Yuxarı

Dövlət sirri kimi qorunan taxıl ehtiyatı

Dövlət sirri kimi qorunan taxıl ehtiyatı

Oqtay Bayramov: "Yerli buğda bir ton üçün 300 manat olmaqla qəbul edilir”

Hazırda təsərrüfatlarda biçinin qızğın çağıdır, taxıl biçini sürətlə davam etdirilir.Azərbaycanda ümumilikdə biçiləcək 954 736 hektar taxıl sahəsinin 626 281 hektarını buğda, 328 455 hektarını isə arpa sahələri təşkil edir. Kənd Təsərrüfatı Nazirliyindən "Cümhuriyət” qəzetinə verilən məlumata görə, 6 iyun tarixinə nazirliyin rayon idarələri tərəfindən taxıl biçini barədə verilmiş məlumata əsasən artıq həmin sahələrin 600055,1 hektar (62,9%) biçilib. Bunun da 326 846,1 hektarı (52,2%) buğda, 273 209,0 hektarı (83,2%) isə arpa sahələridir. Ümumilikdə, 1 627 225,6 ton məhsul əldə olunub. Əldə olunan məhsulun 946 315,5 tonu buğda, 680 910,1 tonu isə arpa məhsuludur. Hər hektardan ümumilikdə məhsuldarlıq 27,1 sentner, buğda üzrə 29,0 sentner, arpa üzrə isə 24,9 sentner təşkil edir. 

Hər il Azərbaycanda təxminən 1,5 milyon taxıl istehsalı olunur, ancaq hələ də yüksək keyfiyyətli buğda istehsalı yoxdur. Daha doğrusu, Azərbaycan buğdası çörək istehsalı üçün yararlı hesab olunmur.Çünki Azərbaycanda istehsal olunan ərzaq buğdasının yapışqanlılığı azdır.Azərbaycan buğdasının keyfiyyəti demək olar ki, çox aşağı səviyyədə qiymətləndirilir. Ona görə də Azərbaycan hər il xaricdən taxıl idxal etmək məcburiyyətində qalır. Azərbaycana buğda əsasən Rusiya, Qazaxıstan və Ukraynadan gəlir.Ekspertlər hesab edir ki, keyfiyyətli buğda istehsalına nail olmaq üçün ilk növbədə torpağın keyfiyyətinin yaxşılaşdırılması məsələsi həll edilməlidir.Torpaq münbit hala gətirilməli, lazımlı elementlərlə təmin olunmalıdır.Eyni zamanda taxıl istehsalı ilə məşğul olan sahibkarlar aqrotexniki qaydalara mütləq əməl etməlidirlər.Burada ən vacib şərtlərdən biri də keyfiyyətli toxum istehsalı ilə bağlıdır.

Dövlət Taxıl Fondunun rəhbəri Zülfüqar Məmmədovun bu günlərdə verdiyi açıqlamaya görə, Azərbaycanda buğdaya olan tələbat yerli istehsal hesabına ödənilməlidir. Onun sözlərinə görə, bu ayın əvvəlindən  etibarən yerli istehsalçılardan ərzaqlıq buğdanın tədarükünə başlanılıb. Məhsulun keyfiyyətindən asılı olaraq 1 tonun qiyməti 300 manatdan başlayır. Fond rəhbəri hesab edir ki, yerli istehsaçılar məhsulun keyfiyyət göstəricilərinə az diqqət yetirirlər: "Təəssüflər olsun ki, yerli istehsalçılarımız yüksək keyfiyyətli ərzaq buğdası becərilməsində ya təcrübələri yoxdur, ya da buna diqqət etmirlər. Yüksək keyfiyyətli buğda tədarük eləmək bəzən çox çətin olur.Hazırda ölkədə bərk buğdaya ehtiyac var. Fermerlərimiz bərk buğdanın istehsalına meyl göstərmirlər.  Bu dəqiqə ölkəmizdə 35-40 min ton keyfiyyətli bərk buğdaya  və yumşaq buğdaya ehtiyac var”.

Qeyd edək ki, ötən il Azərbaycana 1,6 mln. ton buğda idxal olunub. Yerli istehsalçılar isə həmin dövr ərzində ümumilikdə 1 milyon 854 min  ton buğda istehsal edib. Azərbaycanda ərzaq səbətinin tərkibinə əsasən, adambaşına 186 kq ərzaqlıq buğda tələb olunur.Maraqlıdır, Azərbaycanda nə qədər taxıl istehsal edilməlidir?Tələbatımız nə qədərdir?Tələbatı ödəmək üçün xaricdən nə qədər taxıl idxal olunması nəzərdə tutulur?İstehsal nə qədər olacaq?

Fövqəladə Hallar Nazirliyinin mətbuat katibi Oktay Bayramov "Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, taxıl ehtiyatı qanunla dövlət sirri kimi qorunur: "İstehsal olunacaq rəqəm hələ bəlli deyil. Ötən il 1,6 mln. ton buğda idxal olunub. Yerli istehsalçılar isə həmin dövr ərzində ümumilikdə 1,854 mln.ton buğda istehsal edib. Bu ilin rəqəmləri payızda bilinəcək.Qəbul bu ayın 3-dən başlayıb.Cəmi 8 gündür”.

Qeyd edək ki, iddialara görə, Azərbaycana idxal olunan taxılda göbələk virusu aşkarlanıb. Yerli məhsulda belə bir problemin yaşanmasına gəlincə, Oktay Bayramov deyib ki, taxıl qəbulu xüsusi laboratoriya şəraitində aparılır: "Ciddi yoxlanılır, belə problem aşkar olunmayıb”.

Mətbuat katibi əlavə edib ki, nazirlik taxıl qəbulunda bəzi tələblər irəli sürür.Taxıl həmin tələblərə cavab vermirsə, qəbul edilmir. Belə ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Material Ehtiyatları Agentliyi Dövlət Taxıl Fondu üçün "Səngəçal Taxıl Elevatoru”, "Gəncə Taxıl Elevatoru”, "Abşeron Taxıl” MMC, "Dəvəçi-Dəyirman” MMC, "Karat-Holdinq” MMC, "Karmen” MMC, "Gəncə-Dəyirman” MMC, "N.Quliyev adına Bakı-Taxıl” ASC, "Aveta” MMC, "Neon” firması, "EL-Babatürk” MMC, "Pak-Nur” firması, "Xırman” MMC, "Rəşad” firması,”Səma”FF firması, "Avropa” firması, "Sarı sünbül” firması, "Azəri-Arapoğlu” US, T.Ltd BM və "Svinks” MMC müəssisələri vasitəsilə cari ilin iyul ayının 3-dən sentyabr ayının 1-nə kimi yerli buğda istehsalçılarından qiyməti bir ton üçün 300 manat olmaqla qəbul edilir. Taxıl bazarının konyunkturuna müvafiq olaraq qiymət dəyişə bilər: 

1. Dənin naturası (bir litrlik purkalarda qramla):
buğda üçün - 750 q/l-dən az olmamaqla
2. Alaq otları (zibil) qarışığı (faizlə):
buğda üçün - 2 faizdən çox olmamaqla
3. Dən qarışığı (faizlə):
buğda üçün - 5 faizdən çox olmamaqla
4. Nəmlik (faizlə)- bütün bitkilər üçün: 
13,0 faizdən çox olmamaqla
5. Yapışqanlıq :  3-cü sinif buğda üçün - 23 faizdən az olmamaqla 
yapışqanlığın keyfiyyəti: (göstərici: 65-75)
6. Şüşəvarilik:
3-cü sinif buğda üçün - 40% -dən az olmamaqla
7.  İyi və dad - bütün bitkilər üfunət, səməni, acıyovşan və ya dənli bitkilərə xas olmayan və onların emalı məhsullarına keçən (kerosin, benzin, sarımsaq və buna oxşar maddələr) digər iy və dad - yol verilmir 
8.  Sürmə ilə sirayətlənmiş dənlər - yol verilmir
9.  Anbar ziyanvericiləri ilə sirayətlənmə - yol verilmir
10. Digər əlamətlər - bütün bitkilər üçün karantin və iqtisadi cəhətdən təhlükəli xəstəlik, zərərverici və alaq otlarının toxumları olan dən (heyvanların yoluxucu və ya tarlada qışlayan xəstəliklərlə sirayətlənmiş, tərkibi toksiki elementlər, radionukleidlər, pestisidlərlə çirklənmiş dənlər, həmçinin ekoloji baxımdan əlverişsiz təsərrüfatlarda becərilmiş məhsul) - yol verilmir. Oqtay Bayramov vurğulayıb ki, bu keyfiyyət göstəricilərinin tələblərinə cavab verməyən və məhsulun keyfiyyət göstəriciləri barədə akkreditə olunmuş laboratoriyadan sertifikatı olmayan buğda məhsulu qəbul edilmir.Eyni zamanda taxılın özüboşaldan yük maşınları ilə gətirilməsi tövsiyyə edilir.

Alçina Amilqızı





Həftənin ən çox oxunanları