Yuxarı

Şəxsi əmlak hansı halda müsadirə edilə bilər?

Şəxsi əmlak hansı halda müsadirə edilə bilər?

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) generalı Akif Çovdarov haqqında məhkəmə hökmü verildi.

Yayılan məlumatlara görə, Akif Çovdarov və nazir müavini Hilal Məmmədova aid olan "Vosmoy bazarı” kimi tanınan "8-ci km bazarı” dövlət xeyrinə müsadirə edilib.  "Dövlət xeyrinə müsadirə” ifadəsinə  gömrük lə bağlı cinayətlərdə daha tez-tez rast gəlinir. 

Bu, Nazirlər Kabinetinin "Gömrük işi sahəsində cinayət işləri və digər hüquqpozmalar üzrə məhkəmənin qüvvəyə minmiş qərarına əsasən müsadirə edilmiş, habelə şəxsin dövlətin xeyrinə imtina etdiyi malların və nəqliyyat vasitələrinin dövlət mülkiyyətinə keçirilməsi” Qaydaları ilə tənzimlənir. Bu qaydalar müsadirə edilmiş, şəxsin dövlətin xeyrinə imtina etdiyi xarici və son istifadə xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallara və nəqliyyat vasitələrinə şamil edilir. 

Maraqlıdır, özəl mülkiyyət hansı hallarda dövlət xeyrinə müsadirə olunur?

Hüquqşunas Əsabəli Mustafayev Cebhe.info-ya açıqlamasında deyib ki, təqsirləndirilən şəxslə bağlı elan olunmuş ittihamın maddəsində müsadirə nəzərdə tutulubsa, bu zaman həmin şəxsə məxsus əmlak alına bilər:

"Məsələ ondadır ki, bir çox hallarda birgə mülkiyyət olur. Məsələn, hansısa məmur adına mülkiyyət alırsa, bu, nikahda olduğu həyat yoldaşı və ailə üzvləri ilə birgə mülkiyyət sayılır. Əgər birgə əmlak müsadirəyə yönəldilirsə, bu, ancaq təqsirləndirilən şəxsə aid olan hissəyə şamil olunur. Ancaq həmin əmlakın cinayət yolu ilə əldə olunduğu sübut edilsə vəziyyət dəyişir. Məsələn, məhkəmə təsdiq edir ki, əmlak təzyiq göstərməklə, hədə-qorxu gəlməklə MTN işçisinin adına keçirilib. Bu halda isə həmin əmlak bütövlükdə müsadirə olunur və sonra da satışa çıxarılır. Konkret desək, ittiham maddəsində nəzərdə tutulursa, məhkəminin qərarı ilə əmlak masadirə oluna bilər”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları