Yuxarı

Banklar müştərilərə qapılarını bağlayır

Banklar müştərilərə qapılarını bağlayır

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) "Banklarda hesabların açılması, aparılması və bağlanması Qaydaları”nın yeni layihəsini hazırlayıb. Azərbaycan Banklar Assosiasiyasından (ABA) verilən məlumata əsasən, layihədə bank hesablarının açılması və rəsmiləşdirilməsi prosedurlarına və hesablara, eləcə də hesablar üzrə aparılan əməliyyatlara davamlı nəzarət qaydalarına dəyişikliklər edilməsi nəzərdə tutulub.Həmçinin qaydalara yeni anlayışlar da daxil edilib.Layihədə hesabın açılması üçün tələb olunan sənədlərdə ciddi dəyişiklik nəzərdə tutulmayıb.Qaydaların yenilənmiş layihəsi banklar tərəfindən nəzərdən keçirilməsi üçün ABA-ya ünvanlanıb.Layihə ilə bağlı təkliflər hazırlandıqdan sonra ABA tərəfindən MBNP-na təqdim edilməsi planlaşdırılır.

İndiki vəziyyətdə banklarda hesabların açılması, aparılması və bağlanması qaydalarının dəyişdirilməsi və yaxud mürəkkəbləşdirilməsi lazımsız görünür.Çünki hazırda bank xidmətlərinə ümumi maraq azalıb.Nəzərə alaq ki, bu ildən nağd hesablaşmalar haqqında qanun qüvvəyə minib.Azərbaycan cəmiyyətində nağdsız hesablaşmalarla bağlı məlumatsızlıq, eləcə də müəyyən ehtiyatlılıq, narahatlıq hələ də hiss olunmaqdadır.Bunun da obyektiv və subyektiv səbəbləri var. Azərbaycan insanının banklara inam və etibarı azalıb.Son illər bank sistemində yaranmış vəziyyət vətəndaşların bank sektoruna olan inam və etibarını sarsıtmış oldu.Onlarda banklara yerləşdirilən vəsaitin itirilmə təhlükəsi kimi narahatlıq hələ də qalmaqdadır.Əminliklə demək olar ki, hazırda nə Azərbaycan vətəndaşları, nə ölkədə fəaliyyət göstərən müəyyən xidmət və ticarət sahələri nağdsız hesablaşmalara keçməyə tam hazır deyil.Nağdsız ödənişlər üçün post-terminalların quraşdırılması prosesinə nəinki başa çatıb, bəzi yerlərdə heç başlamayıb belə.

Əslində dünyanın inkişaf etmiş ölkələrində nağdsız ödənişlər iqtisadiyyatın əsas özəklərindən birini təşkil edir. Bu tip hesablaşmalar zamanı qarşıya çılan korrupsiya halları, eləcə də kölgə iqtisadiyyatı aradan qalxır, büdcəyə əlavə vəsaitlər daxil olur, vaxt itkisi və risklər minimuma endirilir. Nağd pulun azlığı həm də qara bazara vurulan ciddi zərbədir.Lakin Azərbaycanda əhali arasında maarifləndirmə tədbirlərinin həyata keçirilməməsi, vətəndaşların yeni qaydalara hazır olmadığını göstərir.Hazırda bank sektorunda sərt qaydalar tətbiq etmək, nağd pul kütləsinin əllərdə olmasına təkan verir.Qaydaları sadələşdirmək lazımdır ki, hər kəsin bank hesabı olsun.Qonşu Türkiyədə bank hesabının açılması proseduru çox sadədir.Heç bir ödəniş etmədən, tək şəxsiyyət vəsiqəsi ilə vətəndaşa bank hesabı açılır.

Müşahidələr göstərir ki, nağdsız hesablaşmalar haqqında Qanunun tətbiqindən 8 aya yaxın zaman keçməsinə baxmayaraq, bu gün ölkə ərazisində sırf nağdsız hesablaşma həyata keçirən nə bir ticarət mərkəzi var, nə də xidmət sahələri. Amma dövlət rəsmiləri əmindir ki, nağdsız hesablaşmalar nağd hesablaşmaları sıxışdıracaq.

İqtisadçı-ekspert Natiq Cəfərli "Cümhuriyət” qəzetinə bildirib ki, Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) adında olan nəzarət sözünü daha çox qabartmağa çalışır. O qeyd edib ki, Palata bununla bütün əməliyyatları öz nəzarətində saxlamaq istəyir: "Əslində, bu yanaşma doğru deyil. Azərbaycanın indiki iqtisadi durumunda bank əməliyyatlarının həyata keçirilməsi üçün sadə imkanlar yaradılmalıdır ki, həm şirkətlər, həm fiziki şəxslər bank üzərindən əməliyyatların aparılmasında maraqlı olsun.Əgər Palatanın əsas məqsədi şəffaflığın təmin olunmasıdırsa, o şəffaflığın və nağdsız hesablaşmaların geniş yayılması, eləcə də açılmış bank hesabı ilə rahat şəkildə fəaliyyət göstərilməsi üçün stimullaşdırıcı addımlar atılmalıdır.Bu zaman həm biznes, həm də əhali nağdsız hesablaşmada maraqlı olacaq.Ancaq maraq hissəsi qalıb bir kənarda, yalnız nəzarət, qadağa və cəza sistemləri tətbiq olunur.Bu, çox yanlış bir yoldur.Əgər stimullaşdırıcı tədbirlər olmasa, bu gün onsuz da bərbad olan bank sektorundakı vəziyyət daha da ağırlaşa bilər.İnsanlar bankdan kənar, nağd vəsaitlərlə əməliyyatların aparılmasına daha çox üstünlük verər.MBNP, Mərkəzi Bank və hökumətin müvafiq strukturları nəzarət və cəzadan əlavə stimullaşdırıcı və maraqlandırıcı addımlar atmalıdır.Beləliklə, həm biznes, həm əhali bank hesablarının açılmasında, nağdsız əməliyyatlarda maraqlı olacaq.Əks halda, əhalini və biznesi bankdankənar əməliyyatlara sövq etmiş olacaqlar.Bu da ümumi bank sektoru üçün və iqtisadiyyat üçün yaxşı hal deyil”.

Vergilər Nazirliyinin müavini İlkin Vəliyev ötən gün müsahibəsində bildirib ki, "Nağdsız hesablaşmalar haqqında” Qanun qüvvəyə minəndən sonra cari ilin ilk 7 ayında müxtəlif sahələr üzrə nağd pul məxaricində kifayət qədər azalma müşahidə olunub. Yəni, mal, iş və xidmətlərin alınmasına görə nağd pul məxarici 62,6 faiz, ticarət müəssisələri üzrə 67,5 faiz, əmək haqqı və digər ödənişlər üzrə 75,3 faiz azalıb...

İqtisadçı qeyd edib ki, açıqlama problemlidir. Natiq Cəfərli hesab edir ki, nağd pul məxarici hesablanarkən ölkədəki ümumi iqtisadi durğunluq nəzərə alınmayıb: "Ölkədə iqtisadi aktivlik zəifləyib. Nəticədə ödənişlərin azalması müşahidə olunur.Dünyada nağdsız hesablaşmalar üzrə lider ölkələr var. Hətta Skandinaviya ölkələri belə 2025-2030-cu illəri qarşıya hədəf qoyublar ki, bütün hesablaşmalar və əməliyyatlar nağdsız həyata keçirilsin.Bu günə qədər Azərbaycanda belə bir mədəniyyət formalaşmayıb.Nə əhalinin, nə biznesin davranış qaydalarında nağdsız hesablaşmalarla bağlı oturuşmuş düşüncə yoxdur.İnsanlara, biznes qurumlarına müxtəlif üsullar tətbiq etməklə bu məsələni oturtmaq mümkün deyil.Bunu inkişaf etmiş ölkələrin təcrübəsi də göstərir.İllər lazımdır ki, Azərbaycanda nağdsız hesablaşmalarda hər kəsin marağı olsun.Bu günə qədər heç bir dövlət strukturu araşdırma aparmayıb ki, təqaüd kartları ödəniş vasitəsi olmasına baxmayaraq, vəsait karta oturan kimi bankomatların qarşısında niyə növbələr yaranır?!Vətəndaşlar öz pullarını nağd şəkildə çıxarmağa çalışır.Çıxarılan pulların böyük əksəriyyəti marketlərdən ərzaq almağa xərclənir.Rəsmi rəqəmlərə görə təqaüdçülər öz pensiyasının 76 faizini ərzaq məhsullarına xərcləyir.Qeyri-rəsmi rəqəmlərdə bu rəqəm daha yüksəkdir.Araşdırmaq lazımdı ki, nəyə görə davranış qaydalarında dəyişikliklər olmayıb?Qadağalar və çox sərt qaydalar gələcəkdə bank sektoruna, biznesə və vətəndaşlara fəsadlar yarada biləcək yanaşmadır”.

Natiq Cəfərli onu da əlavə edib ki, nağdsız hesablaşmalar üzrə öncül ölkələrdən olan Avstraliyada ticarət dövriyyəsinin 85 faizi nağdsız həyata keçirilir: "Göründüyü kimi bu gün də Avstraliyada nağdsız hesablaşmanı 100 faizə çatdıra bilməyiblər. Çünki stimullaşdırıcı tədbirlər hələ də davam edir.Müxtəlif təzyiq vasitələri ilə Azərbaycanda bu məsələni tam oturtmağa çalışırlar, ancaq alınmayacaq.Nağdsız ödənişlərin artması, nağd ödənişlərin həcminin azalması ilə bağlı səsləndirilən rəsmi rəqəmlər isə, ümumi iqtisadi göstəricilərin və iqtisadi aktivliyin azalması ilə bağlıdır.Hələ də nə biznesin, nə də əhalinin nağdsız hesablaşmada marağı yoxdur.Bu marağı yaratmaq isə dövlət və hökumət orqanlarının borcudur”.

Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları