Yuxarı

Ayaqqabıdan paltaradək: Hər şeyi xaricdən alırıq

Ayaqqabıdan paltaradək: Hər şeyi xaricdən alırıq

Geyimlər milyonlarla pulu Azərbaycandan aparır: Çıxış yolu nədir? 

Azərbaycanda bir çox sahələrdə istehsal zəif və ya ümumiyyətlə, olmadığı üçün idxala üstünlük verilir.Bu səbəbdən ölkədən milyonlarla vəsait çıxır.Halbuki, həmin məhsulları özümüz istehsal etsək, pul da özümüzdə qalar və daxili bazarın tələbini təmin edərik.Məlumat üçün qeyd edək ki, 2017-ci ilin 1-ci rübünün statistik göstəriciləri üzrə təxmini hesablamalar apardıqda ilk üç ayda Azərbaycana 125 milyon dollarlıq ölkədə istehsalı mümkün olan geyim vasitələrinin gətirildiyini görmək olar.

1-ci rübdə ölkəyə təxminən 43 milyon dollarlıq toxuculuq məhsulu olan geyim idxal edilib.Başqa növ paltarların idxalı 31 milyon dollar, ayaqqabıların idxalı isə təxminən 20 milyon dollar təşkil edib.Əslində, Azərbaycan təkcə daxili bazarını öz istehsalı hesabına keyfiyyətli malla təmin etməklə ümumi daxili məhsulu (ÜDM) və məşğulluğu qat-qat artıra bilər.

Məlumdur ki, bir çox mağazalar xaricdən kiloqramla gətirdiyi geyimləri dəyərində 5-10 dəfə baha qiymətə satır.Lakin, həmin geyimlər öz ölkəmizdə istehsal olunsa, xaricdən gətiriləndən daha ucuz başa gələr, hətta keyfiyyətində də çox ciddi fərq olmaz.Daha bir statistik rəqəmə diqqət yetirək. Bu ilin yanvar-iyun aylarında toxuculuq sənayesi, geyim, dəri və dəri məmulatlarının, ayaqqabı istehsalı sahələrində 106,3 milyon manat dəyərində məhsul istehsal edilib.

Dövlət Statistika Komitəsindən bildiriblər ki, ötən ilin yanvar-iyun ayları ilə müqayisədə toxuculuq sənayesində 2,1 dəfə, geyim istehsalında 57,1 faiz artım, dəri və dəri məmulatları, ayaqqabı istehsalında isə 55,8 faiz azalma müşahidə olunub.

Bunun səbəbi əhalinin gəlirlərinin azalması ilə bağlıdır.Mağaza sahibləri xaricdən gətirdiyi geyimlərin qiymətlərini hər gün yüksəldir. Nəticədə, gəliri azalan insanlar daha az geyim almaq məcburiyyətində qalıblar. Bundan başqa, bu ilin yanvar-may ayları ərzində Azərbaycanda 66,4 min cüt ayaqqabı istehsal edilib. Bu da ötən ilin müvafiq dövründən 11% az olub.

May ayında ölkədə ayaqqabının qiymətində aprel ayına nisbətən 0,5% artım qeydə alınıb. Hesabat dövründə isə ayaqqabının qiyməti illik müqayisədə 19,7% artıb. Göründüyü kimi, qiymətlər artır, idxal və satış isə azalır.Bunun çıxış yolu daxili bazarı canlandırmaq, fabriklər üçün rəqabətli mühit formalaşdırmaqdadır.Kənd təsərrüfatına son 2 ildə yaradılan şərait geyim istehsalında da olmalıdır.Ən azından daxili bazarda tələbatı qarşılamağı bacarmalıyıq.Bu həm də əhalinin gəlirlərinə uyğun seçim şansını da çoxaldacaq.

Mingəçevirdə fəaliyyətə başlayacaq Sənaye Parkında 9 fabrik - pambıq iplik, akril iplik, yun iplik, corab məhsulları, ayaqqabı istehsalı, toxuma, parça boyama, tikiş və tibbi kosmetika fabrikləri inşa edilib istifadəyə veriləcək. Məlumata görə, Mingəçevir Sənaye Parkı Azərbaycanın sənaye sahəsində idxaldan asılılığın aradan qaldırılmasında və ixrac potensialının artırılmasında, milli tekstil brendlərin yaradılmasında, ixtisaslı kadrların hazırlanmasında və yeni iş yerlərinin açılmasında ciddi rol oynayacaq. Mingəçevir Sənaye Parkında ilkin mərhələdə 2 min yeni iş yerinin açılması nəzərdə tutulub. Park tam gücü ilə fəaliyyətə başladıqdan sonra isə iş yerlərinin sayı ümumilikdə, 5,5 minə çatdırılacaq. Ümid edirik ki, bu fabriklər işə düşəndən sonra yuxarıda qeyd edilən problem də həll olunacaq.

Yusif





Həftənin ən çox oxunanları