Yuxarı

İnflyasiya göstəriciləri: Sabaha ümid varmı?

İnflyasiya göstəriciləri: Sabaha ümid varmı?

Böhran dövrü ərzində ölkədə orta illik inflyasiya ikirəqəmli olub.Hal-hazırda isə Azərbaycan Mərkəzi Bankın (AMB) məlumatlarında inflyasiya dərəcəsi 14 faiz göstərilib. Azərbaycan hökumətinin proqnozuna əsasən isə 2017-ci ildə orta illik inflyasiya 13,2 faiz təşkil edəcək. Qeyd edək ki, bu rəqəm 2018-2021-ci illər üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərində əksini tapıb. Hökumətin proqnozlarına görə, 2018-ci ildə orta illik inflyasiya 6,1 faiz olacağı təqdirdə, 2019, 2020 və 2021-ci illərdə bu göstərici müvafiq olaraq 4,3 faiz, 3,1 fazi və 3,1 faiz olacaq. Yəni növbəti illərdə inflyasiya birrəqəmli olacaq.

İqtisadçılar isə hesab edir ki, ölkədə orta illik inflyasiyanın birrəqəmli olması üçün heç bir iqtisadi göstərici yoxdur.Yəni, ölkə hələ də böhran vəziyyətindən çıxmayıb, iqtisadi aktivlik yoxdur.Buna görə də infilyasiya səviyyəsinin aşağı düşmə ehtimalı çox aşağıdır. Digər tərəfdən, ekspertlər mövcud infilyasiya səviyyəsinin 14 deyil, 25 faizə yaxın olduğunu, verilən rəsmi rəqəmlərin həqiqəti əks etdirmədiyini iddia edirlər.

İqtisadçı-ekspert Fuad İbrahimov "Cümhuriyət” qəzetinə şərhində bu proqnozların özünü doğrultmayacağını deyib. Onun sözlərinə görə, ikirəqəmli inflyasiyanın qarşısını almaq mümkün deyil:

"Verilən proqnozu ötən illərin, yən 2015, 2016 və 2017-ci illərlə müqayisə etsək, həmin vaxtlarda da inflyasiya ilə bağlı proqnozlar birrəqəmli olub. Ancaq elə həmin illərdə də proqnozların əksinə olaraq inflyasiya ikirəqəmliyə çıxıb.Bu nöqteyi-nəzərdən gələn ildən birrəqəmli inflyasiyasının olacağına şübhə edirəm.Çünki bunun üçün aparılan işlər ümid verir ki, ikiriəqmli inflyasiyanın qarşısını almaq mümkün olacaq.Gedən bütün prosesləri dəyərləndirsək, şübhəsiz ki, bu proqnozlar növbəti illərdə özünü doğrultmayacaq”.

Ekspert hesab edir ki, bu cür proqnozlarla vəziyyəti qiymətləndirmək çıxış yolu deyil:

"Dünyanın bütün ölkələrində bu proses gedir. Ayrı-ayrı qüvvələrə xoş gəlmək üçün bu cür cəfəng fikirlər deyilir.Bu təkcə iqtisadiyyata bağlı deyil.Digər sahələrdə də bu cür proqnozlar verilir.Bu gün biz öz gələcəyimizdən danışırıq.Başa düşmürəm ki, biz niyə öz gələcəyimizi aldatmalıyıq?Vəziyyəti olduğu kimi qiymətləndirmək lazımdır.Hər bir çətin iqtisadi durumdan çıxmaq üçün ilk növbədə düzgün dəyərləndirmələr aparılmalıdır.Bu iqtisadi nəzəriyyədə də göstərilir.Vəziyyət düzgün qiymətləndirildiyi zaman çətinlikdən çıxmaq mümkün olur.Bunun başqa yolu yoxdur.Xəstəyə düzgün diaqnoz qoyulmasa, müalicə oluna bilməz.Digər sahələrdə də bu amil xüsusi rol oynayır.Hesab edirəm ki, deyilən sözlərə görə məsuliyyət olmalıdır.Bununla bağlı qanunvericilkdə dəyişiklik edilsə və hər kəs öz dediyi sözə görə məsuliyyət daşısa, hesab edirəm ki, bu cür proqnozlar verilməz”.

Vilayət Muxtar







Həftənin ən çox oxunanları