Yuxarı

Nağdsız hesablaşmalardan nə qazandıq?

Nağdsız hesablaşmalardan nə qazandıq?

Bu ilin əvvəlindən "Nağdsız hesablaşmalar haqqında” Qanun qüvvəyə minib. Məqsəd ölkədə mülki dövriyyənin iştirakçıları arasında aparılan əməliyyatların və hesablaşmaların şəffaflığını, istehlakçıların hüquqlarının müdafiəsini təmin etmək, nağd pul hesablaşmalarının nağdsız hesablaşmalarla əvəzlənməsini stimullaşdırmaq, bank sisteminin inkişafını sürətləndirməkdir.

Vergilər nazirinin müavini İlkin Vəliyev müsahibəsində bu qanunun qəbulundan sonrakı dövrdə nağdsız ödənişlərin dövriyyəsinin artdığını bildirib: 

"”Nağdsız hesablaşmalar haqqında” Qanunun tətbiqi öz səmərəli nəticəsini verir. Belə ki, qanunun tətbiqi nəticəsində iqtisadiyyatın bütün sahələrində nağdsız ödənişlərin dövriyyəsinin artmasına, xərclərin şəffaflığının təmin edilməsinə, gəlirlərin, əmək haqlarının və digər ödənişlərin leqallaşmasına və digər iqtisadi göstəricilərin yüksəlməsinə şərait yaranıb. Bu isə vergi ödəyiciləri tərəfindən vergilərin düzgün hesablanıb ödənilməsi, vergidən yayınma hallarının azalması və vergi sahəsində şəffaflığın artmasına səbəb olub. Konkret rəqəmlərə müraciət edək. Məsələn, cari ilin bitən dövrü ərzində mal, iş və xidmətlərin alınmasına görə nağd pul məxarici 62,6 faiz, ticarət müəssisələri üzrə 67,5 faiz, əmək haqqı və digər ödənişlər üzrə 75,3 faiz azalıb. Qanunun gələcək tətbiqi qeyd etdiyim sahələrdə səmərəliliyin daha da artmasına imkan yaradacaqdır”.

"Nağdsız hesablaşmalar haqqında” Qanuna əsasən nağdsız hesablaşma dedikdə bir şəxsin bank hesabından digər şəxsin bank hesabına köçürülməklə, eləcə də ödəniş vasitələri, ödəniş terminalları və birbaşa nağd qaydada satıcının bank hesabına köçürülməklə həyata keçirilən hesablaşmalar nəzərdə tutulur. Əgər hər iki tərəf vergi ödəyicisi olarsa, bu zaman onlar arasında hesablaşmalar üzrə nağdsız ödəniş yalnız birinin bank hesabından digərinin bank hesabına köçürülməklə və ödəniş vasitələri ilə həyata keçirilə bilər. Qanuna əsasən ƏDV ödəyiciləri və sadələşdirilmiş vergi ödəyicisi olmayan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən təqvim ayı ərzində ümumi məbləği 30,000 manatdan, digər vergi ödəyiciləri tərəfindən isə təqvim ayı ərzində ümumi məbləği 15,000 manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir.

Nazirlik rəsmisinin sözlərinə görə cari ilin ilk 7 ayında müxtəlif sahələr üzrə kifayət qədər azalma müşahidə olunub. Yəni, mal, iş və xidmətlərin alınmasına görə nağd pul məxarici 62,6 faiz, ticarət müəssisələri üzrə 67,5 faiz, əmək haqqı və digər ödənişlər üzrə 75,3 faiz azalıb.

Maraqlıdır, bu, Azərbaycan iqtisadiyyatına hansı səmərəni verib? Ümumiyyətlə, nağdı pul vəsaitinin çıxarılmasının məhdudlaşması, ölkə iqtisadiyyatına nə qazandırıb?

İqtisadçı-ekspert Razi Abbasbəyli "Cümhuriyət” qəzetinə bildirib ki, nağdsız əməliyyatlar nağd pulun iştirakı olmadan dəyərin hərəkəti deməkdir: "Qarşılıqlı tələblər nəticəsində pul vəsaitlərinin kredit təsisatlarının hesabları ilə yerdəyişməsi nəzərdə tutulur. Nağdsız ödənişlər çek, veksel, kredit kartları və digər kredit alətləri vasitəsi ilə həyata keçirilir. Nağdsız hesablaşmalar zamanı vergi yığımları kifayət qədər stimullaşır. Büdcə vəsaitləri daha səmərəli istifadə edilir. Eyni zamanda qiymətli kağızlar bazarında canlanmaya səbəb olur ki, bu da ölkədə müvafiq təyinatlı vəsaitlərin, xüsusi ilə də büdcə vəsaitlərinin istifadəsini daha da şəffaflaşdırır. Bu baxımdan da nağdsız hesablaşmaların dövlətə böyük səmərəsi var. Eyni zamanda bu hesablaşmalar dövriyyədə nağd pul kütləsinə tələbatı azaldacaq, qiymətlərə nəzarəti gücləndirməyə imkan verəcək”.

Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları