Yuxarı

Bakının avtomobil bazarında daha bir qadağa

Bakının avtomobil bazarında daha bir qadağa

Azərbaycanda köhnə avtomobillərin ölkəyə gətirilməsinin qarşısını almaq üçün yeni qadağaya ehtiyac var.

Bunu "fins.az”a açıqlamasında avtomobil eksperti Eldəniz Cəfərov deyib.

Onun sözlərinə görə, istehsal tarixi 2005-ci ilə qədər olan avtomobillərin ölkəyə gətirilməsinin qadağan edilməsi artıq müsbət təsirini göstərib: ”Əvvəllər köhnə, sıradan çıxmış, bir neçə avtomobilin birləşməsi olan avtomobilləri Azərbaycana gətirirdilər. Onlara tam nəzarət mümkün deyildi. Bununla bağlı qadağanın müsbət təsirləri oldu, xüsusilə də ekologiyaya vurulan zərərin böyük bir hissəsi aradan qalxdı”.

Ekspert təklif edir ki, artıq istehsal tarixi 2010-ci ilə qədər olan avtomobillərin ölkəyə gətirilməsinə qadağa qoyulsun: "Belə olan halda artıq köhnə avtomobillərin Azərbaycana gətirilməsinin qarşısı alınacaq. Həm fərdi qaydada, həm də distributorlar ölkəyə yeni avtomobilləri gətirə biləcəklər”

Eldəniz Cəfərov bildirib ki, yeni qadağanın tətbiqi ilə əlaqədar ölkəyə yeni maşın gətirilməsi üçün bank və sığorta xərclərində güzəştlərin tətbiqi, 20 faiz ilkin ödənişlə avtokreditlərin bərpa edilməsi məqsədəuyğun olardı: "Yeni avtomobillərə görə verilən avtokreditlərdə ilkin ödənişin aşağı salınması avtomobil bazarında yenidən canlanma yaradacaq”.

Ekspertin sözlərinə görə, daha bir güzəşt isə, avtokreditlərə görə bankın tutduğu əlavə xərclərin aradan qaldırılması ola bilər: "Avtomobili kreditlə alan müştəri onsuz da əlavə faiz ödəyir. Bununla yanaşı, ondan əlavə xərclər də çıxılır. Bu xərclər ixtisar edilməlidir. Eyni zamanda sığorta xərclərində də endirim edilsin. Hazırkı şərtlər daxilində kasko sığorta xərcləri çox yüksəkdir”.

Maraqlıdır, ölkəyə istehsal tarixi 2010-cu ilə qədər avtomobillərin gətirilməsi qadağan olunarsa, avtomobil bazarına nə kimi təsiri ola bilər?

Əmlak bazarı üzrə ekspert Pərviz Qulami "Cümhuriyət” qəzetinə bildirib ki, hazırda avtomobil bazarında müəyyən qədər passivlik var: "Həm insanların əlində nağd vəsaitin azlığı, eyni zamanda yanacağın qiymətinin artması, avtomobil bazarına marağı azaldıb. 2014-cü ildən ölkəyə avtomobil idxalı ilə bağlı yeni standartlar qəbul edilib. Standart avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrə dair tələblərin Avro-4 ekoloji normalarına uyğunlaşdırılmasını nəzərdə tutur. Nəzərə alaq ki, ölkə daxilində kifayət qədər köhnə ildən olan avtomobillər var. Əgər həmin avtomobillər bazardan yığışdırılmasa, ekologiyaya mənfi təsir göstərə bilər”.

Ekspertin sözlərinə görə, istehsal tarixi 2010-ci ilə qədər gətirilən avtomobillərin ölkəyə gətrilməsinə qadağa qoyulsa, qiymət artımı qaçılmaz olacaq:  "Təklif nəzərə alındığı təqdirdə bazara müəyyən təsir göstərəcək. Hazırda ölkə bazarına 2005-2007-ci ilin maşınları daha ucuz daxil ola bilir. Amma 2010-cu ildən sonra istehsal edilmiş avtomobillər daha baha olacaq”.

Pərviz Qulami onu da qeyd edib ki, qiymət artımının baş verməsi alıcılıq qabiliyyətinə də təsirsiz ötüşməyəcək: "İnsanlar daha baha yox, daha aşağı qiymətdə olan avtomobilləri almağa meyilli olacaq. Hazırda insanlar 15-20 min cıvarında olan avtomobilləri ala bilir. Əgər limit qoyulsa, ölkəyə daxil olan maşınların qiyməti daha yüksək olar. Mühərriki iri həcmli olan avtomobillərin qiyməti nisbətən aşağıdır. Zənnimcə, indiki halda bu təklif bazara müsbət nəticə gətirməz. İl məsələsinə görə qaldırılan məsələnin mahiyyətini ekoloji çirklənmə təşkil edir. Avtomobillər yeni olanda atmosferi daha az zəhərləyir”.

Y.Oqtayqızı






Həftənin ən çox oxunanları