Yuxarı

Bankların dövlət sirri kimi qoruduğu ipoteka

Bankların dövlət sirri kimi qoruduğu ipoteka

"Azərbaycan İpoteka Fondu” ASC-nin Müşahidə Şurasının qərarı ilə dövlət xətti ilə verilən kommersiya xarakterli ipoteka kreditlərinin maksimal məbləği artırılıb. Qərara əsasən, sözügedən məbləğ 100 min manatdan 150 min manata çatdırılıb. Sosial ipoteka kreditlərinin maksimal məbləği isə 100 min manat olaraq qalıb. Xatırladaq ki, hazırda kommersiya xarakterli ipoteka kreditləri illik 8 faizlə, sosial ipoteka kreditləri isə illik 4 faizlə verilir.

Yaşayış minimumu - Borcalanın (birgə borcalanın) və onun ailəsinin həyatı və fəaliyyəti ilə əlaqədar müntəzəm ödənişlərin hesablanması zamanı hər bir ailə üzvünün saxlanılması üçün xərc ölkə üzrə müəyyən olunmuş yaşayış minimumundan az götürülə bilməz. 2017-ci il üçün yaşayış minimumu ölkə üzrə 155 manat müəyyən edilib.

İlkin ödəniş - Borcalanın yaşayış sahəsinin alınmasına yönəldilən şəxsi vəsaitidir. İlkin ödəniş məbləği ümumi şərtlərlə verilən ipoteka kreditləri üzrə 15-25 faizdən, güzəştli ipoteka kreditləri üzrə isə 15 faizdən az olmamalıdır. Azərbaycanda ümumilikdə 24 bank ipoteka krediti verir. "Yapi Kredi Bank" QSC, "Xalq" Bankı ASC, "UniBank" KB ASC, "Turanbank" ASC, "Rabitəbank" ASC, "Kapital Bank" ASC, "Express Bank" ASC, "Caspian Development Bank" ASC, Bank "BTB" ASC, "Nikoyl" ASC, "NBCBank" ASC, "GünayBank" ASC, "Bank Silk Vey" ASC, "Bank Respublika" ASC, "Azər-Türk Bank" ASC, "AFB Bank" ASC, "Bank VTB (Azərbaycan)", "Bank Avrasiya" ASC, "Muğanbank" ASC, "Dəmirbank" ASC, "Bank of Baku" ASC, "AtaBank" ASC, "PAŞA Bank" ASC və "AGBank" ASC. "Cümhuriyət” qəzeti həmin banklar arasında 2017-ci ilin 9 ayında nə qədər ipoteka krediti verməsilə bağlı sorğu keçirib.

Sorğunu təqdim edirik:

"Paşa Bank”ın mətbuat xidmətinin rəhbəri Əmir Məmmədov bildirib ki, bank sentyabr ayına qədərə 86 ipoteka krediti verib: "Ümumi məbləğ 5 milyon 803 min 284 manatdır. İpoteka şərtləri bütün banklarda eynidir”.

"Ata Bank” ASC-nin Kommunikasiyalar və PR şöbəsinin rəisi Oruc İbrahimov bildirib ki, bank 2017-ci il ərzində 35 ipoteka krediti verib: "İpoteka kreditlərinin ümumi həcmi isə 1 milyon 974 min 300 manatdır”.

"Dəmir Bank”ın Marketinq Departamentin mütəxəssisi Səbinə Əhmədova bildirib ki, bank 2017-ci il ərzində 4 ipoteka krediti verib: "İpoteka kreditlərinin ümumi həcmi isə 200 min manat olub”.

"Bank Respublika” isə məsələ ilə bağlı rəsmi sorğu göndərməyi məsləhət görsə də, cavab verməkdən yayındı. Bank rəsmisinin sözlərinə görə bankın il ərzində nə qədər ipoteka krediti verməsi barədə məlumat korporativ sirr sayılır: "Bəzi banklar bu məlumatı açıqlasa da, bəziləri bölüşmür”.

"Xalq Bank”dan verilən məlumata görə bu ilin 9 ayı ərzində 199 ipoteka krediti verilib: "İpoteka kreditlərinin ümumi həcmi 10 milyon 397 min 400 manatdır. Bu, Azərbaycan İpoteka Fondunun ayırdığı maliyyə əsasında verilmiş kreditdir”.

"Unibank”dan verilən məlumata görə ilin əvvəlindən oktyabrın 1-nə qədər 73 nəfərə ipoteka krediti verilib: "İpoteka kreditlərinin ümumi həcmi 4 milyon 670 min 200 manatdır. Bankın daxili ipotekası yoxdur”.

"Yapı Kredi Bank Azərbaycan” QSC-dən verilən məlumata görə bank ümumi verilən kreditlərin həcmini açıqlayır. Amma hansı növ təyinatlı kreditlər bankın daxili siyasətinə görə elan olunmur: "Mərkəzi Bankın məlumatların açıqlanması qaydasında ictimaiyyətə nələr açıqlanması barədə konkret müddəaları var. Amma ipoteka kreditlərinin sayı və həcmi ilə bağlı elə bir bənd olmadığı üçün biz də açıqlama vermirik”.

Qeyd edək ki, adıçəkilən digər banklar isə sorğuda iştirak etməkdən yayınıb. Yayınan bir qrup bankın açıqlamasına görə sorğu kommersiya sirri hesab olunur. Digər qrup banklar isə heç bir əsas gətirmədən sorğuda iştirak etməkdən çəkinib. 

Yeganə Oqtayqızı






Həftənin ən çox oxunanları