Yuxarı

"Kölgədə qalan” iqtisadiyyat

Vüqar Bayramov: "Kölgə iqtisadiyyatının formalaşmasının əsas səbəbi ikili mühasibatlıqla bağlıdır”

Beynəlxalq Diplomlu Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyası (ACCA) qlobal gizli iqtisadiyyatın qiymətləndirmə və inkişaf proqnozuna həsr olunmuş tədqiqat aparıb. Gizli iqtisadiyyat üzrə araşdırmalar 28 ölkə arasında aparılıb. Tədqiqatın nəticələrinə görə ÜDM-in üçdə iki hissəsinin qeyri-formal sektorun payına düşdüyü Azərbaycan lider olub. Belə ki, Azərbaycanda qeyri-formal iqtisadiyyatın payı ÜDM-in 67 faizinə çatır ki, bu da dünya üzrə olduğundan, orta hesabla, təxminən üç dəfə çoxdur.

Gizli iqtisadiyyatın həcmi Nigeriyada (ÜDM-in 48 faizi), Ukraynada (ÜDM-in 46 faizi), Rusiyada (ÜDM-in 39,3 faizi) çox böyükdür, rüsvayçı reytinq favoritləri beşliyini isə 38 faiz göstəricisi ilə Şri Lanka qapayır. Ondan sonra Braziliya (ÜDM-in 35 faizi), Pakistan (ÜDM-in 32 faizi), Bolqarıstan (ÜDM-in 30 faizi), Estoniya (ÜDM-in 28 faizi) və Keniya (ÜDM-in 27 faizi) gəlir.

ACCA ekspertləri gizli iqtisadiyyatı dövlət tənzimlənməsi, vergiqoyması və nəzarəti sistemi hüdudlarından kənarda olan iqtisadi fəaliyyət və ondan əldə olunmuş gəlir kimi müəyyən edir. 2016-cı ilin yekunları üzrə gizli sektorun həcminin ən az göstərici ABŞ (ÜDM-in 7,8 faizi), Yaponiya (10 faizi) və Çində (10,2 faizi) qeydə alınıb.

ACCA-nın hesablamalarına görə, 2016-cı ildə qlobal ÜDM-də gizli iqtisadiyyatın payı 22,66 faiz təşkil edib. Ekspertlər proqnozlaşdırırlar ki, yaxın illərdə o, azalacaq: 2017-ci ildə 22,5 faizə, 2020-ci ildə 22,1 faiz və 2025-ci ildə 21,4 faizə enəcək. Rusiyada bu göstərici demək olar ki, dəyişmir və 2011-ci ildə 39,33 faiz təşkil edirdisə, ACCA-nın gözlədiyi kimi, 2025-ci ildə həmin səviyyədə - 39,3 faiz qalacaq.

Məruzədə deyilir ki, bir qayda olaraq, gizli sektor vergi yükünün yüksək, dövlətin biznesə təzyiqinin böyük və yoxsulluğun səviyyəsinin yuxarı olduğu, işgüzar sövdələşmələr və əməliyyatların rəsmi qeydiyyatsız və büdcəyə vergi ödənilmədən həyata keçirildiyi yerlərdə artır.

Söhbət, qeyri-formal məşğulluqdan, "kassanın yanından” keçməklə aparılan ticarətdən və xidmətlərin dövlət tənzimlənməsi olmayaraq göstərilməsindən gedir. Rusiyada olduğu kimi, Azərbaycanda qeyri-rəsmi biznesin inkişafına korrupsiyanın yüksək səviyyəsi, demokratik institutların zəifliyi və iqtisadiyyatda resessiya kömək edir.

Beləliklə, "gizli” sektorun milli ÜDM-də payına görə Azərbaycan nəinki MDB üzrə qonşularını, hətta Afrika ölkələrini ötüb. 2016-cı ildə gizli iqtisadiyyatın həcmi istehsal olunmuş ÜDM-in 67 faizini təşkil edib. 2016-cı ildə ÜDM real ifadədə 3.8 faiz azalmış və cari qiymətlərlə 60 milyard manat olub. Belə olanda da ötən il gizli iqtisadiyyatın həcmi 40 milyard 200 milyon manat (60 milyard AZN x 67 faiz) olub.

İqtisadçıların hesablamalarına görə Dövlət Neft Fondunun 2016-cı il ərzində əldə etdiyi gəlirlər ötən il Azərbaycanda korrupsiyaya və gizli iqtisadiyyata görə dövlət büdcəsindən yayındırılan vəsaitin 58 faizini təşkil edib. Araşdırmalar göstərir ki, gizli iqtisadiyyat tam leqallaşdırılsaydı və qeyri-formal dövriyyədən bütün vergilər tutulsaydı, onda hazırkı büdcənin gəlirlərini 2 dəfədən çox artırmaq olardı. Nəzərə almaq lazımdır ki, gizli iqtisadiyyatın leqallaşdırılmasından qazanan yalnız büdcə deyil, həm də pensiya fondu olur. Bu halda da sosial ödəmələrin artması hesabına pensiyaların orta məbləğini 2 dəfəyədək artırmaq olardı.

İqtisadçı-alim Vüqar Bayramov "Cümhuriyət” qəzetinə bildirib ki, sözügedən təşkilatın hansı metodologiyadan istifadə edərək bu rəqəmi müəyyənləşdirdiyini söyləmək çətindir: "Düşünmürəm ki, Azərbaycanda kölgə iqtisadiyyatı ÜDM-in 67 faizinə çatır. Çünki bu, çox böyük rəqəmdir. Bu rəqəm ÜDM-in təxminən üçdə iki hissəsindən çoxdur. Bu isə kifayət qədər böyük dövriyyədir. Belə bir dövriyyənin gizli iqtisadiyyatda olduğunu düşünmürəm. Bu baxımdan güman edirəm ki, metodologiyada qüsurlar var. Təbii ki, Azərbaycanın İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) alternativ olaraq gizli iqtisadiyyat, eləcə də ÜDM-da neft sektorunda payının ölçülməsi ilə bağlı tədqiqatlar aparırıq. Sözügedən beynəlxalq təşkilat tərəfindən hesabat hazırlanan zaman bizim mərkəzə müraciət edə bilərdi. Hesab edirəm ki, beyin mərkəzlərinin də bu istiqamətdə rəyinin öyrənilməsinə ehtiyac var. Sözsüz ki, Azərbaycanda kölgə iqtisadiyyatına qarşı mübarizənin aparılmasına ehtiyac var. Kölgə iqtisadiyyatının mərhələli şəkildə və daha tez müddətdə leqallaşdırılması vacibdir. Hazırda ABŞ-da daxil olmaqla bütün ölkələrdə kölgə iqtisadiyyatı var. Amma faiz nisbəti fərqlidir. Azərbaycan çalışmalıdır ki, kölgə iqtisadiyyatının ÜDM-də payını məhz inkişaf etmiş ölkələrin səviyyəsinə çatdıra bilsin”.

İqtisadçının sözlərinə görə Azərbaycanda kölgə iqtisadiyyatının formalaşmasının əsas səbəbi daha çox ikili mühasibatlıqla bağlıdır: ""Qara mühasibat”ın mahiyyəti ondan ibarətdir ki, işçiyə verilən əməkhaqqının az bir hissəsi rəsmiləşdirilir, çox hissəsi isə rəsmiləşdirilmir. Nəticə etibarilə həm hüquqi şəxs, həm də işçi vergi və məcburi dövlət sosial sığorta haqqını ödəməkdən yayınmış olurlar. Bəzi hallarda şirkətlərdə dövriyyənin rəsmiləşdirilməsi həyata keçirilmir və ya işçilər əmək müqaviləsi olmadan işə cəlb edilir. Bəzi hallarda isə şirkət qeydiyyatdan keçmədən belə müəyyən fəaliyyətlər göstərə bilir. Sahibkarların qeydiyyatdan keçmədən qeyri-leqal fəaliyyəti daha çox kiçik istehsal və xidmət sektorundadır.

Adətən, böyük istehsalat və xidmət sektorunda daha çox ikili mühasibat problemi olur. Ona görə də kölgə iqtisadiyyatı ilə bağlı problemləri qruplaşdırsaq, kiçik və böyük iqtisadiyyat üzrə bunların ayrılmasına ehtiyac var. Kiçik iqtisadiyyatda daha çox qeydiyyatdan keçmədən fəaliyyət göstərilirsə, böyük iqtisadiyyatda daha çox problem ikili mühasibatlığın olmasıdır. Bu problemlə də nəticə etibarilə kölgə iqtisadiyyatının həcminə təsir göstərir. Bu baxımdan kölgə iqtisadiyyatına qarşı mübarizənin uğurla aparılması üçün birmənalı şəkildə ikili mühasibatlığa qarşı mübarizə gücləndirilməlidir. Mühasibatlıq sisteminin tam olaraq rəsmiləşdirilməsinə ehtiyac var ki, şirkətlər hər iki mühasibatlıqdan istifadə etməklə qeyri-leqal iqtisadiyyatda işləməyə üstünlük verməsinlər”.

Bəs, hazırda Azərbaycanda gizli iqtisadiyyatın səviyyəsini necə dəyərləndirmək olar?

Vüqar Bayramov deyib ki, faizin qiymətləndirilməsi üçün sorğunun keçirilməsinə ehtiyac var: "Sorğu keçirilmədən, o cümlədən, ekspert qrupunun müzakirələri olmadan kölgə iqtisadiyyatının faizini müəyyənləşdirmək mümkün deyil. Təbii ki, bunlar olmadan təqdim olunan nəticələr real deyil. Faizlər və rəqəmə baxaraq ümumi rəy vermək mümkündür. Ancaq söhbət konkret faizin müəyyənləşdirilməsindən gedirsə, o zaman sorğuların və qrup şəklində ekspert müzakirələrinin keçirilməsi şərtdir. Kölgə iqtisadiyyatının konkret və real faizinin müəyyənləşdirilməsi üçün hökmən iş adamları və ev təsərrüfatları arasında da sorğu keçirilməlidir”.

Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları