Yuxarı

Bankların yeni kredit toru

 Bankların yeni kredit toru

Əkrəm Həsənov: "Əhalinin gəlirləri xeyli azalıb və indiki şəraitdə onlara kredit vermək olmaz”

Ölkədə baş verən iki kəskin devalvasiyadan sonra banklar maliyyə çatışmazlığı ilə üzləşdi. Bunun əsas səbəbi isə geri dönüşü olmayan kreditlərin (oxu: problemli kreditlərin) həcminin çox olması ilə izah olunurdu. Əslində isə bu məsələdə bir neçə qaranlıq məqamlar var. Belə ki, banklar üzləşdikləri problemin əsasını məhz özləri qoyub.Devalvasiyadan öncə kredit qaydalarına uyğun olaraq gəlir və xərclərin düzgün yoxlanılmadan və demək olar ki, kredit üçün müraciət edən hər kəsə tək şəxsiyyət vəsiqəsi ilə kredit verən bankların hal-hazırda ümumi kredit portfelinin 50-70 faizi məhz problemli kreditlərdir.

Devalvasiyadan öncə vətəndaşların gəlirləri bank faizlərinə adekvat olduğundan kreditlər gecikmə ilə olsa da ödənilirdi.Qeyd edək ki, həmin dövrlərdə banklar kreditlərin böyük həcmini məhz dollar ekvivalentində verirdilər.Bu isə devalvasiyadan sonra kredit xərclərinin 85-90 faiz civarında artmasına səbəb oldu ki, bu da vətəndaşların bank qarşısında öhdəliklərini yerini yetirməyi mümkünsüz etdi.

Əslində bu problemlərin yaranmasında əsas "pay” sahibi məhz banklar özüdür. Bu problemin bu dərəcədə artması bankların maliyyə-kredit siyasətinin nə qədər yanlış olduğunu göstərdi.Bank sistemində yaranan problemlər isə ümumilikdə iqtisadi aktivliyi zəiflətdi. Bu gün ölkə iqtisadiyyatının ciddi şəkildə kiçilməsin də bank sistemində yaranan vəziyyətin böyük rolu var. Məhz buna görədir ki, hökumət bank sistemini sağlamlaşdırmağa çalışdı, ancaq niyəsə proses yarımçıq saxlanıldı. Prosesin yarımçıq saxlanılmasının özündə də müxtəlif cavabı olmayan suallar var. Belə ki, əgər proses davamlı olsaydı bazarda nə qədər bank qalacaqdı? Bu sual böhran dövründə ən çox müzakirə olunan məsələ oldu.Ekspertlər hesab edirdi ki, əgər bankların sağlamlaşdırılması prosesi sürətlə getsəydi, bazarda maksimum 10 bank qalacaqdı.Bu gün bankların verdiyi hesabatlara nəzərə salsaq, məhz 8-9 bankın likvidlik dərəcəsinin yüksək olduğunu görürdük. Yerdə qalan bankların hesabatlarında isə ötən ili və bu ilin ilk 6 ayını zərərlə başa vurduğunu görmək mümkündür. Qeyd edək ki, bu məlumatların bankların yaydığı rəsmi hesabatlara istinadəndir.

Ekspertlər yaranan problemləri bankların yeganə və ən yüksək gəlir mənbəyi olan kreditləşməni dayandırması ilə əlaqələndirir.Banklar isə vəziyyətdən çıxış yolu olaraq kreditləşməni bərpa etməyə başlayırlar. "Cümhuriyət” qəzetinə daxil olan məlumata görə banklar yenidən əvvəlki qaydada kreditləşməyə start verəcək. Sadə şərtlərlə, ancaq əvvəlki qaydada yüksək faizlərlə kredit verərək bank itirdikləri gəlirləri kompensasiya etməyə çalışır.Ancaq bank sisteminin, əhalinin gəlirlərinin, ödəniş qabiliyyətinin daha da ağırlaşdığını nəzərə alsaq, bu problemli kreditlərin həcminin daha da artmasına xidmət edəcək.Qeyd edək ki, bankların ortalama kredit faizi 32.5 faiz civarındadır.Bu da mövcud durumda çox yüksək hesab olunur.Kredit faizlərinin bu qədər yüksək olması isə bazarda rəqabətli mühitin, yəni xarici bankların olmamasıdır.Xarici banklar bazara girmədiyi üçün rəqabətli mühit yaranmır, bu da faizlərin yüksək saxlanılması üçün banklara xüsusi imkanlar yaradır.

Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov "Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, problemli kreditlərin böyük həcmi əslində oğurlanan pullardır: 

"Əslində bankların kredit verməməsi demək doğru deyil. Bank kredit vermirsə o, bankın fəaliyyət göstərməsinin heç bir mənası yoxdur.Bank sisteminin əsas məqsədi məhz kredit verməkdir.Cari durumda problemli kreditlərin çox olması o, anlama gəlməməlidir ki, banklar kredit vermir.Sadəcə olaraq, banklar son 2 ildə çox məhdud səviyyədə kreditləşməyə gedirdi.Bir sıra hallarda cinayət əməlləri törədərək banklar kredit verirdi.Yəni, kredit adı altında bankdan pul çıxarırlar. Məsələn, bu gün Baş Prokurorluq məlumat yayıb ki, "Bank Standart”dan 20 milyondan artıq məbləğ kredit adı ilə bankdan çıxarılıb. Yəni, problemli kreditlərin mütləq əksəriyyəti onunla bağlı deyil ki, banklar düzgün kredit verib və müştərilər onu geri qaytarmır. Amma əlbəttə ki, bir neçə il bundan əvvəlki vəziyyət indi yoxdur. Əhalinin gəlirləri xeyli düşüb.Bu baxımdan banklar kredit verməkdə çox ehtiyatlı olmalıdır.Amma yenə də kifayət qədər sahibkar, vətəndaş var ki, öz kredit borcunu ödəyə bilər.Əgər təbii ki, ona sərfəli, ədalətli, uzunmüddətli kreditlər verirsə.Banklar əgər düzgün maliyyə-kredit siyasəti aparsalar, hesab edirəm ki, problemli kreditlərin həcmi artmaz.Amma istənilən halda əvvəlki qaydada çox kredit vermək düzgün deyil.Əhalinin gəlirləri xeyli azalıb və indiki şəraitdə onlara kredit vermək olmaz.Ancaq heç kredit verməməkdə düzgün deyil”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları