Yuxarı

Mərkəzi Bank "qurban” verilir?

Mərkəzi Bank

Manatın iki kəskin devalvasiyasından sonra müflis vəziyyətinə düşən banklara nəzarət funksiyası Azərbaycan Mərkəzi Bankının əlindən alınaraq yeni yaradılmış Maliyyə Bazarlarına Nəzarət Palatasına (MBNP) verildi.Ümumiyyətlə, 9 fevral 2015-ci ildən etibarən AMB-nin bir çox səlahiyyətləri əlindən alınaraq Palatanın səlahiyyətlərinə verildi.Bu günlərdə isə AMB-nin daha bir səlahiyyəti əlindən alınıb.Belə ki, "Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən banklara kreditlərin verilməsi Qaydaları”nda dəyişikliklər edilib.Dəyişikliyə əsasən, AMB artıq banklara məqsədli kreditlər verə bilməz. Bu qərar "Azərbaycan Mərkəzi Bankı haqqında” qanunda dəyişikliklər edilməsi barədə” 2017-ci il 25 aprel tarixli qanunun tətbiqi haqqında Prezidentin sərəncamının icrası məqsədilə ilə həyata keçirilib.

Qeyd edək ki, Milli Məclis bu il aprelin 25-də "Azərbaycan Mərkəzi Bankı haqqında" qanuna dəyişikliklər edilməsi haqqında qanun layihəsini təsdiq edib. Dəyişikliklə kredit təşkilatlarına məqsədli kreditlərin verilməsi maddəsinə dəyişiklik edilib və 49.1-ci maddə ləğv edilib.Bundan əvvəl qanunun 49.1.1 maddəsində deyilirdi ki, Mərkəzi Bank sosial-iqtisadi əhəmiyyətli layihələrin maliyyələşdirilməsi, habelə iqtisadiyyatın real sektoruna maliyyə dəstəyinin təmin edilməsi məqsədilə dövlət zəmanəti əsasında banklara məqsədli kreditlər verə bilər. 49.1.2 maddədə isə qeyd olunurdu ki, məqsədli kredit üzrə borc öhdəliyinin dövlət zəmanəti hesabına həyata keçirilməsi zərurəti yarandıqda və bu öhdəliyin tam və ya bir hissəsinin icrası Mərkəzi Bankın razılığı ilə dövlətin buraxdığı borc qiymətli kağızlarilə həyata keçirildikdə, Mərkəzi Bank emissiya şərtlərinə uyğun olaraq həmin qiymətli kağızları ilkin bazarda əldə edir.

AMB-nin səlahiyyətlərinin ləğv olunması bu qurum haqqında yeni qərarların veriləcəyini istisna etmir.Ekspertlərin sözlərinə görə, AMB-nin səlahiyyətlərinin alınması bu qurumu maliyyə bazarlarına təsirinin tam şəkildə məhdudlaşmasına hesablanıb.Ümumiyyətlə, AMB-nin yaxın gələcəkdə tam publik hüquqi şəxsə çevrilmək ehtimalı daha yüksəkdir.Nəzərə almaq lazımdır ki, Mərkəzi Bank hal-hazırda yalnız hərraclarda valyuta satışı ilə məşğul olur və Dövlət Neft Fondu hesabına milli valyutanın məzənnəsini inzibati qaydada tənzimləməklə işini bitmiş hesab edir.Maliyyə bazarında digər bütün səlahiyyətlər Maliyyə Bazarlarına Nəzarət Palatasına aiddir.

Qeyd edək ki, bir müddət öncə də Azərbaycanda bankların qiymətli metallar və qiymətli daşlarla əməliyyatlarına nəzarət etmək səlahiyyətləri Mərkəzi Bankdan Maliyyə Bazarlarına Nəzarət Palatasına verilmişdi.Bu qərar Milli Məclisin "Qiymətli metallar və qiymətli daşlar haqqında” qanununun 16.3-cü maddəsinə dəyişiklik etməsilə tənzimləndi.Qanuna dəyişikliklərə əsasən, bankların qiymətli metallar və qiymətli daşlarla əməliyyatlarına nəzarət bank nəzarəti çərçivəsində qanunla müəyyən edilmiş qaydada maliyyə bazarlarına nəzarət orqanı (Maliyyə Bazarlarına Nəzarət Palatası) tərəfindən həyata keçiriləcək.Ekspertlər manatın kəskin devalvasiyaya məhz 1.55 məzənnə ilə getməsinin də səbəbini Mərkəzi Bankın yanlış maliyyə siyasətinin nəticəsi kimi qiymətləndirir.Bu və bu kimi amillər Mərkəzi Bankın ölkə iqtisadiyyatında etibarlılığını tamamilə aşağı saldı.Bundan sonra Mərkəzi Bankın əlində qalan səlahiyyətlərinin yavaş-yavaş əlindən alınacağı və formal qurum kimi fəaliyyət göstərəcəyi ehtimalı yüksəkdir.Digər tərəfdən Mərkəzi Bankın hökumətin etimadını doğrultmadığı da açıq şəkildə görünür.Bu baxımdan gözlənilən qərarların tezliklə veriləcəyi daha çox inandırıcıdır.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları