Yuxarı

İş adamları pullu yollar çəkəcək

İş adamları pullu yollar çəkəcək

Azərbaycanda avtomagistralların ödənişli olması nəzərdə tutulur. Bununla bağlı Milli Məclis  "Avtomobil yolları haqqında” qanuna dəyişiklik etməyə hazırlaşır. Dəyişiklik, ödənişli yolların əhatə dairəsini dəqiqləşdirir. Dəyişikliyə əsasən, ödənişli avtomobil yolları müvafiq icra hakimiyyəti orqanının təyin etdiyi avtomagistrallarda yaradılacaq. Bundan əlavə ödənişli magistral yolları həm də ümumi istifadədə olan bələdiyyə və özəl avtomobil yollarında yaradıla bilər.

Ödənişli avtomobil yollarının yaradılması ilə bağlı digər hüquqi və təşkilati məsələlər (avtomagistraldan ödənişli yol kimi istifadə qaydası, hər bir nəqliyyat vasitəsinin gedişi üçün ödənişin məbləği, avtomagistraldan ödənişli yol kimi istifadə edilməsi barədə məlumatın forması, bu istifadənin dayandırılması və xitam verilməsi qaydası və halları) qanun qüvvəyə mindikdən sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq ediləcək. Ekspertlərin fikrincə, ödənişli avtomagistralların yaradılmasında məqsəd yollarda olan zəruri məsələləri tənzimləməkdir. Bir sözlə ödənişli yollardan gələn gəlir əsasən yolların saxlanması üçün sərf olunacaq. 

Maraqlıdır, alternativi olmayan avtomagistralları necə pullu etmək olar?

Yol-nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov "Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, qanunda nəzərdə tutulan müddəalar o demək deyil ki, dərhal avtomagistrallar ödənişli olacaq: "Avtomagistralların ödənişli olması haqda əslində orada heç nə yoxdur. Sadəcə, qanunvericliyi nizamlayırlar. Həmin qanunun özündə yazılıb ki, əgər alternativ yol yoxdursa, bunu ödənişli etmək mümkün deyil. Şəxsən mən o layihə ilə tanış deyiləm.  Amma gələn məlumatlardan belə çıxır ki, söhbət qanunvericlikdə bəzi müddəaların dəyişdirilməsindən gedir. Onu dövlət orqanları müəyyənləşdirməlidfir ki, hansı tipli yollar ödənişli ola bilər. Hansı yolların ödənişli ola bilməsi o demək deyil ki, dərhal o yollar ödənişli olacaq. Bu yolların alternativi və digər məsələləri olmalıdır. Bu qanunun icrası Azərbaycanda mümkündür. Sabah hansısa imkanlı şəxs investisiya qoyub Bakıdan Şamaxıya qısa bir yol çəkə və bunu ödənişli edə bilər. Bu məsələlər mümkündür”.

Ekspertin sözlərinə görə, dünyanın hər yerində yol təsərrüfatı dövlət və yerli bələdiyyə büdcəsinə kifayət qədər baha başa gələn işdir: "Yola sərf olunan pulu geri almaq söhbəti yoxdur. Yol elə bir təsərrüfat fəaliyyəti deyil ki, adi bir ayaqqabı fabriki ki, istehsal edib satasan. Yol istifadəyə verilir. Onun istifadəçiləri öz ehtiyaclarını ödəyərək orada rahat başqa işlərlə məşğul olurlar. Dövlət məhz yolun tikintisinə qoyduğu pulu onun özündən götürə bilmir. Bu mümkün deyil. Yolların ikinci bir xüsusiyyəti də ondan ibarətdir ki, ora sərf olunan pulu geri götürmək mümkün olmadığına görə vaxtaşırı yolu təmir etmək, sıradan çıxan yerləri yenidən bərpa etmək, hətta nişanları dəyişmək lazımdır. Bunların hamısı pul tələb edir. Bu mənada ödənişli yolların yaradılmasında məqsəd odur ki, heç olmasa oradan gələn  xırda məbləğlər cari təmir işlərinə, çökən asfaltın bərpa edilməsinə və digər işlərə sərf edilsin. Bir sözlə, yolun tikilməsinə deyil, saxlanılmasına sərf edilsin. Dünyada da belə bir təcrübə var. Yəni xırda təmir işləri ödənişli yolların hesabına başa gəlir”.

Alçina Amilqızı






Həftənin ən çox oxunanları