Yuxarı

OPEC də nefti xilas edə bilmədi

OPEC də nefti xilas edə bilmədi

İlham Şaban: "Neftin ucuzlaşması ona dəlalət edir ki, bazar iştirakçıları əvvəlki qədər heç də böyük ümidlər bəsləmir”

Avqustun 7-8-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Abu-Dabi şəhərində Neft İxrac Edən Ölkələr Birliyinə (OPEC) üzv olan və olmayan neft hasilatçılarının təcili iclası keçirilir.Əsas müzakirə obyekti təşkilata üzv ölkələrin öhdəliklərini tam yerinə yetirməməsi məsələsidir.İclasın nəticəsi barədə yekun qərarı olmasa da, xəbərsizlik dünya birjasında neftin qiymətinə təsirsiz ötüşmədi.Belə ki, avqustun 8-də günün birinci yarısına olan məlumata görə dünya birjalarında neft ucuzlaşdı. Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,17 dollar və ya 0,34 faiz azalaraq 49,41 dollar təşkil edib. 

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,19 dollar və ya 0,62 faiz azalaraq 52,23 dollar olub. Təhlilçilər dünya bazarında neftin qiymətinin ucuzlaşmasının neft ixracatçısı ölkəsi kimi Azərbaycana da təsir edəcəyini istisna etmir.Ekspertlər neftin ucuzlaşmasının təsirlərini yaxın vaxtlarda hiss olunacağını düşünür.

"Neft Araşdırmaları” Mərkəzinin rəhbəri İlham Şaban "Cümhuriyət” qəzetinə bildirib ki, dünya birjasında neftin 20 sent ucuzlaşması və yaxud bahalaşması tənzimlənməlidir:

"Neftin qiyməti bir əmtəə kimi bazarda gedən hər hansı informasiya və yaxud da tələb-təklif nəticəsində dəyişir. Digər tərəfdən neftin qiyməti gündəlik yox, hər dəqiqə dəyişir. Hazırda neftin qiymətində 17-19 sent civarında dəyişiklik olub. Günün ikinci yarısı necə olacağı bəlli deyil.Ona görə də bunu şərh etmək bir qədər qeyri-ciddidir.Ümumiyyətlə, neftin qiyməti artanda bunun Azərbaycana xeyri var. Çünki Azərbaycan neft ixrac edən ölkədir.Onu da qeyd etmək lazımdır ki, ölkəmiz gündə bir tanker neft ixrac edir.Biz hər saatda bir tanker ixrac etmirik ki, deyək bunun hazırda bizə xeyri var, ya yox. Ona görə də dünya birjasında olan ucuzlaşmanın təsirini sabah deyə bilərik ki, bu gün keçirilən hərracın Azərbaycana xeyri nə oldu, zərəri nə. Çünki gün ərzində mütəmadi dəyişikliklər olur”.

Ekspert OPEC-ə üzv olan və olmayan neft hasilatçılarının avqustun 7-8-də keçirilən toplantısına toxunaraq əlavə edib ki, bazar iştirakçıları bu görüşün nəticələrinə çox böyük ümidlər bəsləyir:

"Görüşün nəticələri barədə məlumat avqustun 8-9-da açıqlanacaq. Faktiki olaraq bazar iştirakçıları ümidlərini bu görüşə bağlayıb.Neftin ucuzlaşması ona dəlalət edir ki, bazar iştirakçıları əvvəlki qədər heç də böyük ümidlər bəsləmir.Əvvəllər neftin qiyməti 52.05-dən yuxarı həddə çatmışdı.Göründüyü kimi hazırda neftin qiyməti o həddə deyil”.

OPEC toplantısından sonra hasilatının azaldılmasına dair razılığa gəlincə, İlham Şaban bildirib ki, bu, iclasın qərarından asılı olacaq: "Hələ ki, bir neçə ölkə arasında pozitiv siqnallar var. Ancaq ortada OPEC ölkələrinin vahid qərarı yoxdur”.

Qeyd edək ki, Beynəlxalq Energetika Agentliyinin (İEA) məlumatına görə, Əlcəzair və Venesuela öz öhdəliklərinə orta hesabla, müvafiq olaraq 70 faiz və 39 faiz əməl edib. Digər problemli ölkələr isə İraq və BƏƏ-dir ki, onlar da öhdəliklərini müvafiq olaraq 29 faiz və 60 faiz yerinə yetiriblər.İEA-dan verilən məlumatda həmçinin bildirilir ki, iyun ayında OPEC+ neft hasilatının azaldılması anlaşması üzrə öhdəlik ümumiyyətlə, 78 faiz yerinə yetirilib.May ayında bu göstərici 95 faiz təşkil edib.

Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları