Yuxarı

Fondun 12,5 milyon manatlıq zərəri

Fondun 12,5 milyon manatlıq zərəri

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) 2015-ci illə müqayisədə ötən il aktivlərini 6,06% artıraraq 1 mlrd. 17,384 mln. manata çatdırıb. SKMF-nin 2016-cı il üzrə audit hesabatına görə, aktivlərin 1 mlrd. 9,615 mln. manatını kredit təşkilatlarına verilmiş kreditlər təşkil edir. Müqayisə üçün qeyd edək ki, 2015-ci ildə bu rəqəm 958,234 mln. manat olub. Fondun öhdəlikləri 11 min manat təşkil edir. SKMF-nin kapitalının strukturuna nəzər saldıqda məlum olur ki, dövlət büdcəsindən ayrılmış vəsaitlər 1 mlrd. 6,286 mln. manat, kapitala əlavə daxilolmalar isə 11,064 mln. manatdır. Hesabat dövründə Fondun cəmi kapitalı 6,06% artaraq 1 mlrd. 17,373 mln. manat olub. 2016-cı ildə Fond əməliyyat gəlirlərini 70,76% artıraraq 19,656 mln. manata çatdırıb. SKMF ötən ili 12,499 mln. manat zərərlə başa vurub.

Maraqlıdır, fond bu zərəri necə tənzimləyəcək?

İqtisadçı-ekspert Akif Nəsirli Cebhe.info-ya açıqlamasında bildirib ki, dövlət fondu olduğu üçün SKMF vəziyyətdən çıxış yolu tapacaq:

"Nəzəri baxımdan ya dövlət büdcəsi, ya da hansı sahələrdə itkilər olub, həmin kapitalın sağlamlaşması hesabına zərəri aradan qaldırmaq mümkündür. Azərbaycan təcrübəsində isə fondlar zərəri dövlət büdcəsi hesabına ödəyir. Dövlətin əlində səhmləri olan banklar var ki, onların zərəri də dövlət büdcəsi hesabına aparılır. Beynəlxalq Bankı buna nümunə olaraq göstərmək olar. Artıq iki illik proqram müəyyənləşdirilib və  buna müvafiq olaraq bankın sağlamlaşdırılması, dəymiş zərərin ödənilməsi üçün 67 milyon  manat ayrılıb”.

Eskpert bildirir ki, SKMF ötən ili zərərlə başa vursa da, bu, fond üçün elə də böyük problem deyil:

"Düşünürəm ki, fondun elə bir problemi yoxdur. Asan şəkildə borcunu ödəyə bilər. Büdcə vəsaitlərinin azalmasına, kiçilməsinə baxmayaraq, digər vəsaitlər hesabına bu zərəri ödəmək mümkündür”.

Əlbəttə, bu il də eyni vəziyyətin yaranmaması üçün fondların fəaliyyətinə nəzarətin gücləndirilməsi vacib amildir:

"Süni şəkildə SKMF-nin vəsaitlərindən istifadə edilməsinin qarşısı alınmalıdır. Kapitalı elə istiqamətləndirmək lazımdır ki, götürülən vəsait sahibkara, onun iqtisadiyyatının qurulmasına kömək olsun. Bununla yanaşı qurulan işdən dövlət büdcəsinə vergilər şəklində vəsait daxil olsun. Fondun vəsaitləri güzəştli hesab olunur. Fond investisiya qoyduğu obyekti düzgün qiymətləndirməldir. Vəsait qoyularkən təsdiqlənməlidir ki, həmin mənbə inkişaf etmək potensialına malikdir”.

Xırda və orta sahibkarlıq üçün nəzərdə tutulan fond qoyduğu vəsaitlərin 60 faizini sahibkarlıq subyektlərinə ayırır. Ekspertin sözlərinə görə, fondun problemləri də elə burdan qaynaqlanır:

"İri sahibkarların arxasında dövlət orqanlarında çalışan dayaqları var. Onlar müxtəlif bəhanələr, saxta yollarla sənəd hazırlayaraq iddia edirlər ki, guya fonddan alınan vəsaitlə qurulan iş zərərlə qarşılanıb. Sahibkarın arxasında dövlət məmuru dayandığı halda vəsaitin geri alınmasında problemlər yaranır. Xırda və orta sahibkarlıqla məşğul olan şəxslər daha etibarlı və səmərəli fəaliyyətlə məşğuldurlar”.

Eskpert bildirib ki, zərərin artmaması üçün fondun hansı vəsait yatırmaq üçün müraciət edən obyektin fəaliyyətini, perspektivlərini araşdırmalıdır:

"Ölkədə pul qıtlığı var. Bu gün xırda və orta sahibkarlar götürdüyü vəsaitdən səmərəli şəkildə istifadə etsə də, iri sahibkarlar əks mövqe sərgiləyir, yerli- yersiz bu pulu xərcləyirlər. Bu gün fond üçün zərərin ödənilməsi problem deyil. Zərərə səbəb olan amilləri aradan qaldırmağa çalışılmalıdır”.

Nigar Məhərrəm





Həftənin ən çox oxunanları