Yuxarı

Banklar bu dəfə sahibkarları hədəfə aldı

Banklar bu dəfə sahibkarları hədəfə aldı

Əkrəm Həsənov: "İstənilən bankın nağdılaşdırmaya məhdudiyyət qoyması qanunsuzdur”

Azərbaycanda fəaliyyət göstərən bəzi kommersiya bankları sahibkarlar üçün nəzərdə tutulmuş plastik kartlardan nağdlaşdırmanı dayandırıb.Banklar bunu "Nağdsız hesablaşmalar haqqında” Qanunda nəzərdə tutulan nağdsız hesablaşmalara tətbiq edilən limitlər ilə əlaqələndirirlər.Qeyd edək ki, bu günlərdə Maliyyə Bazarlarına Nəzarət Palatasından banklara zəng edilib və şifahi şəkildə biznes kartlarından nağdlaşdırmanın dayandırılması tövsiyə olunub. Məlumat üçün bildirək ki, yeni qanunla əlaqədar bir qədər əvvəl iş adamlarının cari hesablarından vəsait çıxarılmasına limit qoyulub.

Ekspertlər isə bildirib ki, bu addım qanunvericilik tələblərinin pozulması deməkdir.Çünki qanunvericilik nağdsız hesablaşmaları qadağan etmir, məhdudlaşdırır.

Hüquqşünas, bank üzrə ekspert Əkrəm Həsənov "Cümhuriyət” qəzetinə bildirib ki, qanunda vəsaitlərin nağdlaşdırılmasına heç bir məhdudiyyət yoxdur:

"İstənilən şəxs bank hesabından istənilən qədər vəsaiti nağdılaşdıra bilər. Sadəcə, bu halda sahibkar və yaxud hüquqi şəxslərdən vergi tutulacaq.Bu baxımdan istənilən bankın nağdılaşdırmaya məhdudiyyət qoyması qanunsuzdur.Ümumilikdə istənilən bank sahibkara və ya hüquqi şəxsə deyə bilməz ki, ayda filan qədər nağdı vəsait çıxara bilər.Bu, Konstitusiyaya ziddir, eyni zamanda şəxsin mülkiyyət hüququnun kobud şəkildə pozulması deməkdir.

Əlbəttə, bank nağdlaşdırmaya məhdudiyyətlər qoya bilər.Bu zaman bank alternativ olaraq sahibkara vəsaiti başqa kartla və yaxud da bankın öz adından çıxarılmasını təklif edə bilər.Bu, bankın öz işidir.Məndə olan məlumata görə banklara bu göstərişi Maliyyə Bazarlarına Nəzarət Palatası göndərib.Palatanın bu göstərişi də qanunsuzdur.Vəsaitin verilib-verilməməsi hər bir bankın öz işidir”.

Hüquqşünas onu da qeyd edib ki, kartlardan vəsaitlərin nağdlaşdırılmasının qadağan edilməsi xüsusən də regionlarda nümayəndəliyi olan şirkət və təşkilatlar üçün çətinliklər yaradacaq: "Ümumiyətlə, regionlarda bu qanunların işləyə biləcəyi şərait yoxdur. Bunun özü əlavə suallar doğurur.Azərbaycanda bunu çox sərt addım kimi qiymətləndirmək olar”.

Y.Oqtayqızı





Həftənin ən çox oxunanları