq. Ümumi mənzərə belədir ki, OPEC bazardan müəyyən məbləğdə neft hasilatını azaltmaq yolu ilə çəkir, onun yerini ABŞ-ın şist nefti tutur. Qərarın vaxtının uzadılmasının əleyhinə çıxanlar belə bir fikir irəli sürürlər ki, nə qədər hasilat həcminin azaldılması yönündə siyasəti davam etdiriləcək, bu, bilavasitə ABŞ-ın şist neft hasilatına xeyir gətirəcək. Ona görə də OPEC və qeyri-OPEC hasilatçı ölkələr bazardan müəyyən həcmdə nefti çıxartdıqca yerini daha çox həcmdə ABŞ şist nefti tutur. Çünki neftin qiymətinin yüksək olması Amerikanın xeyrinədir.

Bir il bundan öncə Amerikada şist hasilatının maya dəyəri 60 dollar təşkil edirdisə, qiymət 60 dollarda düşən kimi şist yataqları bağlanmağa başladı. Amerikada texnologiya durmadan inkişaf etdirilir. Bu halda ABŞ-da şist neftinin maya dəyəri aşağı düşür. Hazırda şist neftin maya dəyəri 45-50 dollar civarındadır. Bu gələcək üçün çox acınacaqlı perspektiv vəd edir. Bu gün 50-60 dollar arasındakı qiymət səviyyəsi ABŞ-a şist hasilatını artırmağa, batan neft yataqlarını canlandırmağa imkan yaradır. Bu halda düşünün ki, 2018-ci ilin eyni dövründə ABŞ üçün neftin bareli 40-45 dollar da sərf edir. Hazırda bazarlar belə bir mürəkkəb durumla qarşı-qarşıyadır”.

Ekspertin qənaətincə, OPEC-in sonuncu qərarının ən böyük yükü Səudiyyə Ərəbistanının üzərinə düşür: 

"Çünki Səudiyyə Ərəbistanı OPEC və qeyri-OPEC ölkələri içərisində hasilatın ən çox azaldılmasına gedən ölkə sayılır. Eləcə də qiymətlərin aşağı düşməsindən ən çox əziyyət çəkən ölkələrdən biri Səudiyyə Ərəbistanıdır. OPEC-in son Vyana görüşündəki qərarı 6 ay ərzində bazarda müəyyən balans yaratmağa kömək edib. Bunu bütün ekspertlər təsdiq edirlər. Çünki neçə müddətdir ki, qiymət 60 dollara yaxın ətrafda dövr edirdi. Əgər iyun ayında OPEC-in növbəti iclasında qərarın müddətinin artırılması haqqında yenidən razılığa gəlinməsə, onda neftin qiymətinin 40 dollardan aşağı düşəcəyi real olacaq. Qənaətimcə, iyun ayındakı iclasda OPEC yenidən 6 aylıq müddətə hasilat həcminin azaldılması qərarını qüvvədə saxlayacaq. Bu da dünya bazarında neftin qiymətinin 50 dollar ətrafında dövr etməsinə şərait yaradacaq. Hesab edirəm ki, əgər 2018-ci il üçün Avropa İttifaqı ölkələrində, Çində istehsal artmasa, iqtisadi artım baş verməsə, buna müvafiq olaraq neftə tələbat yüksəlməsə, orta perspektivdə neftin qiymətinin 40 dollardan aşağı düşəcəyi qaçılmaz olacaq”.

Pərviz Heydərovun sözlərinə görə, Azərbaycanın dünya neft hasilatında payı cüzidir: 

"Azərbaycanın dünya bazarlarında neftin qiymətinə təsir edə biləcək gücü yoxdur və olmayacaq da. Dünya bazarında neftin qiymətinə təsir edən dövlətlər şist hasilatı hesabına ABŞ və maya dəyəri nöqteyi-nəzərindən ən ucuz hasilat Səudiyyə Ərəbistanınadır. Daha sonra bu sıranı İran davam etdirir. Hansı ki, İrana qoyulan sanksiya götürüləndən sonra əli-qolu açıldı, sürətlə hasilatı artırmağa çalışır. Heç bir zəmanət yoxdur ki, İran iki-üç ildən sonra bazarda Səudiyyə Ərəbistanının rəqabət tərəfdarı kimi çıxış edəcək. Hazırda İranda neft quyuları köhnədir və texnologiya çatışmazlığı var. İran nefti satıb valyuta gəlirləri əldə etdikcə həmin quyuları təkmilləşdirə bilər. Nəticədə çox qısa bir müddətdə İran bazarda söz sahibinə çevriləcəkdir. Bu, qaçılmazdır.

Hasilatın azaldılması qərarı Liviyaya aid deyil. Çünki orada siyasi vəziyyət gərgindir. Əgər Liviyada stabillik əldə olunarsa və hasilat artarsa, o, dünya bazarında normadan xeyli artıq neft hasilatı yığa bilər. Bu da avtomatik olaraq qiyməti aşağı salacaq”.

Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları