Yuxarı

Payız bahalaşmasının ilk addımı atıldı

Payız bahalaşmasının ilk addımı atıldı

Akif Nəsirli: "Qarşıdakı aylarda bu bahalaşmanı müşayət edən inflyasiya gözlənilir”

Artıq sentyabr bahalaşmasının ilk əlamətləri görünür. Bazarlarda kərə yağının qiyməti artıb. Kərə yağı isə  ən çox istifadə olunan məhsullardandır. Xüsusilə, azərbaycanlılar qida rasionunda, mətbəxdə geninə-boluna kərə yağı işlətməyi sevirlər. Çox ehtimalla bazarlarda bahalaşmanın qabarıq şəkildə baş vediyini sentyabr ayının ortasından sonra görəcəyik. Qeyd edək ki, Azərbaycan yağa olan tələbatını idxal hesabına ödəyir. Cari ilin 6 ayında ölkəyə 32 688.14 min dollar dəyərində - 7 767.35 ton kərə yağı idxal edilib. Ekspertlərin fikrincə, sentyabr ayından etibarən qalan məhsulların da bahalaşacağı istisna deyil. Belə ki, yaxın günlərdə un, çörək, yem, ət, süd, yumurta və bir sıra ərzaq məhsullarının bahalaşması da gözlənilir.

Ətdən sonra növbə yağa keçdi. Qalan məhsulların taleyi necə olacaq?

İqtisadçı-ekspert Akif Nəsirli "Cümhuriyət” qəzetinə deyib ki, sentyabr ayının sonlarında bazarlarda olan mövsümi kənd təsərrüfatı məhsulları qıtlaşması ilə ölkə bazarlarlarında ümumi bahalaşma tendensiyası müşahidə olunacaq: "Payıza doğru irəliləyən zamanda əsasən qış aylarında ölkədə bahalaşma dalğası qaçılmazdır. Bunun da əsas səbəbi ölkə iqtisadiyyatının hələ də əsaslı şəkildə idxaldan asılı olmasıdır. Azərbaycanda kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində müəyyən layihələr həyata keçirilir. Hələ ki, bu layihələr ölkənin daxili bazarında qiymətlərin sabit saxlanmasına şərait yarada bilmir. Nə vaxtsa ola bilsin ki, baş versin. Amma hazırda onu Azərbaycan iqtisadiyyatı təmin edə bilmir”.

Ekspert əlavə edib ki, bahalaşma əsasən idxal mallarında baş verəcək: "Məsələ burasındadır ki, bizim yerli istehsalın da əksər hissəsi idxaldan asılıdır. Tutaq ki, ətin yayda bahalaşmasını çox az hallarda müşahidə edirdik. Amma bu yay ət bahalaşdı. Onun ardınca kərə yağının qiyməti qalxdı. Bu da həmin qrupdandır. Meyvə-tərəvəz qıtlaşdıqca sözsüz ki, qiymətlərdə artım olacaq. Tutaq ki, alma ucuzlaşacaq. Ümumiyyətlə isə qarşıdakı aylarda bu bahalaşmanı müşahidə edən inflasiya gözlənilir”.

Qeyd edək ki, ilin əvvəlindən Avropada kərə yağının qiyməti 100% artım göstərib. Ancaq iyun ayında kərə yağı 14% bahalaşıb. Buna səbəb kimi süd istehsalındakı azalma, tələbdə isə artım amilləri göstərilir.

Avropadakı qida şirkətləri yaxın aylarda qida bazarında kərə yağı qıtlığının yaranacağını və qiymətlərin bir qədər də artacağını bildirir. İyul ayında Avropanın nəhəng qida şirkəti olan "Arla”nın baş icraçı direktoru Peder Tuborq bildirib ki, 2016-cı ildə 200 bəndə bərabər olan FAO kərə yağı indeksi hazırda 400 bəndi ötüb. O, yaxın günlərdə şirniyyat məhsullarının qiymətinin artacağını qeyd edib. Hollandiyanın "Rabobank” qlobal süd məhsulları mütəxəssisi Kevin Bellami kərə yağına tələbatın artdığını, insanların onun sağlamlığa zərər yetirməsinə inanmadıqlarını xatırladıb. Analitiklər qlobal kərə yağı ehtiyatlarının ciddi azalma göstərdiyini bildiriblər. Belə ki, Avropa İttifaqında iyunun 1-nə kərə yağı ehtiyatları 1 396 tona kimi geriləyib. Qeyd edək ki, bu rəqəm 2016-cı il iyunun 1-də 92 548 ton təşkil edib. Yəni, azalma 99% təşkil edib.

Azərbaycan 2016-cı ildə 14,365 min ton kərə yağı idxal edib. Bunun dollar ekvivalentində dəyəri isə 48,384 mln. təşkil edib. Bu ilin ilk 6 ayında isə idxal 7,767 min ton olub. Lakin bu ilin ilk 6 ayında kərə yağı idxalına 32,688 mln. dollar sərf olunub. Proqnozlar onu göstərir ki, ilin sonuna qədər qiymətlərdə bir artım olmasa, kərə yağı idxalına 65 mln. dollara yaxın vəsait ödəniləcək. Bu da ötən ilə nisbətən təxminən 17 mln. dollar və ya 35%-ə yaxın çoxdur. Kərə yağı ilə yanaşı digər süd məhsullarının da qiymətinin artacağı gözlənilir ki, bu da idxalın valyuta ekvivalentində yüksəlməsinə gətirib çıxaracaq.

Alçina Amilqızı






Həftənin ən çox oxunanları