Yuxarı

Milli valyutalar dollar təhdidindən qurtuldu?

Milli valyutalar dollar təhdidindən qurtuldu?

Natiq Cəfərli: "Xaricdə dolların məzənnəsinin artması gözlənilir”

Uzun zamandır ki, manat dollar qarşısında sabit olaraq, 1.70 məzənnə civarında qalmaqdadır.Bu isə valyuta bazarında müəyyən qədər çaşqınlıq yaradır.Qeyd edək ki, ötən gün yayılan rəsmi məlumatlarda ölkədə dollar satışının kifayət qədər azaldığı göstərildi.Bu isə manatın müəyyən qədər möhkəmlənməsi anlamına gəlir.Bütün bunları nəzərə alsaq, manata təhlükənin keçdiyini deyə bilərikmi?

"Bu, üzən məzənnə deyil”

İqtisadçı-ekspert Natiq Cəfərli "Cümhuriyət” qəzetinə açıqlamasında manatın sabitliyini Mərkəzi Bankın süni müdaxiləsi ilə əlaqələndirir. N.Cəfərli hesab edir ki, Mərkəzi Bank israrla üzən məzənnə rejimində olduğunu desə də bu belə deyil: 

"Manatın uzun zaman 1.70 məzənnədə qalmasının yeganə səbəbi inzibati tənzimləmə qaydasıdır. Azərbaycan Mərkəzi Bankı nə qədər israrla manatın üzən məzənnə rejimində olduğunu desə də, bu üzən məzənnə deyil.Üzən məzənnə rejiminə bu cür müdaxilələr olmur.Mərkəzi Bank onlayn qaydada 24 saat valyutanın məzənnəsini müəyyənləşdirir.Rusiya, Qazaxıstan və digər bir sıra ölkələrdə birjalar inzibati qaydada müəyyənləşdirilmiş məzənnə ilə fəaliyyət göstərir.Azərbaycanda isə həftədə 2 dəfə hərrac keçirilir.Satıcı bir orqan, Neft Fondudur.Fond Mərkəzi Bank vasitəsilə dolları satışa çıxarır.Alıcılar isə cəmi 21 bankdır.

Hərracdan-hərraca rəqəm dəyişir, ancaq yenə də banklardan başqa alıcı yoxdur.Yəni, alıcı və satıcı, satılacaq dolların miqdarı öncədən bəlli olduqda buna üzən məzənnə rejimi demək mümkün deyil.Qeyd edim ki, hər dəfə hərracda 33 milyon dollar satılır.Manatın 1.70 məzənnədə möhkəmlənməsinin səbəbi Mərkəzi Bankın likvididliyinin saxlanılması üçün Neft Fondundan əlavə 7.4 milyard manat vəsaitin verilməsidir.Mərkəzi Bank bu vəsaitdən istifadə edərək həm də öz ehtiyatlarını artırdı.Digər tərəfdən də idxalın xeyli azaldığını müşahidə etdik.Bu ilin 6 ayında idxal 17 faiz azalıb.Bunun da əsas səbəbi ölkədə alıcılıq qabiliyyətinin aşağı düşməsidir.Yəni, real gəlirlər azalıb, alıcılıq aşağı düşüb və buna görə də idxal məhsullarına ehtiyac zəifləyib”.

Ekspertin sözlərinə görə, reallıq görünənlərdən fərqlidir:

"Amma reallıq ondan ibarətdir ki, Azərbaycanın idxaldan asılılığı ciddi səviyyədədir. Yeni tədris ili gəlir və 1.5 milyon müəllim, tələbə, şagird yeni mövsümə  hazılaşacaq. Geyimdən tutmuş dəftər-kitaba qədər demək olar ki, bütün məhsullar xaricdən idxal olunur. Hesablamalara görə hər il ortalama bu məhsulların idxalına 350-400 milyon dollar (700 milyon manat) xərclənir. Bu da təbii şəkildə dollara olan ehtiyacı artıracaq.İş adamları dollar almalıdır ki, ölkəyə məhsul gətirə bilsinlər”.

Natiq Cəfərli hesab edir ki, ilin sonuna qədər bir sıra önəmli hadisələrin baş verəcəyi gözlənilir:

 "Xaricdə dolların məzənnəsinin artması gözlənilir. Çünki FES nəinki ilin sonuna qədər faizi artıracaq, əlavə dollar likvididliyinin bazardan çəkilməsinə qərar verəcək. Cannet Yellenin son çıxışında likvididliyi azaldacaqlarının ilk siqnallarını verdi. Bu da dünyada dollar indeksinin bahalaşmasına səbəb ola bilər. Buna paralel olaraq neftin qiymətləri ilə bağlı problemlər yaşanır.OPEC analaşmasının həyata keçirilməsinə, Rusiyanın bu razılaşmaya qoşulmasına baxmayaraq, neft əksinə olaraq 55-56 dollarda 47-48 dollara qədər enib.Bu da təbii ki, Azərbaycanın gəlirlərinə təsir göstərir.Əvəzində isə ilin son, IV rübündə xərcləmələr sürətlə artmağa başlayır.

Yəni, manat dövriyyəsi artır və bunun bir hissəsi də valyutaya yönəlir.Bu amilin özü də manata basqı yaradacaq amillərdən biridir. Yəni, təhlükə o zaman keçər ki, ya neftin qiyməti kəskin artsın (oxu: 80 dollardan yuxarı), təəssüf ki, bu da yaxın gələcək üçün mümkün görünmür, ya da qeyri-neft sektoru o, qədər inkişaf etməlidir ki, ölkəyə külli miqdarda valyuta gəlsin. Bu da qısa zamanda həyata keçə biləcək məsələlər deyil.Bu gün əgər Azərbaycan ixracatının 90-92 faizi neftdən asılıdırsa, bunu aşağı salmaq üçün illər lazım olacaq”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları