Yuxarı

Neft pulları azalır, layihələr dayanır...

Neft pulları azalır, layihələr dayanır...

Neft gəlirlərinin çox olduğu vaxtlarda ölkədə bir sıra əhəmiyyətsiz infrastruktur layihələrə vəsaitlər xərcləndi.Bu layihələrin müxtəlif istehsal və xidmət sahələrini əhatə etdiyi deyilsə də, ölkənin sosial-iqtisadi inkişafında heç bir rolu görünmədi.Bəzi layihələrin tikintisi başa çatsa da, yeni, müasir standartlara cavab verən infrastruktur sahələrdə hər hansı inkişafa nail olmaq mümkün olmadı.


Ötən gün gənclər və idman naziri Azad Rəhimov ölkədə bəzi Olimpiya komplekslərinin inşasının maliyyə problemləri üzündən dondurulması barədə açıqlama verdi. Onun sözlərinə görə, söhbət layihə-smeta işləri aparılan, bünövrəsi qoyulan komplekslərdən gedir:

"Hazırda belə idman qurğularının inşasının tam şəkildə maliyyələşdirilməsi və açılışa hazırlanması bir qədər çətindir. 2018-ci ildə maliyyə vəziyyəti dəyişsə və daha çox imkanlar olsa, tikintiyə başlaya bilərik”.

Azad Rəhimov tikilməkdə olan komplekslərin istifadəyə veriləcəyini də  vurğulayıb:

"Bu il Ağcabədi və Abşeronda iki kompleks açılışa hazırdır. Gələn il Lənkəran və Yardımlıda açılış nəzərdə tutulub. Yəni, komplekslər hissə-hissə açılır”.

İqtisadçı-ekspert Akif Nəsirli "Cümhuriyət” qəzetinə bildirib ki, əvvəlki illərlə müqayisədə körpü, keçid, yol-tikinti layihələri ciddi şəkildə azalıb:

"Ümumiyyətlə, dövlət sifarişi ilə görülən işlərin böyük əksəriyyəti ixtisara salınıb. Dövlət investisiya yatırımları dövlət büdcəsinin tərkibində xüsusi çəkisi olan maddədir.Birdən-birə büdcənin ixtisar etməsi, həmin maddənin də kiçilməsinə səbəb oldu.Əvvəllər regionlarda müəyyən komplekslər tikilirdi. Ötən il 54 rayonda kənd təsərrüfatı idarələrinin tikintisi başa çatdı. Bundan əvvəl bir çox rayonlarda soyuducu anbarlar kompleksi tikildi.Həmçinin regionlarda Olimpiya komplekslərinin tikintisini də qeyd etmək yerinə düşərdi.Ölkədə birbaşa neft gəlirlərindən əldə olunan vəsaitləri bu cür layihələrə xərcləmək doğru yanaşma deyil.Hesab edirəm ki, neft bumu yaşandığı dövrdə bu sahədən gələn gəlirlər elə sahələrə xərclənməli idi ki, bu gün iqtisadi divident gətirə bilsin.Bəzi layihələr var ki, onlar doğurdan da sosial dividentlər gətirir”.

Ekspertin fikrincə, ölkə iqtisadiyyatının dinamik inkişafında və uğurlar qazanılmasında investisiya yatırımları müstəsna əhəmiyyətə malikdir:

"Hansı layihə vacibdirsə, onu həyata keçirmək lazımdır. Tutaq ki, paytaxtda tıxacın aradan qaldırılması üçün ən vacib yol qovşaqlarını tikmək olar.Bu gün elə ərazilərdə yol qovşaqları tikilib ki, orada 5-10 dəqiqədən bir avtomobil keçir.Ümumiyyətlə, hərəkətə heç bir təsiri yoxdur.Hazırda maliyyə çatışmazlığı səbəbindən tikintisi yarımçıq qalan əhəmiyyətsiz layihələr neft gəlirlərinin yüksək olduğu vaxt geniş vüsət almışdı.Bütün dünyada dövlət investisiya yatırımları həmişə korrupsiyaya "yem” olması üçün bir üsul sayılırdı.Dünyanın inkişaf etmiş ölkələri həmişə bu cür layihələrdən yayınır.

Bu, tək Azərbaycanda yox, dünya praktikasında da belədir.İstənilən ölkədə dövlət investisiya yatırımlarının korrupsiyaya uğramaq ehtimalı böyükdür.Dövlət büdcəsinin gəlir hissəsinin azalması, neft gəlirlərinin azalması ilə bağlıdır.Buna görə də hökumət məcbur olub həmin layihələri dayandırır, o cümlədən də Olimpiya komplekslərinin tikintisini.Hazırda bir çox layihələr var ki, vəsait çatışmazlığı səbəbindən dayandırılıb”.

Yeganə Oqtayqızı







Həftənin ən çox oxunanları