Yuxarı

Dünya neft bazarında çöküş

Dünya neft bazarında çöküş

Dünya bazarında neftin ucuzlaşması bir çox neft ölkələrinin gəlirlərini kəskin şəkildə aşağı salıb.OPEC neft qiymətlərini tənzimləmək üçün müxtəlif addımlar atsa da, neft ölkələrinin hasilatı azaltmaq haqqında qərar qəbul olunsa da bu neft bazarına ciddi şəkildə təsir göstərmədi.Qeyd edək ki, hazırda dünya bazarında neftin qiyməti 50 dollar civarında dəyişir.Beynəlxalq analitiklər dünya bazarında neftin qiymətinin ucuzlaşmasını Amerika Birləşmiş Ştatlarının strateji neft ehtiyatlarını satışa çıxarması ilə əlaqələndirdi.ABŞ bununla yanaşı gündəlik neft ehtiyatlarının həcmini də artıraraq OPEC ölkələrinin azaltdığı neft hasilatını öz hesabına bərpa etdi.

Bu günlərdə isə ABŞ-ın neft ehtiyatlarında azalmaların qeydə alındığı məlum oldu. Belə ki, ABŞ-ın kommersiya neft ehtiyatları 12-18 avqust həftəsində 3,327 milyon barel və ya 0,71 faiz azalaraq 463,17 milyon barelə kimi geriləyib. Maraqlıdır, ABŞ-da neft ehtiyatları azaldıqca dünya neft böhranı bitəcəkmi?

İqtisadçı-ekspert Natiq Cəfərli "Cümhuriyət” qəzetinə açıqlamasında belə düşünmədiyini bildirib. Onun sözlərinə görə, ABŞ-ın neft ehtiyatlarını satışa çıxarmağının başqa səbəbləri var:

"Əslində ABŞ neft ehtiyatları satmaq haqqında qərarı Obama dönəmində vermişdi. Çünki ABŞ-da çoxlu neft ehtiyatlı yığılmışdı.1970-ci ildə İsraillə müharibə zamanı ərəb ölkələri neft satışına embarqo qoydu və ABŞ-da təxminən 6 ay ciddi neft böhranı yaşandı.Hər ailədə 2-3 avtomobil olan ABŞ-da yanacaqdoldurma məntəqəsində saatlarla növbə yarandı, yollar boşaldı.Bu da ABŞ iqtisadiyyatında travma yaratmışdı.Ona görə də 70-ci illərdən sonra ABŞ-da neft ehtiyatlarının yaradılması ilə bağlı qərar verildi. Artıq strateji neft ehtiyatlarının həcmi 500 milyon bareli keçmişdi. Ötən ildən isə qərar verildi ki, hər il ABŞ neft ehtiyatlarının müəyyən hissəsini satışa çıxaracaq. Çünki o ehtiyatların yığılmasına artıq ehtiyac yoxdur. Əslində bunun da çox sadə səbəbləri var. ABŞ-ın 10 il əvvəl gündəlik neft istehsalı 4.5-5 milyon barel idi. İndi isə gündəlik neft hasilatı 9.5 milyon bareli keçib. Gələcək iki ildə isə ABŞ 11 milyon neft hasil etmək istəyir”.

 N.Cəfərli bildirib ki, ABŞ-ın neft ehtiyalarını kütləvi şəkildə bazara çıxarması OPEC ölkələrinin bazarda sabitlik yaratmaq cəhdlərini xeyli zəiflədir:

"Çünki OPEC-in azaltdığı neft həcmini ABŞ öz ehtiyatları hesabına bu fərqi qapatdı. Ona görə də bir müddət sonra beynəlxalq analitiklər ABŞ-ın neft ehtiyatlarının azalmasını daha az əhəmiyyətli hesab etdilər. Artıq əsas diqqət gündəlik hasilatın həcminin artmasına yönəldilib.Hesab edirəm ki, bir müddət sonra ABŞ-ın neft ehtiyatlarının artması və ya azalması bazara o, qədər də ciddi təsir etməyəcək.Bazar tamamilə ABŞ-da hasilatın səviyyəsinə fokuslanacaq.Hasilatın səviyyəsi ilə təxminən 1 ildə 900 min barel artıb.Bu da son bir ildə ən böyük artımlardan biridir.Bundan əlavə Kanadada da hasilatın artması müşahidə olunur.Yəni, hər iki ölkə, Kanada və ABŞ neft qiymətlərinə ciddi təsir edəcək ölkələrə çevrilirlər”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları