Yuxarı

Avropanın ən kasıb ölkəsindən də kasıbıq

Avropanın ən kasıb ölkəsindən də kasıbıq

Dünya Bankı Azərbaycanda indiyədək 50-dən artıq layihəyə 3,6 milyard dollar ayırıb. "Hazırda Dünya Bankı tərəfindən dəyəri 1,140 milyard dollar olan 10 aktiv layihə həyata keçirilir. 25 il əvvəl mərhum prezident Heydər Əliyevin rəhbərliyi ilə liberal bazar iqtisadiyyatının seçilməsi Dünya Bankı tərəfindən dəstəklənib".

Bunu sentyabrın 19-da Bakıda Azərbaycanla Dünya Bankı arasında əməkdaşlığın 25 illiyinə həsr olunmuş tədbirdə çıxışı zamanı Mərkəzi Bankın (AMB) sədri Elman Rüstəmov deyib.

Onun sözlərinə görə, 2003-cü ildə prezident İlham Əliyev tərəfindən iqtisadi islahatlar, sıçrayışlı iqtisadi inkişaf strategiyası irəli sürüb: "Məhz bu dövrdən sonra ölkədə radikal dönüş baş verib, milli iqtisadiyyat 3 dəfədən çox böyüyüb, Azərbaycan orta gəlirli dövlətlər sırasına daxil olub. Yoxsulluq 10 dəfə azalıb, 3 milyondan çox insan yoxsulluqdan xilas olub, 1 milyondan çox yeni iş yeri yaradılıb. 25 illik əməkdaşlıq dövründə yenidənqurma və inkişaf baxımından Dünya Bankından texniki, maddi, hərtərəfli dəstək alıb. Bu günə qədər 50-dən artıq layihəyə Dünya Bankı tərəfindən 3,6 milyard dollar vəsait ayrılıb. Hazırda isə Dünya Bankı tərəfindən dəyəri 1,140 milyard dollar olan 10 aktiv layihə həyata keçirilir".

Elmar Rüstəmov əlavə edib ki, ümumilikdə Dünya Bankı Azərbaycanda təhsil və səhiyyə sisteminin yaxşılaşdırılması, nəqliyyat və su kanalizasiya sisteminin təkmilləşdirilməsi, kənd təsərrüfatının, enerji sektorunun inkişafı, mədəni irsin dəstəklənməsi kimi bir sıra sahələrdə həyata keçirilən layihələrə dəstək verir, neft sektoru üzrə iri layihələr hökumətlə birgə həyata keçirilir: "Dünya Bankı Azərbaycan üçün strateji layihələrə, o cümlədən, Cənub Qaz Dəhlizi layihəsinə dəstəyini xüsusi qeyd etmək istəyirəm".

İqtisadçı-ekspert Natiq Cəfərli "Cümhuriyət” qəzetinə bildirib ki, 1990-cı illərdə əhalinin 49.5 faizi yoxsul sayılırdı: "Bunu həm beynəlxalq agentliklərin araşdırması göstərirdi, həm də Azərbaycan hökuməti özü etiraf edirdi. Hazırda Azərbaycanda kağız üzrə yoxsulluq səviyyəsi 50 faizdən 5 faizə qədər azalıb. Amma burada ən böyük problem ondan ibarətdir ki, Azərbaycanda yoxsulluğun hesablanması indikatorları beynəlxalq standartlara cavab vermir. Məsələn, Avropa Birliyinin ən kasıb ölkəsi Bolqarıstandır. Bu ölkədə aylıq gəliri 190 avrodan aşağı olan insanlar kasıb sayılır. Hazırkı Azərbaycanın milli valyutasının məzənnəsilə götürdükdə bu, təqribən 380 manat edir. Azərbaycanda isə minimum aylıq  əməkhaqql 116 manatdır. Bu məbləği avroya çevirsək, təqribən 60 avro civarındadır. Burda hesablama indikatorları fərqlidir. Halbuki Bolqarıstanda ərzaq və geyim qiymətləri Azərbaycandan ucuzdur. Qonşu Türkiyə orta gəlirli ölkələr səviyyəsindədir, hələ də Avropa Birliyinin üzvü deyil.

