Yuxarı

Nəzarət Palatası "qara pul” dövriyyəsini artırır

Nəzarət Palatası

Natiq Cəfərli: "Bu qadağalar iqtisadi aktviliyə mənfi təsir göstərir”

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) fəaliyyətə başladıqdan sonra bank sistemində yaranan problemləri həll etmək üçün sərt qadağalar tətbiq olundu.Bu qadağalar isə bank müştərilərinin azalmasına səbəb oldu.Belə ki, son olaraq banklarda nağd vəsaitin çıxarılmasına tətbiq etdiyi qadağalar pul köçürmələri üçün banklardan istifadə edən vətəndaşları alternativ yollar axtarmağa vadar edib. Elə bunun nəticəsidir ki, 2017-ci ilin yanvar-mart aylarında Azərbaycana pul köçürmələrinin həcmi 140,5 milyon dollar təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 21,6 faiz azdır. Tərəfdaş ölkələrdə iqtisadi vəziyyət respublikaya pul köçürmələrinin həcminə təsir edib.

İlkin qiymətləndirmələrə görə, 2017-ci ilin yanvar-mart aylarında onların həcmi 2016-cı ilin müvafiq dövründə qeydə alınmış 179,2 milyon dollara qarşı 140,5 milyon dollar təşkil edib. 2016-cı ildə Azərbaycana pul köçürmələrinin həcmi 564,1 milyon dollar, 2015-ci ildə 1 milyard 183 milyon dollar təşkil edib.

Banklara olan etibarsızlıq ölkəyə pul daxilolmalarını ciddi şəkildə azaldır.Artıq xaricdən pul göndərmək istəyən şəxslər isə banklar vasitəsilə deyil, pulu ölkəyə nağd formada müxtəlif yollarla gətirməyə çalışır.Bu zaman isə rüşvət, korrupsiya, qanunsuzluq, "qara pul” dövriyyəsi məsələləri gündəmə gəlir.

İqtisadçı-ekspert Natiq Cəfərli "Cümhuriyət” qəzetinə açıqlamasında ölkəyə banklar vasitəsilə pul köçürmələrinin azalmasını Mərkəzi Bankın və Maliyyə Bazarlarına Nəzarət Palatasının verdiyi yanlış qərarlarla izah edib. 

Ekspert vurğulayıb ki, rəsmi maliyyə qurumları qadağalar yolu ilə maliyyə sektorunu idarə etməyə çalışır:

"Bunun əsas səbəblərindən biri Azərbaycanda iqtisadi aktivliyin azalmasıdır. İqtisadi aktivliyin azalması fonunda isə xarici əlaqələr, idxalla-ixrac əməliyyatları, xaricdən pul köçürmələr, investisiya yatırımlarda ciddi geriləmələr və azalmalar var. Bütün bunlar isə hesab edirəm ki, Azərbaycan Mərkəzi Bankının və Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) apardığı səhv siyasətin nəticəsidir. Mərkəzi Bank və Palata son zamanlar bank sektorunda və əsasən də maliyyə sistemində qadağalar tətbiq edib və bu cür idarəçilik prinsipinə üstünlük verir.Dünyada 2 amilin, kapitalın və ideyanın qarşısını almaq mümkün deyil.Yəni, qadağalar tətbiq etməklə bunların qarşısını almaq olmaz”.

Natiq Cəfərli həmçinin vurğulayıb ki, qadağaların tətbiq olunması "qara pul” dövriyyəsini artıracaq:

"Nağd hesablaşmalara qadağalar, bank sektorunda məhdudiyyətlər artdıqca və bununla paralel olaraq heç bir təşfiq proqramı aparılmadıqca "qara pul” dövriyyəsi də artmağa başlayır. Mərkəzi Bank və əsasən də Palata bunu öncədən görməli idi və buna uyğun hərəkət etməli idi.Amma son qərarlar da onu göstərir ki, bank, maliyyə sektorunun qadağalar yolu ilə idarə olunmasına üstünlük verilir. Bu qərarlardan biri də iş adamlarının, əsasən də VÖEN-i olan şəxslərin öz şəxsi hesablarına bağlı olan bank kartlarından pul çıxarılmasına qoyulan qadağa oldu. Bu tamamilə absurd və məntiqsiz bir qərardır.Bu cür qadağalar nə qədər çox olacaqsa, ölkəyə qanunsuz olaraq daxil olan "qara pul” dövriyyəsi artacaq.Qadağalar yolu ilə bu məsələni həll etmək mümkün deyil”.

Natiq Cəfərli sonda bildirib ki, maliyyə qurumlarının tətbiq etdiyi qadağalar ölkənin iqtisadi aktivliyini məhv edir: "Ümumiyyətlə, iqtisadiyyatda əmr və qadağa yolu ilə siyasət aparılarsa, bu vəziyyətin daha da ağırlaşması ehtimalını artırır. Yəni, təşviqlər olmasa, yalnız qadağalar tətbiq etməklə rəsmi maliyyə qurumları çox uzağa gedə bilməyəcək.

Bu isə ilk növbədə iqtisadi aktivliyə zərbə vurur.İqtisadi aktivlik azaldıqca da əhalinin gəlirləri, iş yerləri azalır. Bu istiqamətdə rəsmi açıqlama da oldu ki, cari ilin yanvar-fevral aylarında ÜDM 1.2 faiz azalıb.Yəni, bu məlumatın özü göstərir ki, iqtisadi aktivlik çox aşağı səviyyədədir.Qoyulan qadağalar isə bu məsələyə mənfi təsir edən amildir.Nə qədər ki, yanaşma dəyişməyib, bu problem daha da dərinləşəcək”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları