Yuxarı

Dünya iqtisadiyyatının "qızıl” dövrü

Dünya iqtisadiyyatının

Dünya bazarında qızıl xeyli bahalaşıb. Dünya maliyyə bazarlarında qızılın ucuzlaşmasının və ya bahalaşmasının bir sıra iqtisadi və siyasi səbəbləri var. Dünyada gedən iqtisadi və geosiyasi proseslərin neqativ təsiri nəticəsində maliyyə bazarlarında qeyri-müəyyənlik yaranıb və bu fonda ən təhlükəsiz aktiv hesab olunan qızıla tələbat artmağa başlayıb. 

Belə ki, qızılın bir unsiyasının qiyməti Amerika fond bazarında Dow Jones indeksi 0,10 faiz - 21 784,78 bəndədək, S&P 500 0,02 faiz - 2 465,10 bəndədək ucuzlaşıb, NASDAQ isə 0,07 faiz - 6 397,87 bəndədək bahalaşıb. Avropa fond bazarlarında FTSE 100 indeksi 0,58 faiz - 7 396,98 bəndədək, Almaniya DAX-ı 0,67 faiz - 12 296,63 bəndədək, Fransa CAC-40-ı isə 0,26 faiz - 5 114,62 bəndədək bahalaşıb. COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 7,90 dollar artaraq 1 358,20 dollara, gümüş isə 0,13 dollar artaraq 18,25 dollara satılıb. Qızılın bahalaşmasının artan tempdə davam etməsi Azərbaycanın qızıl bazarında da kəskin yüksəlişə səbəb olub. Mütəxəssislər hesab edir ki, qızılın bahalaşmasının səbəbi ilk növbədə dünya iqtisadiyyatının ümumi vəziyyətilə izah olunur. İqtisadi artımın çox kiçik səviyyədə qalması investorların maliyyə alətlərinə etibarlılığını azaldıb. Bu sıraya həmçinin Avrozonada iqtisadi artımın son dərəcədə kiçik həcmdə olması, bank böhranın yaranması təhlükəsi, iqtisadi, struktur və siyasi dəyişiklikləri əlavə etmək olar. Bundan əlavə bir sıra inkişafda olan iri dövlətlərdə yaranmış iqtisadi problemlər də maliyyə bazarlarına müsbət təsir etmir.

Ekspertlərin qənaətincə, hələlikdə qızılla ticarət əlaqələrinin qurulması inandırıcı görünmür. Hazırda dollar rezervləri daha çoxdur, nəinki qızılın. Bu baxımdan dolları qızılla əvəz etməyi gözləmək doğru sayılmır. Qızıla tələbin artmasına uyğun olaraq qiymətlərdə artımlar müşahidə olunur. Dövlətlər daha çox öz maliyyə ehtiyatlarını pul kütlələri ilə saxlayır. Amma bununla yanaşı dünyada ən çox qızıl ehtiyatı olan dövlətlər də az deyil. Qızıl ehtiyatı dövlətlərə maliyyə siyasətini həyata keçirmək və fövqəladə hallar zamanı ən zəruri ehtiyaclarını ödəmək üçün lazımdır. Buna görə də dünyanın əksər dövlətlərinin qızıl fondları mövcuddur.

Məlumat üçün bildirək ki, Dünya Qızıl Şurası ölkələrin qızıl ehtiyatlarını açıqlayıb. Dünyada ən çox qızıla malik ölkə ABŞ-dır. Siyahıda ikinci yeri Almaniya tutur. Ardıcıllığı daha sonra böyümə sürəti ilə dünyanın diqqətini üzərinə çəkməyi bacaran Çin, Yaponiya, zəngin qızıl yataqları ilə bilinən Səudiyyə Ərəbistanı davam etdirir. 
2017-ci ilin yanvar ayının 1-ə olan göstəriciyə əsasən, Azərbaycanın 21,9 ton qızıl-valyuta ehtiyatı var. Ümumilikdə, Azərbaycanın strateji valyuta ehtiyatlarının 12,8 faizi qızıl ehtiyatının payına düşür. Qeyd edək ki, dünya ölkələri arasında qızıl-valyuta ehtiyatlarının həcminə görə Azərbaycan 60-cı yerdə qərarlaşıb.

Dünya üzrə ən az qızıl ehtiyatına malik ölkə isə Monqolustandır. Bu ölkənin qızıl-valyuta ehtiyatları 1 tondur, bu isə ölkəyə məxsus valyuta ehtiyatının 2,8 faizinə bərabərdir.

"Dollar ucuzlaşdıqca qızıla tələbat artır”

İqtisadçı-ekspert Natiq Cəfərli "Cümhuriyət” qəzetinə tarixən təlatümlü dövrlərdə qızıl investorlar üçün güvənli liman rolunu oynadığını bildirib: "Dünyada ciddi problemlər baş verərkən, investorlar aktivlərini qızıla çevirməyə üstünlük veriblər. Hazırda ABŞ-ın daxili problemləri var. Ötən gün prezident Trampın oğlu Konqresdə ifadə verməyə çağırılıb. Görünən odur ki, Trampa bağlı məsələ getdikcə daha çox böyüyəcək və Konqresin araşdırması dərinləşəcək. Artıq prezidentin ailə üzvlərinin dindirilməsi gündəmdədir. Bu xəbər çıxan kimi Federal Ehtiyatlar Sisteminin (FES) başqan yardımçısı istefa verdi. Bu məlumatların bir-biri ilə birbaşa əlaqəsi olmasa da, amma dolların məzənnəsinə ciddi təsir göstərdi. 

Belə ki, dünya maliyyə bazarlarında dolların indeksi ucuzlaşmağa başladı. Son iki ildə ilk dəfə idi ki, avro qarşısında dolların məzənnəsi 1.20 sent aşağı düşdü. Dollar ucuzlaşdıqca qızıla tələbat artır. Burada tərs mütənasiblik mövcuddur. Dollar həmişə ucuzlaşanda həm neftin, həm də qızılın qiymətinə təsir göstərir”.

Ekspertin qənaətincə, dünyada təlatümlü vəziyyət yaranan kimi qızıla olan tələbatı artırır: "Şimali Koreya ilə bağlı problemlər getdikcə dərinləşir. Hətta ötən gün Pentaqondan açıqlama olmuşdu ki, seçənəklər masadadır və hərbi müdaxilə ilə bağlı planlar qurulur. Bütün bunlar qızılın güvənli liman statusu daha da möhkəmlənir. Son zamanlar böyük investisiya fondları qiymətli kağızlarda olan aktivlərini dünya birjalarında sataraq qızıla çevirməyə üstünlük verirlər. Bu da qızılın bahalaşmasına səbəb oldu. 

Düşünmürəm ki, bu, daim belə davam edəcək bir trentdir. Əslində qızıl aktivləri olan investorlar öz gəlirlərini fiksə (sabit) etmək üçün bəlli həddən sonra satmağa başlayacaqlar. Çox güman ki, Şimali Koreya ətrafında siyasi aktivlik səngisə, Konqresdə Trampın gələcəyilə bağlı araşdırmaya aydınlıq gəlsə, qızılın qiymətində müəyyən ucuzlaşma müşahidə etmək mümkündür. Həmçinin sentyabr- noyabr aylarında FES-in iki toplantısı gözlənlir, həmin yığıncaqdan çıxan qərarların hansı yöndə olmasından asılı olaraq il sonuna qədər qızıl ucuzlaşa bilər.

Qızılın qiyməti o zaman daim yüksələn xətlə gedə bilər ki, doğrudan da Koreya yarımadasında müharibə təhlükəsi böyüsün, hətta hərbi təmaslara qədər gedib çıxsın. O zaman qızıl bir unsiyasının qiyməti 1500 dolları da keçə bilər. Amma bunun iqtisadi əsası olmadığı üçün, siyasi konyunktura aradan qalxdıqda yenidən qızılın qiymətində ucuzlaşma görə bilərik”.

Yeganə Oqtayqızı






Həftənin ən çox oxunanları