Orada 4 nəfərlik ailənin aylıq gəliri təqribən 2800-3000 lirədən aşağıdırsa, həmin ailə yoxsullar kateqoriyasına daxil edilir. Bu məbləğ də hazırkı Azərbaycan milli valyutasının məzənnəsilə təqribən 1500 manat civarındadır. Azərbaycanda isə 4 nəfərlik ailənin 1500 manat gəliri olursa, onu orta sinfə aid edirik. Azərbaycanda da beynəlxalq standartlara uyğun indikatorlar qoyulsa və yoxsulluq səviyyəsi hesablansa, təqribən bir nəfərə 200-250 manatdan az götürmək doğru olmaz. Yəni, 4 nəfərlik ailə ən azı 1000 manat qazanmalı idi ki, yoxsul sayılmasınlar. Amma Azərbaycanda 4 nəfərlik ailədə 1000 manat gəlir olduqda az qala kreditə avtomobil götürürlər. Çünki ölkəmizdə yoxsulluq səviyyəsinə müəyyən edən indikatorlar fərqlidir.

Əgər ölkədə beynəlxalq standartlara uyğun indikatorlar müəyyənləşsə, o zaman Azərbaycanda yoxsulluq həddi indiki rəsmi rəqəmlərdən 4-5 dəfə, hətta inkişaf etmiş ölkələrin indikatorunu götürdükdə 10 dəfədən artıq ola bilər. Məsələn, Almaniyada aylıq gəliri 900 avrodan aşağı olan ailə yoxsul hesab olunur. Bu, Azərbaycanın milli valyutası ilə 1800 manatdır. Yaxud da ABŞ-da illik gəliri 20 min dollardan aşağı olanlar kasıb sayılır. Azərbaycanda indiki məzənnə ilə 20 min dollar təqribən 35 min manat edir. İndikatorlar fərqli olduğu üçün Azərbaycanda yoxsulluq səviyyəsi aşağı göstərilir”.

İstehlak səbətinə geyim daxil edilib...

Ekspertin sözlərinə görə, Azərbaycanda yoxsulluq səviyyəsinin hesablanmasında problemlər var: "İstehlak səbətinə geyim daxil edilib. Məsələn, 8 ilə bir palto, 3 ilə bir ayaqqabı və.s. Bu, reallığa uyğun deyil. Mümkün deyil ki, həmin istehlak səbətində bu kriteriyalara vətəndaş əməl edə bilsin. Artıq dünyada minimum istehlak zənbilinə internet, istirahət xərcləri də əlavə edilib. Azərbaycanda yaşayış minimumu doğru hesablanmadığı üçün yoxsulluq həddi də çox aşağı götürülüb. Buna rəqəmlərlə oynamaqla nail olunub. Əslində Azərbaycan kimi ölkələrdə yoxsulluq həddi beynəlxalq standartlara uyğun aparılmalıdır.

Əgər belə olarsa, ölkəmizdə yaşayış minimumu 200-250 manat civarında olmalıdır və bundan aşağı gəliri olan hər kəs yoxsulluq səviyyəsinə daxil edilməlidir. Əgər belə olarsa, aşağı əməkhaqqı və pensiya alan yüz minlərlə insan avtomatik olaraq yoxsulluq həddindən aşağı səviyyəyə düşəcək. Bu isə yoxsulluq həddini 5-6 dəfəyə qədər artıra bilir. Bunu nəzərə alan hökumət rəqəmlərdə dəyişiklik edərək yaşayış minimumunun həddini çox aşağı göstərərək yoxsulluq səviyyəsini 5 faizə saldı. Bu reallıqdan uzaqdır və beynəlxalq standartların tamamilə əksidir”.

İqtisadiyyatın 3 dəfəyə qədər artmasına gəlincə, Natiq Cəfərli deyib ki, bu, doğru yanaşmadı. O qeyd edib ki, 90-cı illərə nisbətən bu gün ölkə iqtisadiyyatında artım var: "1990-cı illərdə Azərbaycan iqtisadiyyatı çox kiçik idi. Bu kiçikliyin nəticəsi olaraq 3 dəfədən çox artım müşahidə olunub. Çox təəssüf ki, televiziyalarda canlı yayımlarda debatlar təşkil olunmur. O zaman hörmətli Elman Rüstəmov və digər hökumət rəsmilərilə bu məsələləri müzakirə etmək olardı.

Həqiqəti üzə çıxarmaq ancaq bundan sonra mümkün ola bilərdi. Bəli, Azərbaycanda iqtisadi artım baş verib və bunun neft pullarının hesabına başa gəlməsi də heç kəsə sirr deyil. İndiki dövrdə normal standartlara uyğun hesablamalar aparılmalıdır. Həm yoxsulluq həddi, həm minimum istehlak səbəti, həm də icmal əməkhaqqı beynəlxalq standartlarda qəbul olunmuş indikatorlarla hesablanmalıdır. Təəssüf ki, indiki hesablamalara görə iki kəskin devalvasiyadan sonra dollar ekvivalentində Azərbaycanda yaşayış minimumu da, orta aylıq əməkhaqqı da, minimum təqaüdlər də qonşu ölkələrdən geri qalır”.

Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları