Yuxarı

Manata payız sınağı

Manata payız sınağı

Akif Nəsirli: "Ölkədə xarici valyutanın bahalaşması qaçılmazdır”

Ölkədə baş verən iki kəskin devalvasiya Azərbaycanın iqtisadi mənzərəsini kifayət qədər fərqli istiqamətlərə yönləndirdi. Belə ki, devalvasiyadan sonra banklar iflas həddinə çatdı, istehsal və idxal olunan məhsulların qiyməti ən az iki dəfə bahalaşdı. Bu gün isə dolların manata nisbətdə məzənnəsi 1.70 civarındadır. Uzun müddətdir ki, dollar-manat münasibətləri nisbətən sabit qalsa da müstəqil ekspertlər sentyabr-oktyabr aylarında yeni bahalaşma dalğasının gələcəyini deyirlər. Bəs Azərbaycan iqtisadiyyatı üçüncü kəskin devalvasiyaya hazırdırmı? Əgər növbəti kəskin devalvasiya baş verərsə, Azərbaycanda iqtisadi mənzərə necə olacaq?

İqtisadçı-ekspert Akif Nəsirli "Cümhuriyət” qəzetinə açıqlamasında deyib: 

"Mütəxəssis olmayanlar da artıq bilir ki, devalvasiydan sonra nələr baş verir. Ölkədə xarici valyutanın bahalaşması qaçılmazdır. Əgər bu baş verərsə, ölkədə yeni iqtisadi və psixoloji ajiotaj yaranacaq. Ölkənin iqtisadi arenasında üzdə görünənlərdən fərqli olaraq gizli proseslər də gedir. Əslində devalvasiyadan sonraki dövrlərdə nələrin baş verdiyini iqtisadçılar kimi, sadə vətəndaşlar da yaxşı bilir. İstehsal, ölkəyə idxal olunan məhsulların daha kəskin bahalaşması baş verir. Müşahidə olunan mənzərə fonunda yenidən devalvasiya baş verərsə, iqtisadiyyatın daha da kiçilməsinin şahidi olacağıq. Ölkədə devalvasiyanın təsiri altında sahibkarların bir hissəsi də sıradan çıxacaq. Yəni onsuz da aşağı olan  istehsal bir qədər də zəifləyəcək. Bütün istiqamətlərdə devalvasiya Azərbaycan iqtisadiyyatının zərərinə işləyəcək. Ancaq baş verənlərdən nəticə çıxarmağı bacaran iqtisadi komanda baş verə biləcək mümkün devalvasiyalara qarşı adekvat proqramlarla çıxış etməlidir. Yəni, iqtisadiyyatın kiçilməsinin, sahibkarların sıradan çıxmasının qarşısını almaq üçün yeni dövlət proqramları işlənib hazırlanmalıdır. Hökumət sahibkarları, daha doğrusu, daxili istehsalı qorumalıdır. Əks tədqirdə, ölkəni daha acınacaqlı böhran gözləyir”.

Ekspertin sözlərinə görə, hazırkı durumda da ölkədə iqtisadi kiçilmə yavaş-yavaş da olsa, gedir: 

"Hökumət öz monopoliyasında olan qiymətləri yalnız qaldırmaq yolunu tutub. Bu tendensiya da sahibkarlıq fəaliyyətinin daha da məhdudlaşmasına, çevrənin kiçilməsinə səbəb olur. Qiymətlər artdıqca az gəlirli sahibkarlar var ki, istər-istəməz sıradan çıxır. Bütün bunların qarşısını almaq üçün Azərbaycan hökuməti ciddi proqramlarla çıxış etməlidir. Azərbaycan iqtisadiyyatını dirçəltmək üçün mümkün variantlar axtarılıb tapılmalı və proqramlar həyata keçirilməlidir. Hökumət bəzən düşünür ki, müstəqil iqtisadçıların təklifləri sözdə asandır, amma bunları həyata keçirmək böyük məsuliyyətidir. Məsələn, mən danışıram, amma mənim məsuliyyətin yoxdur. Doğrudan da bu belədir. Məni də, digər iqtisadçıları da məsuliyyətə cəlb etmək üçün vətəndaş cəmiyyəti ilə birlikdə koalision iqtisadi komandanın yaradılmasına ehtiyac var. Hökumət Vətəndaş Cəmiyyəti ilə birlikə iqtisadi komanda yaradılsa, verilən təkliflərdən bəhrələnmək daha da effektli olar. Demokratik dövlət ona görə inkişaf edir ki, onlar Vətəndaş Cəmiyyətindən və ya siravi vətəndaşdan gələn təkliflərə qucaq açır. Azərbaycanda isə bu cür təkliflər nədənsə hökumətdə qıcıq doğurur. İllərdir ki, biz bunu açıq şəkildə müşahidə edirik. Düşünürəm ki, vəziyyətdən çıxmaq üçün hökumət Vətəndaş Cəmiyyətinin təkliflərini qəbul etməlidir. Təbii ki, Vətəndaş Cəmiyyətindən hökumətə zərərli təkliflər də gələ bilər. 

Hökumət bütün təklifləri qəbul edib, araşdırmalı və Azərbaycan iqtisadiyyatının xeyrinə olan təklifləri dəyərləndirməlidir. Bunun üçün də Vətəndaş Cəmiyyətini də msuliyyətə cəlb etməlidir və koalision iqtisadi komanda yaratmalıdır. Dövlətin aparıcı şəxsləri həmin koalisiyaya daxil olmalı və ölkədə iqtisadi yöndə fəaliyyət göstərən vətəndaş cəmiyyətləri ilə birgə işləməlidir. Ümumi müzakirələr aparıb çıxış yolları tapılmalıdır”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları