Yuxarı

Kreditlərə böhran əngəli

Kreditlərə böhran əngəli

Akif Nəsirli: "Azərbaycan insanının gözü kreditdən qorxur”
 
Azərbaycanda regionların kreditləşməsi illik müqayisədə 779,055 milyon manat və ya 25,72 faiz azalaraq cari il mayın 1-nə 2 249,96 milyon manat təşkil edib. Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına görə, cəmi kreditlərdə regionların xüsusi çəkisi də azalıb. Regionların payı illik 1,59 faiz bəndi azalaraq 2017-ci il mayın 1-nə 14,56 faizə enib. Hesabata əsasən, cari il mayın 1-nə əsasən, Azərbaycanda maliyyə və kredit təşkilatları tərəfindən verilən kreditlərin 13 203,552 milyon manatı və ya 85,44 faizi Bakı şəhərinin payına düşüb.

Qeyd edək ki, ötən ilin müvafiq dövründə isə kreditləşmənin 15 729,667 milyon manatı və ya 83,85 faizi Bakı şəhərinin payına düşüb. Maraqlıdır, regionlara kredit verilmir, yoxsa region əhalisi kreditdən imtina edir?

İqtisadçı-ekspert Akif Nəsirli "Cümhuriyət” qəzetinə bildirib ki, ölkənin hər yerində olduğu kimi regionlarda da iqtisadi aktivlik son iki il içində aşağı düşüb: "Əgər iqtisadi aktivlik aşağı düşürsə, deməli, həm də tələbat aşağıdır. Birinci devalvasiyadan sonra banka borclu əhali o vaxta qədər aldığı kreditin problemləri ilə məşğuldur. Azərbaycan insanının gözü kreditdən qorxur. Digər tərəfdən keçmiş kreditlərin bağlanması problemi hər an onları təhdid edir. Həmçinin bankların özünün kreditvermə potensialı da aşağı düşüb. Banklar istənilən şəxsə kredit vermir, kredit şərtləri də kifayət qədər ağırdır. Burada məsələnin kökünü bir amilin üstündə cəmləmək mümkün deyil. Məsələyə kompleks şəkildə yanaşmaq lazımdır. Hazırda banklar manatla kredit verməkdə maraqlı deyillər. Bu gün ölkənin maliyyə sabitliyinə etibar azalıb.

Hər bir bankir və ya kredit verən sahibkar birinci növbədə kredit perspektivi barədə nikbin fikirdə olmalıdır. İkinci, ölkədə maliyyə sabitliyi olmalıdır. Xeyli müddətdir ki, manatın məzənnəsi sabit qalsa da, inflyasiya cilovlanmayıb. Kənd təsərrüfatı məhsullarının mövsümi olmasına baxmayaraq, istehlak məhsullarının qiymətləri artmaqda davam edir. Açıq inflyasiya şəraitində, qiymətlərin günbəgün artdığı bir vaxtda kredit verən şəxs kreditdən nə qazanacığını düşünür. Bu düşüncələr müsbət nəticələrə gəlməyə imkan vermir. Ölkədə iqtisadi passivlik olduğundan  sahibkarlıq subyektləri də kredit götürməkdə maraqlı deyillər. Düşünürəm ki, ölkədə kreditə olan tələbatın aşağı düşmə prosesi uzun müddət davam edəcək”.

Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları