Yuxarı

"Qızıl neft" dövrü qayıdır?

Neftin qiyməti psixoloji həddi aşıb. Belə ki, Dünya bazarlarında Brent markalı neftin qiyməti bahalaşaraq 60 dollara yaxınlaşmaqla 2015-ci ilin iyul ayındakı qiymətə qayıdıb. Buna əsas səbəb kimi Saudiyyə vəlihədinin OPEC ilə bağlı hasilatın azalma müqaviləsinin uzadılmasına dair açıqlamaları olub. Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barrelə görə 0,01 dollar və ya 0,02% artaraq 52,65 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barrelinin dəyəri isə 0,10 dollar və ya 0,17% artaraq 59,40 dollar olub. Bir sözlə, nefti Səudiyyə Ərəbistanının energetika naziri Xalid Əl-Falihin açıqlaması bahalaşdırıb. Nazir bəyan edib ki, Səudiyyə Ərəbistanı bundan sonra da neft bazarının balanslaşdırılmasına dair müvafiq addımlar atacaq.

Azərbaycan hökumətinin proqnozuna əsasən 2017-ci ildə dünya bazarında neftin 1 barrelinin orta qiyməti 50 dollar təşkil edəcək. Bu, 2018-2021-ci illər üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərində əksini tapıb. Hökumətin proqnozlarına görə, 2018-ci ildə "qara qızıl"ın orta qiyməti 45 dollar olduğu halda, 2019, 2020 və 2021-ci illərdə isə bu rəqəm 40 dollar olacaq.  İqtisadçılar hesab edir ki, Azərbaycanın neftdən asılılığımı bitmir. Bu məsələ gələn il də əhəmiyyətini qoruyub saxlayacaq. Bunun üçün 2018-ci il dövlət büdcəsinə Neft Fondundan (ARDNF) daxilolmaların həcminə diqqət yetirmək kifayətdir. Belə ki, növbəti il ARDNF-dən büdcəyə 9,216 milyard manat transfert nəzərdə tutulub ki, 2017-ci il ərzində bu rəqəm 7,5 milyard manat və ya 1,716 milyard manat az təşkil edirdi. Halbuki, Neft Fondundan büdcəyə transfertin getdikcə azaldılacağı nəzərdə tutulurdu. 
Bildirilir ki, neftin dünya bazar qiyməti növbəti illər ərzində məhz siyasi proseslərin təsirindən asılıdır.  Belə olan halda neftin qiymətinin psixoloji həddə çatması uzun müddət üçün hesablanmış deyil. 

Maraqlıdır, neftin dünya bazarındakı hazırkı qiyməti davamlı qala biləmi?

"Neft Araşdırmaları” Mərkəzinin rəhbəri İlham Şaban "Cümhuriyət” qəzetinə bildirib ki, neftin qiymətinin psixoloji deyil, sıçrayışla artmasında önəmli məqam Səudiyyə taxt-tacının varisi Məhəmməd bin Salmanın açıqlamasıdır: "Onun açıqlaması ondan ibarətdir ki, 2018-ci il mart ayından sonra OPEK  və OPEK-ə daxil olmayan neft ixracatçıları olan ölkələrin öz hasilatlarını əvvəlki səviyyədə saxlamaları gündəmdə qalacaq. Bununla bağlı razılıq əldə olunub və bu davamlı proses olacaq. Təbii ki, bazar iştirakçıları üçün hesab edirəm ki, bu ilk pozitiv siqnal idi. Çünki indiyədək qeyd olunurdu ki, 2018-ci ilin birinci rübünün sonunadək bu proses davam edəcək və Məhəmməd bin Salman açıqladı ki, bu proses daha da uzadılacaq.

Ona görə də birdən-birə bir günün içərisində artım oldu. Bu proses bir də ona təkan verdi ki, çərşənbə günü axşam Amerika Enerji Administarsiyası  özünün həftəlik hesabatını açıqlamışdı. O açıqlamada Amerikadakı ehtiyatların 5,5 milyon barel azalması öz əksini tapmışdı. Bax, bu da bazara əlavə stimul verir. İndi isə biz ilin axırında görürük ki, bazarda neftin qiymətlərində korrektələr gedir və neft yenidən 59 səviyyədən aşağı gəldi”. 

Alçina Amilqızı







Həftənin ən çox oxunanları