Yuxarı

Dolların da mövsümü var

Dolların da mövsümü var

Akif Nəsirli: "Kənd təsərrüfatıməhsullarının yığımı bitdikdən sonra yenidən xarici məhsullara ehtiyac yaranacaq”

Manatın uzun zamandır dollar qarşısında sabit, 1.70 civarında qalması "Azərbaycanda sabit məzənnə hökm sürür” fikrini formalaşdırıb. Ötən ayın sonlarına qədər manat digər valyutalara qarşı da eyni dayanıqlığı göstərsə də sonradan dollardan fərqli olaraq digər valyutalara qarşı ucuzlaşmağa başladı. Belə ki, manat ən çox Avro qarşısında, təxminən 11 faiz ucuzlaşdı. Hal-hazırda Avronun manata nisbətən rəsmi məzənnəsi 1.9963 civarındadır. Bəs manatı dollar qarşısında da eyni aqibət gözləyə bilərmi?

Ekspertlər hesab edir ki, Azərbaycan Mərkəzi Bankı dolların məzənnəsi ötən dövrlərdə olduğu kimi sabit saxlaya bilməyəcək. Çünki avqust ayında dollara təlabat ciddi şəkildə artır. Federal Ehtiyatlar Sisteminin son iclasında dolların uçot dərəcəsini bu il ərzində növbəti dəfə artıracağının siqnalını verməsi də yaxın günlərdə məzənnənin bahalaşacağına təsir göstərəcək amillərdəndir. Çünki FES nəinki ilin sonuna qədər faizi artıracaq, əlavə dollar likvididliyinin bazardan çəkilməsinə qərar verəcək. FES rəhbəri Cannet Yellenin son çıxışında likvididliyi azaldacaqlarının ilk siqnallarını verdi. Bu da dünyada dollar indeksinin bahalaşmasına səbəb ola bilər. 

Digər tərəfdən neftin dünya bazarındakı qiymətləri ilə bağlı da ciddi problemlər yaşanır. Dünya bazarında neft qiymətlərinin bahalaşması üçün bir sıra addımlar atılsa da görünən odur ki, neft 47-50 dollar civarında qalmağa davam edir. İqtisadiyyatı neftdən asılı olan ölkələrdə isə bu milli valyutanın ucuzlaşmasına təkan verən amillərdəndir. Azərbaycan Mərkəzi Bankı bu və bu kimi təsirləri aradan qaldırmaq üçün manat dövriyyəsinin həcmini azaltmağa cəhd edir. Ancaq son müşahidələr göstərir ki, manatın dövriyyəsi artır və bunun bir hissəsi də valyutaya yönəlir. Bu amilin özü də manata basqı yaradacaq amillərdən biridir. 

Ekspertlərin fikrincə manata qarşı yaranan təhlükə o zaman keçər ki, neftin qiyməti kəskin artsın (oxu: 80 dollardan yuxarı). Təəssüf ki, bu da yaxın gələcək üçün mümkün görünmür, ya da qeyri-neft sektoru o, qədər inkişaf etməlidir ki, ölkəyə külli miqdarda valyuta gəlsin. Əks halda manatın dollar qarşısında sabit qalması mümkün olmayacaq və yaxın günlərdə dolların müəyyən qədər bahalaşmasını görəcəyik.

İqtisadçı-ekspert Akif Nəsirli "Cümhuriyət” qəzetinə açıqlamasında manata bütün valyutaların təzyiq göstərdiyini deyib:

"Manata qarşı yalnız dolların təzyiqləri az müşahidə olunur. Çünki bu dövr ərzində dollar daha sabit görünür. Amma bu da onun nəticəsi deyil ki, manat dollar qarşısında möhkəmlənir. Yalnız avqust ayında deyil, kənd təsərrüfatı mövsümü bitdikdən sonra manata qarşı təzyiqlərin daha da artacağı qaçılmazdır. Bu da təxminən payız aylarına təsadüf edəcək. Ölkədə nə qədər ki, daxili istehsal genişləndirilməyib, iqtisadi qaynaqlar yaradılmır, bu təzyiqlərin olması manatın digər valyutalar qarşısında öz dəyərini itirməsi müşahidə olunacaq. Milli valyutanın arxasında kifayət qədər məhsul və ya qızıl dəyəri yoxdursa, istənilən valyuta ucuzlaşmağa məhkumdur”.

Akif Nəsirli hesab edir ki, manatın ucuzlaşmasına birbaşa səbəb axtarmağa ehtiyac yoxdur:

"İqtisadiyyat zəif, idxaldan asılı olduğu üçün milli valyutanın da ucuzlaşması təbii haldır. Bunun qarşısını almaq üçün yalnız iqtisadiyyatı idxaldan, xarici istehsaldan asılılıqdan azad etmək lazımdır. Nə qədər ki, bu asılılıq var manatın ucuzlaşma təhlükəsi də qalır. Kənd təsərrüfat məhsullarının yığımı bitdikdən sonra yenidən xarici məhsullara ehtiyac yaranacaq ki, bu da valyuta tələb edəcək. Bu baxımdan yenidən manatın ucuzlaşması intensiv şəkil alacaq. Bu o demək deyil ki, idxaldan birbaşa uzaqlaşmaq lazımdır. Sadəcə olaraq, nə qədər kənd təsərrüfatı məhsulu ixrac ediriksə, o, həcmdə də məhsul idxal etmək lazımdır”. 

Vilayət Muxtar