Yuxarı

Yeni neft müqaviləsi: Qazancımız nə olacaq?

Yeni neft müqaviləsi: Qazancımız nə olacaq?

Sentyabrın 14-də Azərbaycan hökuməti və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), "BP”, "Chevron”, "Inpex”, "Statoil”, "ExxonMobil”, "TP”, "Itochu” və "ONGC Videsh” şirkətləri ilə birlikdə bu gün "Azəri”, "Çıraq” yataqları və "Günəşli” yatağının dərinsulu hissəsinin (AÇG) birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş sazişi imzalandı. Saziş Bakıda Azərbaycan prezidenti İlham Əliyevin və bir qrup yüksək səviyyəli xarici hökumət və dövlət rəsmilərinin iştirak etdiyi tədbirdə Azərbaycan hökuməti adından SOCAR-ın prezidenti Rövnəq Abdullayev və tərəfdaş şirkətlərin nümayəndələri tərəfindən imzalanıb.

Hasilatın pay bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş sazişə əsasən, BP layihənin operatoru olaraq qalacaq. Sazişin bir hissəsi olaraq SOCAR-ın AÇG-dəki iştirak payı 11,65 faizdən 25 faizə qaldırılacaq və beynəlxalq tərəfdaş şirkətlər Azərbaycan Dövlət Neft Fonduna 3,6 milyard dollar bonus ödəyəcək. Növbəti 32 il müddətində AÇG-yə 40 milyard dollardan artıq sərmayə qoyulması potensialı var.
Saziş təsdiqləndikdən sonra AÇG-də tərəfdaşların yeni iştirak payları bu nisbətdə olacaq: BP - 30,37 faiz, AzACG (SOCAR) - 25,00 faiz, "Chevron" - 9,57 faiz, "Inpex" - 9,31 faiz, "Statoil" - 7,27 faiz, "ExxonMobil" - 6,79 faiz, TP - 5,73 faiz, "Itochu" - 3,65 faiz və "ONGC Videsh Ltd." (OVL) - 2,31 faiz.

Tədbirdə çıxış edən SOCAR-ın prezidenti Rövnəq Abdullayev bildirib ki, bu gün Azərbaycan üçün əlamətdardır: "1994-cü ildə ilk müqavilə imzalanandan bəri "AÇG"-yə 33 milyard dollar sərmayə qoyulub və 440 milyon ton neft hasil edilməklə ölkəmiz 125 milyard dollardan çox birbaşa mənfəət əldə edib. Bu gün SOCAR ilə tərəfdaş şirkətlər arasında aparılan danışıqlara yekun vuraraq, razılaşdırılmış şərtlər əsasında "AÇG" layihəsi üzrə 2049-cu ilin sonunadək davam edəcək yeni müqaviləni imzaladıq. Yeni müqavilənin şərtləri Milli Məclis tərəfindən təsdiqlənəndən sonra qüvvəyə minir ki, bununla da növbəti 32 il ərzində "AÇG"-nin ölkəmizə gətirdiyi iqtisadi mənfəətləri maksimuma çatdıracağıq. Yeni müqavilənin şərtləri ölkəmizin və şirkətimizin 1994-cü ildən bəri artan maliyyə və texnoloji potensialını əks etdirməklə yanaşı, xarici tərəfdaş şirkətlərin Azərbaycan iqtisadiyyatına olan inamını da göstərir və artıq reallıq olan tərəfdaşlığımızı yeni müstəviyə qaldırır".

Qeyd edək ki, "AÇG" üzrə mövcud hasilatın pay bölgüsü haqqında saziş 20 sentyabr 1994-cü ildə imzalanıb. O vaxtdan yatağın işlənməsinə təqribən 33 milyard dollar sərmayə qoyulub. İlk neft "Çıraq” yatağından 1997-ci il noyabrın 7-də əldə edilib. İndiyədək "AÇG"-dən təqribən 3,2 mlrd. barel (təqribən 440 mln. ton) neft hasil edilib və bu neft dünya bazarına əsasən Bakı-Tbilisi-Ceyhan və Qərb Marşrutu İxrac Boru Kəməri vasitəsilə daşınıb. "AÇG"-dən, həmçinin ümumilikdə 30 milyard kubmetrdən artıq səmt qazı Azərbaycan hökumətinə təhvil verilib. 2017-ci ilin birinci yarısında "AÇG"-dən gündəlik orta hesabla 585 min barel hasilat əldə edilib. Hazırda "AÇG"-də 8 platforma - 6 hasilat platforması və 2 texnoloji platforma var. Bu platformalardan neft və qaz dünyanın ən iri neft və qaz terminallarından biri olan Səngəçal terminalına nəql olunur.

İqtisadçı-ekspert Rəşad Həsənov "Cümhuriyət” qəzetinə bildirib ki, bu, ilk növbədə AÇG yataqlarının əməkdaşlıq etdiyi şirkətlərin investisiya siyasətinə əhəmiyyətli təsir edəcək: "Çünki müqavilənin müddətinin uzadılmaması və köhnə müqavilənin müddətinin başa çatmasına az vaxtın qalması, neft qiymətlərinin azaldığı bir dövrdə şirkətlərin investisiya siyasətində əhəmiyyətli təsirə malikdir. Bu, spesifik sahə hesab olunur. Çünki burada şərtlərin razılaşdırılmaması, müqavilənin hər hansı bir formada təxirə düşməsi ehtimalları var idi. Bu isə Azərbaycanın xüsusilə, qeyd edilən yataq üzrə xarici investisiya cəlbi imkanlarını məhdudlaşdırırdı. Nəzərə almaq lazımdır ki, ümumiyyətlə, 2014-cü ildən neft sektoru üzrə fəaliyyət göstərən korporasiyaların investisiya siyasətində dəyişikliklər baş verib.

Qlobal səviyyədə bu sahədə fəaliyyət göstərən şirkətlər əsas vəsaitlərə qoyuluşlarının həcmini kəskin şəkildə azaldıb. Belə bir halda rəsmi Bakının müqavilənin müddətini uzatması imkan verir ki, bu şirkətlər rahat və uzunmüddətli investisiya yatırımlarını Azərbaycanda həyata keçirsin. Bu isə gələcəkdə bir neçə istiqamətdə Azərbaycan iqtisadiyyatına müsbət təsir edə bilər. İlk öncə ölkəyə investisiya axınının həcmi artır. Bu, öz növbəsində ölkədə həm əlavə iş yerlərinin açılmasını, həm də müəyyən iqtisadi aktivliyi şərtləndirir. Paralel olaraq ən əsası tədiyyə balansında müsbət proksiti artırmaqla növbəti dövrlərdə manatın məzənnəsində sabitliyin qorunması üçün hökumətə əlavə imkanlar yaradır”.

Ekspert digər mühüm məqama da toxunaraq qeyd edib ki, hazırda Azərbaycanda daha asan istismar edilən neft quyularının həcmi azalmaqdadır: "Bu isə son nəticədə ölkədə neft hasilatının ümumi həcminə mənfi təsir göstərməklə hasilatın azalmasına gətirib çıxarır. Hazırda Azərbaycanda daha çox dərinlikdə olan neftin hasil edilməsi gündəmdədir. Azərbaycan bu istiqamətdə fəaliyyətlərini artırmalıdır. Dərinlikdə olan neftin çıxarılması isə fərqli bir fəaliyyət növüdür. Eyni zamanda daha böyük həcmli investisiyalar tələb edir. Burada Azərbaycanın daxili imkanlarından çox xarici şirkətlərin kapitalına ehtiyac var. Yeni sazişin imzalanması bu istiqamətdə də müsbət təsir göstərəcək. Belə ki, Azərbaycan dərinlikdə olan neftin hasilatını təmin etməklə növbəti dövrlərdə ümumi neft hasilatının azalma tempini müəyyən qədər ləngidir, həmçinin ölkənin neft gəlirlərinin dayanıqlılığı nisbətən artır”.

Rəşad Həsənovun sözlərinə görə, ictimaiyyətin əsas narahatçılığı ondan ibarətdir ki, "Əsrin müqaviləsi”nin müddətinin başa çatması, elə Azərbaycanda neft hasilatının da başa çatması, kəskin azalması deməkdir: "Bu da son nəticədə ölkənin gəlirlərinə, iqtisadi aktivliyə, fiskal siyasətə, o cümlədən, əhalinin sosial rifahına  mənfi təsir göstərəcək. Amma sazişin 2050-ci ilə qədər uzadılması və prosesdə "BP” kimi böyük bir korporasiyanın aktiv iştirak etməsi onu deməyə əsas verir ki, hələlik Azərbaycanın müəyyən qədər neft rezervləri var və növbəti 33 il ərzində ölkənin neft gəlirləri olacaqdı. Əgər hökumət həqiqətən də buna cəhd göstərərsə, bu vəsaitlər ölkədə iqtisadi rifahı müəyyən qədər müsbətə doğru dəyişməkdə kömək ola bilər”.

Müqavilə imzalansa da, şərtləri açıqlanmır. Bunun səbəbi nədir?

Rəşad Həsənov bu məqamın narahatedici olduğunu deyib: "Nəzərə almaq lazımdır ki, "Əsrin müqaviləsi” və bunun davamı olaraq hazırda imzalanan saziş kifayət qədər ölkə əhəmiyyətlidir. Bu baxımdan saziş imzalanmamışdan əvvəl bunun geniş müzakirəsinə və Azərbaycanın bu istiqamətdə qazanacağı və itirəcəklərinin təhlil edilməsinə ehtiyac var idi. Amma çox təəssüf ki, bu günə qədər də sazişin şərtləri tam məlum deyil. Bu isə ictimai qiymətləndirməni və hökumətin bu istiqamətdə nələr itirib nələr qazandığını müəyyənləşdirməyi çətinləşdirir. Eyni zamanda, ölkə üçün gələcəkdə əldə olunan gəlirlərin, əlavə dividentlərin müəyyən edilməsində mühüm problem olur”. 

Millət vəkili Sahib Alıyev bildirib ki, qərbdəki bəlli çevrələrin təzyiqlərinə və bu təzyiqlərin nəticəsi olaraq qlobal mediada dövlətimizə qarşı aparılan qarayaxma kampaniyasına baxmayaraq anlaşma Azərbaycanın maraqları, irəli sürdüyü şərtlər nəzərə alınmaqla bağlandı: "Tədbirdə çıxış edən Azərbaycan prezidenti İlham Əliyevin də vurğuladığı kimi əgər 1994-cü ildəki anlaşmada SOCAR-ın payı 11,6 faiz idisə, yeni anlaşmada bu, 25 faizdir, artıq iki dəfədən çox artım var. Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi isə 75 faiz təşkil edəcək. Üstəlik, xarici investorlar bizə 3,6 milyard dollar həcmində bonus ödəyəcək. Demək, yeni anlaşma ölkəmiz üçün "Əsrin müqaviləsi" adlandırılan 1994-cü ildəki ilk anlaşmadan daha böyük divident və perspektiv vəd edir. Belə düşünənlər də var ki, "Azəri”, "Çıraq” və "Günəşli” yataqları artıq 20 ildir istismar edildiyindən orada elə də çox yanacaq qalmayıb. Ancaq xatırladaq ki, "Əsrin müqaviləsi" imzalananda həmin yataqların 511 milyon ton ehtiyatının olduğu bildirilirdi. İndiyədək bu üç yataqdan 436 milyon ton neft çıxarılıb. Ancaq artıq müəyyən edilib ki, həmin yataqlarda daha 500 milyon tona yaxın yanacaq ehtiyatı var. Əslində bu ehtiyatlar daha çox ola bilər. Yəni, indi daha əlverişli şərtlərlə imzalandığından "Azəri”, "Çıraq” və "Günəşli” yataqlarının istismarının ikinci mərhələsindən əldə edəcəyimiz gəlir, birinci mərhələdəkindən təqribən iki dəfə çox gözlənilir”.

Deputatın qənaətincə, Azərbaycanın bir dövlət kimi güclənməsi, ilk növbədə milli maraqlara dayanaraq yeridilən qətiyyətli siyasət yeni neft anlaşmasında da öz müsbət rolunu oynadı: "Bu anlaşma Azərbaycanın qərblə sıx əməkdaşlığının, eyni zamanda balanslaşdırma siyasətinin davam edəcəyini, "Azəri”, "Çıraq” və "Günəşli” yataqlarının ikinci mərhələsinin işlənməsinə 40 milyard dollardan artıq yatırım qoymağı planlaşdıranların burada sabitliyin qorunub saxlanmasında istər-istəməz maraqlı olacaqlarını ortaya qoyur”.

Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları