Yuxarı

Banklar böhrandan çıxa bilmir

Banklar böhrandan çıxa bilmir

Vüqar Bayramov: "Banklar xərclərinə qənaət etmək əvəzinə filiallarını bağlamağa üstünlük verirlər”

Son illər Azərbaycanda nağdsız ödənişlərin stimullaşdırılması ilə bağlı müvafiq tədbirlər görülür. Mərkəzi Bank, Vergilər Nazirliyi və digər aidiyyatı qurumlar isə müəyyən güzəştlər həyata keçiriləcəyini bildiriblər. Aparılan bütün işlərə baxmayaraq, ölkədə nağdsız ödənişlər bir çox sahələrə tətbiq edilməyib. Bundan başqa, insanlar arasında maarifləndirmə işi də yüksək səviyyədə təşkil olunmayıb.

Nağdsız ödənişlərin aparılmasında, əlbəttə ki, aparıcı rolu banklar oynayır. İstehlakçıların rahatlığını təmin etmək üçün bank filiallarının fəaliyyətində də yeniliklər tətbiq olunub. Lakin görünən odur ki, ölkədə nağdsız ödənişlərə keçid qərarı olmasına rəğmən, bu xidməti göstərəcək əsas qurum olan banklar böhrandan çıxa bilmir. Belə ki, bu ilin yanvar ayından mayın 31-dək bankların ümumilikdə 9 filialı fəaliyyətini dayandırıb. Yanvarın 1-nə ölkədə bankların filiallarının sayı 569 olubsa, mayın sonuna bu göstərici 560-a qədər azalıb. Bundan başqa, may ərzində bankomatların sayında da azalma qeydə alınıb. Belə ki, mayın sonuna ATM-lərin sayı 17 ədəd azalaraq 2476-ya düşüb.

İqtisadçı-ekspert Vüqar Bayramov "Cümhuriyət” qəzetinə açıqlamasında bank filiallarının bağlanmasını onların maliyyə imkanları ilə əlaqələndirib. Ekspertin fikrincə, banklar xərclərinə qənaət etmək əvəzinə filiallarını bağlamağa üstünlük verirlər. Xüsusilə də filialların birləşməsi prosesi aparılır. Nəticədə isə filiallarda çalışanlar işsiz qalır və bu, ölkədəki ümumi işsizlik göstəricisinə təsir edir: "Əslində filialların bağlanması bank sektoru üçün arzuolunan deyil. Çünki filiallar nə qədər çox olarsa, daha çox istehlakçıya rahat və operativ xidmət göstərilər. Həm Mərkəzi Bank, həm də Maliyyə Bazarlarına Nəzarət Palatası bankların filiallarının qorunub saxlanılması üçün təkliflər hazırlamalıdır”.

Ekspert hesab edir ki, filialların bağlanması nəticəsində yaranan boşluğu daha çevik, mobil və səyyar filiallarla əvəz etmək olar. "Bundan başqa bankomatların sayının artırılmasına və və funksiyalarının genişləndirilməsinə ehtiyac var”, - deyə V.Bayramov vurğulayıb. Ekspert əlavə edib ki, əgər banklar likvidliyini artıracaqsa, o zaman filiallar qorunub saxlanar. 
Bu isə edilən pul yatırımlarından və investisiyaların geri qayıtmasından (yəni, öz pulunu çıxardaraq, gəlir gətirməsi) birbaşa asılı olacaq.

Ekspertin çıxışından da aydın olduğu kimi, hazırda bank sektorunda vəziyyət daha da çətinləşir. Banklar verdikləri kreditləri geri ala bilmədiyi üçün və depozit qoyan müştərilərin sayının azalması səbəbindən ciddi maliyyə itkisi ilə üzləşiblər. Bu dolayısı ilə müştərilərin banklara olan etibarını azaldır, həmçinin, dolayısı ilə nağdsız ödənişlərin genişlənməsinin də qarşısını alır. İnsanlar əllərindəki pulu qorumağa və ənənəvi üsulla alış-veriş etməyə üstünlük verirlər.

Fərid Ədalət





Həftənin ən çox oxunanları