Yuxarı

7 milyard borcumuz var

7 milyard borcumuz var

Natiq Cəfərli: "Ölkənin əsas borcunun beynəlxalq maliyyə qurumlarına olmasının mənfi cəhəti ondan ibarətdir ki...”

Gürcüstanın xarici dövlət borcu və dövlət zəmanəti altında götürülən kreditlərin həcmi 4,9 milyard dollar təşkil edib. Gürcüstanın Maliyyə Nazirliyinin yaydığı xəbərə görə, ümumi borcun 4,8 milyard dolları hökumətin payına düşür. Gürcüstanın Azərbaycana dövlət borcu 9 milyon 342 min dollar təşkil edir. Qonşu ölkənin ən çox Almaniya (284 milyon dollar), Yaponiya (208 milyon dollar) və Fransaya (təqribən 114 milyon dollar) dövlət borcu var. Gürcüstanın Türkiyə, Rusiya və Ermənistana olan dövlət borcu müvafiq olaraq 18 milyon, 75 milyon və 11 milyon dollar təşkil edir.

Müqayisə üçün bildirək ki, Azərbaycanda hər adamın 1232 manat xarici dövlət borcu var. Dövlət büdcəsində 2017-ci il üçün Azərbaycan Respublikasının daxili dövlət borcunun yuxarı həddi (limiti) 1000 milyon manat, xarici dövlət borcunun yuxarı həddi (limiti) 500 milyon manat müəyyən edilib.

Bu barədə Hesablama Palatasının 2017-ci ilin altı ayı üzrə əsas makroiqtisadi göstəricilərin və büdcə parametrlərinin təhlilində qeyd edilib.Məlumata görə daxili dövlət borclanması, əsasən, daxili bazarda dövlət istiqrazlarının emissiyası və dövlət zəmanətlərinin verilməsi ilə, xarici dövlət borclanmasında isə beynəlxalq maliyyə kredit təşkilatları ilə kredit sazişlərinin bağlanması nəzərdə tutulub.

"Dövlət borcu haqqında” Qanuna əsasən, daxili və xarici dövlət borcunun yuxarı hədləri (limitləri) Azərbaycan Respublikasının milli valyutası ilə müəyyənləşdirilir.Həmçinin yeni dövlət borcalması dövlət borcunun əsas məbləğinin qaytarılması üzrə vaxtı çatmış öhdəliklərin ödənilməsinə yönəldildikdə, bu borcalma dövlət borcunun yuxarı həddinə (limitinə) daxil edilmir.

"Azərbaycan Respublikasının 2017-cı il dövlət büdcəsi haqqında” Qanunun tətbiqi barədə” prezidentin 27 dekabr 2016-cı ildəki Fərmanı ilə Maliyyə Nazirliyinə "Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Qanunun 13-cü maddəsi ilə təsdiq edilmiş daxili və xarici borcalmanın, il ərzində veriləcək dövlət zəmanətlərinin məbləğini yuxarı həddi (limiti) çərçivəsində bazar konyukturasından asılı olaraq milli və xarici valyutada borcalmanın, o cümlədən, dövlət istiqrazlarının buraxılışının həyata keçirilməsi üçün tədbirlər görülməsi tapşırılıb.

Hesablama Palatasına dövlət borcu və dövlət öhdəliklərinin istiqamətləri üzrə borclanma ilə bağlı müvafiq məlumatlar daxil olmasa da, təqdim olunmuş operativ məlumatlara əsasən, 2017-ci il iyulun 1-nə beynəlxalq maliyyə-bank qurumları və digər kredit təşkilatları ilə ümumilikdə 11,2 milyard ABŞ dolları məbləğində kredit sazişləri imzalanıb ki, bu, 2017-ci il yanvarın 1-nə olan vəziyyətlə müqayisədə 285,4 milyon ABŞ dolları və ya 2,6 faiz çoxdur.

Borclu təşkilatların təqdim etdiyi operativ məlumatlara əsasən həmin kredit sazişləri əsasında istifadə olunmuş kreditlər üzrə Azərbaycanın xarici dövlət borcunun ümumi məbləği 2017-ci ilin 6 ayı ərzində 193,5 milyon ABŞ dolları və ya 2,8 faiz artaraq 7,1 milyard ABŞ dolları təşkil edib. İstifadə olunmuş və dövlət borcu hesab edilən kreditlərə görə xarici dövlət borcu ümumi daxili məhsulun 18,2 faizinə bərabər olub. Adambaşına düşən xarici dövlət borcu isə 1232 manat təşkil edib. 2017-ci il iyulun 1-i vəziyyətinə xarici borc üzrə alınan kreditlərin valyuta tərkibi aşağıdakı kimi olub:

XBH (Beynəlxalq Valyuta Fondunun Xüsusi Borcalma Hüquqları) - 7,6 faiz; ABŞ dolları ilə - 75,4 faiz; avro - 13,0 faiz; yapon yeni - 2,5 faiz; digər valyutalar üzrə isə 1,5 faiz. Ölkəyə cəlb edilmiş kreditlərin 32,0 faizini sabit dərəcə ilə olan kreditlər, 68,0 faizini isə dəyişkən dərəcə ilə olan kreditlər təşkil edib. Xarici dövlət borcunun 57,9 faizi hesabat dövründən sonra 10 ilə qədər olan müddətdə, 38,0 faizi 10 ildən 20 ilə qədər olan müddətdə, 4,1 faizi isə 20 ildən yuxarı olan müddətdə kreditorlara qaytarılmalıdır.

2017-ci ilin 6 ayı ərzində dövlətin daxili borcu 431,4 milyon manat və ya 35,1 faiz azalaraq 798,7 milyon manat təşkil edib.

Təqdim olunmuş məlumatlara əsasən daxili dövlət borcunun təqribən 303 milyon 300 min manat, xarici dövlət borcu üzrə isə təqribən 549,0 milyon manatı şərti öhdəlik kimi qeydə alınıb. Məlumatda Azərbaycanın hansı ölkələrə və yaxud beynəlxalq təşkilatlara nə qədər xarici dövlət borcu olması açıqlanmayıb.Maraqlıdır, Azərbaycanın hansı ölkələrə xarici dövlət borcu var?

İqtisadçı-ekspert Natiq Cəfərli "Cümhuriyət” qəzetinə bildirib ki, Azərbaycanın xarici dövlət borcu dövlətlərə deyil, böyük maliyyə kooperasiyalarınadır: "Azərbaycan Avropa Rekonstruksiya və İnkişaf Bankından, Asiya İnkişaf Bankından, Dünya Bankından və Beynəlxalq Valyuta Fondundan əlavə kredit götürür. Bu gün ölkənin beynəlxalq valyuta təşkilatlarından götürdüyü borcların həcmi daha yüksəkdir.Azərbaycanda borcların hesablanma qaydası da doğru deyil.Gürcüstanda daha detallı şəkildə elan olunur.Ancaq Azərbaycanda bu günə qədər imzalanmış və istifadə olunmuş vəsait borc kimi dövlət tərəfindən qəbul olunur.Halbuki istifadə olunmamış vəsaitin də öhdəlikləri var. Yəni, bir müddət sonra Azərbaycan müqavilə əsasında həmin vəsaiti cəlb edəcək.Bu günə qədər Azərbaycanın dövlət olaraq imzaladığı ümumi borc təqribən 11.6 milyard dollardır.Amma ölkədə rəsmi statistika bunu 8.9 milyard dollar kimi göstərir.Çünki 11.6 milyard dollar borcun 8 milyarddan çoxu istifadə olunub, qalanı isə hələ istifadə olunmayıb.Nədənsə bunu borc kimi göstərmirlər. Bu da adam sayına düşən borcun həcminə də təsir göstərir. Çünki rəsmi rəqəmlərdə adam sayına düşən borcun həcmi daha aşağı göstərilir”.

Natiq Cəfərlinin sözlərinə görə, Azərbaycanda borc problemi ciddidir: "Təəssüf ki, Azərbaycanda bu sahədə şəffaflıq çatışmır. Ölkənin əsas borcunun beynəlxalq maliyyə qurumlarına olmasının mənfi cəhəti ondan ibarətdir ki, Azərbaycanın özünün kredit reytinqi düşdükcə, həmin təşkilatlardan verilən kreditlərin faizləri də artır.Təəssüf ki, son iki ildə Azərbaycanın kredit reytinqi düşüb və həmin təşkilatlardan alınan borcların həcmi isə artıb.Deməli, Azərbaycanın borc yükü - yəni, faizə ödəyəcəyi vəsait getdikcə artacaq.Əsasən də 2020-ci ildən sonra büdcədən ayrılan ən böyük ayırmalar məhz borclara yönələcək”.

Digər ölkələrin Azərbaycana olan borcuna gəlincə, iqtisadçı qeyd edib ki, rəsmi Bakının Belarus, Serbiya, Montoneqro və Gürcüstanla borc müqaviləsi olub.

Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları