Yuxarı

Nazirliyin alternativ ət planı var

Nazirliyin alternativ ət planı var

Qalib Abduləliyev: "Kiçik ailə təsərrüfatlarının yaradılması istiqamətində iş gedir”

2017-ci ilin yanvar-iyul aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2016-cı ilin müvafiq dövrünə nisbətən 14%, o cümlədən, ərzaq məhsullarının qiymətləri 18,2%, qeyri-ərzaq məhsullarının qiymətləri 12,6%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 9,6% bahalaşıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, cari ilin iyul ayında iyun ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,1%, o cümlədən, qeyri-ərzaq mallarının qiymətləri 1,6%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 0,4% bahalaşıb, ərzaq məhsullarının qiymətləri isə 1% ucuzlaşıb.

Ay ərzində unun, qarabaşaq və manna yarmasının, makaron məmulatlarının, toyuq ətinin, yumurtanın, balıq məhsullarının, günəbaxan və qarğıdalı yağlarının, şəkər və şəkər tozunun, bananın, almanın, armudun, alçanın, şaftalının, qarpızın, yemişin, pomidorun, badımcanın, yerkökünün, kartofun, tütün məmulatlarının qiymətlərində ucuzlaşma, mal və qoyun ətinin, pendirin, kərə və zeytun yağlarının, limonun, soğanın, sarımsağın qiymətlərində isə bahalaşma müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

İyul ayında iyun ayı ilə müqayisədə qeyri-ərzaq mallarından parçaların, ayaqqabıların, inşaat materiallarının, benzinin, mebel və ev əşyalarının, xalça və digər döşəmə örtüklərinin, kiçik elektrik cihazlarının, soyuducuların, tozsoranların, alət və avadanlıqların, velosipedlərin, minik avtomobilləri üçün ehtiyat hissələrinin qiymətlərində bahalaşma, geyimin, səs və təsvir yazılışı üçün daşıyıcıların, kondisionerlərin, fərdi kompüter və mobil telefonların qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.İyul ayında əvvəlki aya nisbətən əhaliyə göstərilən ödənişli xidmətlərdən paltarların təmizlənməsi, təmiri və kirayəsi xidmətinin, dəmiryol və taksi nəqliyyatı ilə sərnişindaşıma xidmətlərinin, respublikadan kənara istirahət turlarının qiymətlərində bahalaşma, ev və məişət xidmətlərinin, hava nəqliyyatı ilə sərnişindaşıma xidmətinin qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Qeyd edək ki, istehlak bazarında bahalaşma ət və ət məhsullarına da təsirsiz ötüşməyib.İstehlak bazarında baş mal və məhsulların bahalaşmasını artıq Kənd Təsərrüfatı Nazirliyi də qismən təsdiq edib.Son bir neçə ayda ölkədəki bahalaşma ilə razılaşmayan nazirlik indi bu prosesin açıq-aydın baş verdiyinin fərqindədir.Hətta fərqindədir ki, təkcə ətin qiyməti iki ay ərzində bir neçə dəfə bahalaşıb.

Maraqlıdır, bəs bahalaşmanın qarşısını almaq mümkün olacaqmı?Bundan çıxış yolu nədir?

Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq məhsullarının istehsalı, emalı, damazlıq işi və otlaqlar şöbəsinin müdiri Qalib Abduləliyev  "Cümhuriyət” qəzetinə bildirib ki, əsas strateji istiqamət heyvandarlıq məhsullarının artırılması, intensiv texlogiyalarının  tətbiqi, həm heyvandarlıqda, həm də yerli istehsalda intensiv təsərrüfatların yaradılmasının stimullaşdırılmasından ibarətdir: "Bu strateji xətt artıq götürülüb və ildən-ilə dinamik olaraq artımla irəliləyir. Ona görə də müəyyən müddətdən sonra bu problemlər aradan qalxacaq”.

Qalib Abduləliyev qeyd edib ki, Kənd Təsərrüfatı Nazirliyinin Strateji Yol Xəritəsində kiçik ailə təsərrüfatlarının yaradılması istiqamətində də iş gedir. 

Alçina Amilqızı





Həftənin ən çox oxunanları